RU

Kişi ondan boşanmaq istəyən arvadını çalışdığı marketdə döydü

Saatlı Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zabit Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilib.

 

İttihama görə, Zabit Bəşirov boşanma ərəfəsində olduğu həyat yoldaşı, zərərçəkmiş Raya Bəşirovanın (adı, soyadı şərtidir) işlədiyini güman etdiyi Saatlı şəhərində yerləşən marketlərin birinə 18 fevral 2026-cı il tarixdə saat 13:30 radələrində gəlib. O, marketə daxil olaraq qadını görüb onun yanına yaxınlaşıb və boşanmaq istəmədiyini, həmçinin həmin obyektdə onun xəbəri olmadan işləməsini bəhanə edərək mübahisə yaradıb.

 

Daha sonra Zabit heç bir əsaslı səbəb olmadan, marketin işçiləri və müştərilərinin gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

 

Belə ki, təqsirləndirilən şəxs market daxilində malların yığıldığı vitrinlərin arasında, kənar şəxslərin yanında Rayaya qəsdən sillə ilə sifət nahiyəsindən zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə sol yanağın selikli qişasında yara, sol yanaq nahiyəsində hematoma, eləcə də yerə yıxılması nəticəsində bədənin müxtəlif nahiyələrində – sol bazunun orta hissəsində, sol baldırın yuxarı hissəsində qançırlar, sağ saidin aşağı hissəsində və sağ topuq nahiyəsində sıyrıqlar kimi xəsarətlər yetirilib.

 

İstintaqla həmçinin müəyyən olunub ki, Zabit törətdiyi hərəkətlərlə kifayətlənməyərək xuliqanlıq əməllərini davam etdirib. O, kənar şəxslərin yanında qadının qolundan və paltarından tutaraq fiziki zor tətbiq edib, onu bıçaqla öldürəcəyi ilə hədələyib.

 

Bundan sonra Rayaynı zorla marketin binasından çıxararaq yaxınlıqda yerləşən “Muğan” parkına aparıb.

 

Hadisədən sonra Zabit Bəşirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 6 Aprel 2026, 09:18   
Избранный
18
2
pravda.az

3Источники