“Turan Tovuz”a məğlubiyyətdən sonra (0:1) “Qəbələ” və “İmişli” üzərində müvafiq olaraq qazanılan 3:1 və 6:0 hesablı nəticələr “Neftçi”nin avrokubok şansını yaxşılaşdırıb.
İlk iki pillə çoxdan əldən gedib. Bundan sonra möcüzəyə inanmağın özü belə, ağılsızlıq olar.
Ümid qalır sonrakı pillələrə ki, “ağ-qaralar”ı 3-cü yerdəki “Turan Tovuz”dan 11, 4-cü yerdəki “Zirə”dən 5 xal ayırır.
“Neftçi”nin ehtiyatda “Qarabağ”la oyununun olduğunu nəzərə alsaq, qarşıdakı 9 turda “Zirə” ilə fərqi “əritmək” real görünür.
Paytaxt təmsilçisinin əsas heyət üzvlərindən olan Elvin Bədəlov Sportinfo.az-a açıqlamasında şanslardan söz açıb:
“Bu dəqiqə 3-cü yox, 4-cü yeri fikirləşirəm. Çünki real görünən budur.
Hansısa qeyri-adilik baş verməsə, 4-cü yeri tutan komandada da Konfrans Liqasına vəsiqə qazanacaq.
Dördüncü yerə qalxaq, sonra 3-cü pilləni düşünərik. Qarşıda 9 oyunumuz var.
Sona qədər mübarizə aparacağıq. Nə olacağını yekunda görəcəyik.
Qələbə seriyasını yaxalaya bilsək, çox şey dəyişəcək. İnşallah, “İmişli”ni udub fasiləyə getməyimiz yerinə düşdü”.
“Neftçi” Premyer Liqanın 26-cı turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaq.
Aprelin 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq.
HƏBİB