BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) təşkilatın kəşfiyyat idarəsinin rəhbəri, general-mayor Məcid Xatəminin bu gün sübh saatlarında Amerika-İsrail hücumu nəticəsində həlak olduğunu rəsmən bəyan edib.
TurkicWorld xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, general Xatəmi ABŞ və İsrail qüvvələrinin birgə həyata keçirdiyi hədəfli hava zərbəsi nəticəsində öldürülüb. Hadisənin dəqiq harada - kəşfiyyat qərargahında, yoxsa hərəkətdə olan kortejdə baş verdiyi barədə təfərrüatlar hələlik açıqlanmır.
Məcid Xatəmi İranın həm ölkə daxilindəki təhlükəsizlik əməliyyatlarına, həm də regiondakı proksi qüvvələrin kəşfiyyat dəstəyinə cavabdeh olan ən mühüm simalardan biri hesab olunurdu. Onun öldürülməsi ABŞ Prezidenti Donald Trampın İranın strateji strukturunu və "güc nümayişi" imkanlarını məhv etmək barədə verdiyi ultimatuumdan sonraya təsadüf edir.
Analitiklər bu hadisəni Qasım Süleymaninin öldürülməsindən sonra İran hərbi elitasına vurulan ən böyük zərbə kimi qiymətləndirirlər. SEPAH bu itkiyə görə "qisas alınacağını" vəd edib ki, bu da regionda gərginliyin daha da eskalasiyasına səbəb ola bilər.