Erməni Apostol Kilsəsi rəhbərinin çıxışı siyasi mesajlarla yadda qalıb.
Musavat.com xəbər verir ki, Erməni Apostol Kilsəsinin rəhbəri, uzun illərdir Azərbaycan və Türkiyəyə qarşı qərəzli və revanşist mövqeyi ilə tanınan II Qaregin Pasxa mərasimində çıxış edərək növbəti dəfə siyasi məzmunlu bəyanatlar səsləndirib.
Eçmiədzində keçirilən mərasimdə o, kilsənin “sarsılmaz” olduğunu vurğulasa da, çıxışında Ermənistan daxilində “dəyərlərin təhrif olunduğunu” və kilsəyə qarşı “təzyiqlərin” olduğunu iddia edib. Bu fikirlər faktiki olaraq Paşinyan hakimiyyəti ilə davam edən qarşıdurmanın növbəti mərhələsi kimi qiymətləndirilir.
Qaregin həmçinin Qarabağ mövzusuna toxunaraq erməni cəmiyyətində narahatlığın davam etdiyini bildirib və daxildə “parçalanma yaradıldığını” iddia edib. O, çıxışında dolayı şəkildə mövcud hakimiyyəti hədəf alaraq kilsənin rolunun məhdudlaşdırıldığını bildirib.
Məlumdur ki, Erməni Apostol Kilsəsi tarixən bölgədə düşmənçilik ritorikasını körükləyən əsas mərkəzlərdən biri olub və uzun illər revanşist ideyaların yayılmasında fəal rol oynayıb. Hazırda isə bu qurum Paşinyan hökuməti ilə açıq qarşıdurma vəziyyətindədir və daxili siyasi proseslərə təsir göstərməyə çalışır.
Musavat.com