Son günlər yağan güclü və normadan artıq yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron rayonunda işlər davam etdirilir.
Pravda.az xəbər verir ki, görülən işlər Abşeron Rayon İcra Hakimiyyəti, yerli bələdiyyələr, FHN-nin və ADSEA-nın texnika və işçi qüvvələri cəlb edilməklə yaranmış problemin miqyası və prioriteliliyi əsasında mərhələli şəkildə davam etdirilir. Qəsəbələrarası və məhəllədaxili yollar su kütləsindən təmizlənmiş, nasosxanaların fəaliyyəti bərpa edilmiş və gücləndirilmişdir. Hal-hazırda qəsəbədaxili çökək ərazidə yerləşən küçələrdə və ayrı-ayrı ünvanlarda fərdi yaşayış evlərinin həyətlərindən suyun kənarlaşdırılması, göllərin suyunun səviyyəsinin tənzimlənməsi və bənd vurulması, prospekt və küçələrdə təmizlik işlərinin görülməsi həyata keçirilir. Bundan əlavə dövlət balansında olan binalarda vəziyyətin kritik həddə çatmaması üçün tədbirlər görülmüş, zirzəmilərə yığılmış suyun kənarlaşdırılması işləri davam etdirilir. Müaraciətləri əsasında fərdi sahibkarlar tərəfindən inşa edilmiş və idarəçiliyi özəl şirkətlərdə olan çoxmənzilli yaşayış binalarına da dəstək verilimiş, əlavə nasoslar cəlb edilmişdir.
Əlavə olaraq bildiririk ki, mətbuatda işıqlandırılmış Xırdalan şəhəri, Mehdi Hüseynzadə 26 ünvanda qeyd edilən çoxmənzilli yaşayış binaları AAAF İnşaat MMC tərəfindən inşa edilmiş və MMC-nin öz idarəçiliyində olan binalardır. Sakinlərin müraciəti əsasında RİH və ADSEA-nin yerli qurumu tərəfindən binalara və zirzəmilərinə baxış keçirilmişdir. Baxış zamanı aydın olmuşdur ki, zirzəmidə yığılan suyun mənbəyi həm yağan intensiv yağış suyu, həm də binaların mərkəzi kanalizasiya xətlərinin nasaz olması və bunanın dam hissəsindən yağış suyunu kənarlaşdıran boruların zirzəmilərə yönləndirilməsidir. Belə ki, zirzəmidə binanın mərkəzi kanalizasiya xətlərində çoxlu sayda axıntı aşkar edilmişdir. Bununla yanaşı zirzəmilərdə və zirzəmi girişlərində sakinlər tərəfindən atılmış xeyli məişət tullantıları müşahidə olunmuşdur. MMC rəhbərliyi əraziyə dəvət edilmiş, aşkar olunmuş nöqsanlar bildirilmiş, nasazlıqların aradan qaldırılması, ərazinin və zirzəmilərin təmiz saxlanması ilə bağlı sakinlərlə profilaktik söhbət aparılması və təmizliyə ciddi nəzarət edilməsi, MMC tərəfindən sanitar-gigiyenik qaydalara riayət olunması barədə xəbərdarlıq edilmiş, əks təqdirdə inzibati tənbeh tətbiq ediləcəyi bildirilmişdir.
Bununla yanaşı zirzəmilərdə yığılmış suyun kənarlaşdırılmasının sürətləndirilməsi məqsədilə RİH və ADSEA-nin yerli qurumu tərəfindən qeyd edilən ünvana əlavə pompa və nasoslar cəlb edilmiş, xətlərin yuyulması işləri həyata keçirilmişdir. Həmçinin Abşeron Abadlıq və Kommunal Xidmətlər İdarəsinin texnika və işçi qüvvəsi cəlb edilmiş, ərazi və zirzəmilərin təmizlənilməsi istiqamətində işlər aparılır.