“Komo”nun baş məşqçisi, ispaniyalı futbol mütəxəssisi Sesk Fabreqas A Seriyasında mart ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.
“Komo” mart ayında keçirdiyi 4 oyunun hamısından qalib ayrılıb. Belə ki, Fabreqasın komandası “Leççe”ni (3:1), “Kalyari”ni (2:1), “Roma”nı (2:1) və “Piza”nı (5:0) məğlub edib.
Fabreqas karyerasında 3-cü dəfə bu mükafata layiq görülüb. O, ötən mövsüm – 2025-ci ilin aprel və may aylarında da oxşar uğura imza atmışdı.
A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda “Milan”ı çalışdıran Massimiliano Alleqri, oktyabrda “Roma”ya rəhbərlik edən Can Pyero Qasperini, dekabrda və bu ilin yanvarında “İnter”i çalışdıran Kristian Kivu, fevralda isə Raffaele Palladino (“Atalanta”) fərqlənmişdi.
Xatırladaq ki, Sesk Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. O, əslində 2023-cü ildən “Komo”nu çalışdırırdı. Sadəcə, ispan mütəxəssisin gərəkli məşqçilik lisenziyası yox idi. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Sesk Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib.
Rəsmi fəaliyyəti dövründə Sesk Fabreqas “Komo”nu 74 oyuna çıxarıb, 33 qələbə, 20 heç-heçə, 21 məğlubiyyət yaşayıb.
İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün 30 turundan sonra “Komo” 57 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
