RU

Bakı görüşü TDT ölkələri arasında iqtisadi əməkdaşlıqda yeni səhifə açır - ŞƏRH

Bakı, 4 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) Türk dünyasının birlik və həmrəyliyinin simvoludur. Azərbaycan TDT-nin döyünən ürəyi, vuran nəbzidir. Ölkəmiz TDT coğrafiyasının mərkəzində yerləşməklə Türk dünyası arasında körpü yaradıb. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” müdrik kəlamı bu gün təşkilata üzv ölkələr arasında birlik və həmrəylik çağırışına, şüarına çevrilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib. O bildirib ki, Azərbaycan təşkilatı gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi istiqamətində təşəbbüslərlə çıxış edir. Dövlətimizin başçısının çağırışlarının kökündə böyük məntiq dayanır. Çünki dünyada oxşar tarix, mədəniyyət və eyni etnik köklər üzərində qurulan təşkilatlar yox dərəcəsindədir. Bu, bizim üstünlüyümüzdür. TDT-yə üzv ölkələr bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edir və bir-birini dəstəkləyirlər. Bu təşkilata daxil olan ölkələr arasında fikir ayrılıqları demək olar ki, olmayıb. Bu da təşkilatın gücünü daha da artırır.

Müsahibimiz qeyd edib ki, TDT-yə üzv ölkələr yaxşı və çətin günlərdə bir-birinin yanındadır. Bunu yaşadığımız son illərin qısa tarixi bir daha sübut etdi. Belə ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinə öz qardaşlıq töhfəsini verdi. Türkiyə isə torpaqlarımızın işğaldan azad olunduğu ilk gündən bu ərazilərin yenidən qurulması və bərpası prosesində yanımızdadır. Artıq qardaş ölkələrlə birlikdə işğaldan azad olunmuş ərazilərdə birgə müəssisələrin yaradılması prosesi davam etdirilir. Xankəndidə tikiş fabriki və Zəngilanda "Dost Aqropark"ı buna misaldır. Bundan sonra da belə nümunələrin sayı artacaq.

"Azərbaycan da eynilə çətin günlərdə qardaş ölkələrin yanında yer alıb. Belə ki, Türkiyədə əsrin faciəsi hesab olunan zəlzələ baş verəndə Azərbaycan qardaş ölkənin yanında olan ilk ölkə oldu. O cümlədən zəlzələnin nəticələrinin aradan qaldırılması işində Azərbaycan Türkiyə ilə çiyin-çiyinə dayandı və Kahramanmaraşda 100 milyon dollar vəsait ayıraraq 1000 evdən ibarət yeni bir yaşayış məhəlləsi inşa etdi. Bəli, bu gün dünya nizamında baş verən proseslər fonunda TDT ölkələri arasında dostluq, birlik və əməkdaşlığın genişləndirilməsi daha da vacibdir. Bu, təşkilatımızın beynəlxalq səviyyədə mövqelərini möhkəmləndirir və sözümüzün gücünü artırır", - deyə A.Badamov vurğulayıb.

Deputatın sözlərinə görə, türk dövlətləri arasında mütəmadi toplantılarının keçirilməsi təşkilat daxilində siyasi, ticari, iqtisadi, mədəni, humanitar və hərbi əməkdaşlığın dərinləşdirilməsini sürətləndirir. Çünki hər bir Zirvə Toplantısı əməkdaşlığın inkişafı üçün yeni hədəflər və vəzifələr müəyyənləşdirir: “Bu baxımdan aprelin 2-də Bakıda baş tutan TDT-nin hökumət başçılarının/Vitse-prezidentinin Zirvə Toplantısı da çox əhəmiyyətlidir. Görüşün gündəliyi əsasən iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsinə fokuslanmışdı. Təbii ki, ölkələrimiz arasında qarşılıqlı investisiyaların artırılması və təşkilat daxilində əməkdaşlığın genişləndirilməsi imkanları genişdir. Belə ki, TDT-yə üzv ölkələrin coğrafiyası Asiyadan Avropaya qədər uzanmaqla 5 milyon kvadratkilometr ərazini əhatə edir, əhalisi 180 milyon nəfər, iqtisadiyyatlarının ümumi həcmi isə 2 trilyon dollardır. Üzv ölkələrin xarici ticarət dövriyyəsi 1,3 trilyon dollar olduğu halda, təşkilatdaxili ticarət dövriyyəsi cəmi 45 milyard dollardır. Bu da ümumi ticarətdə payın təxminən 5 faiz olduğunu göstərir. Bu baxımdan ölkələr arasında ticarət dövriyyəsinin mövcud potensialla uzlaşmadığını deyə bilərik. Lakin yaxın perspektivdə bu rəqəmi 100 milyard dollara çatdırmaq mümkündür.

TDT-yə üzv ölkələrin qarşılıqlı investisiyalarının həcmi 30 milyard dollara yaxındır. Bu məbləğin içərisində Azərbaycanın TDT ölkələrinə qoyduğu investisiyanın həcmi 20 milyard dollardan çoxdur. Bu rəqəmlər yalnız təşkilata daxil olan 5 ölkəyə aiddir. Müşahidəçi statusuna malik ölkələri də nəzərə alsaq, göstəricilər daha da artacaq. Ona görə də üzv ölkələr arasında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi ən vacib məsələlərdən biridir”.

O əlavə edib ki, TDT-yə daxil olan ölkələr həm də zəngin təbii resurslara malikdir. Bu gün dünyada davam edən münaqişələrin əksəriyyəti məhz bu resurslar uğrunda gedir. Bu baxımdan əməkdaşlığımızı gücləndirməklə resurslarımızdan təhlükəsiz və səmərəli istifadə edə, beynəlxalq bazarlarda mövqelərimizi möhkəmləndirə bilərik.

Onun sözlərinə görə, hazırda dünyada ən aktual məsələlərdən biri də təhlükəsiz nəqliyyat dəhlizləridir. Azərbaycan ərazisindən keçən Orta Dəhliz Mərkəzi Asiya ölkələri ilə Türkiyəni birləşdirməklə yanaşı, Asiyadan Avropaya qədər geniş bir coğrafiyanı əhatə edir. Azərbaycan bu dəhlizi nəqliyyat, enerji və rəqəmsal layihələrlə genişləndirir. Belə ki, bu beynəlxalq logistika marşrutunun yeni seqmenti olacaq Zəngəzur dəhlizi ilkin mərhələdə əlavə 15 milyon ton yükün daşınmasına imkan yaradacaq. Bu dəhlizin tikintisinin başa çatdırılması istiqamətində Azərbaycanda avtomobil yolunun 90 faizi, dəmir yolunun isə 70 faizi artıq tamamlanmaq üzrədir. Türkiyə də Qars–Naxçıvan dəmir yolunun tikintisini sürətlə davam etdirir. Gələcəkdə bu istiqamətdə enerji və rəqəmsal dəhlizlərin də yaradılması qaçılmaz olacaq. Beləliklə, Orta dəhlizin genişlənməsi regionda əməkdaşlığı dərinləşdirməklə yanaşı, təhlükəsizliyin möhkəmlənməsinə də töhfə verəcək.

“Bakıda keçirilən TDT-yə üzv dövlətlərin hökumət rəhbərlərinin görüşü ölkələrimiz arasında iqtisadi imkanların dərinləşdirilməsi baxımından yeni bir səhifə açacaq”, - deyə o fikrini yekunlaşdırıb.

Избранный
56
azertag.az

1Источники