RU

Yağıntılar bazarlara necə təsir edəcək, qiymətlər artacaqmı? – ŞƏRH

Son günlər müşahidə olunan aramsız yağıntılar kənd təsərrüfatı sahəsində müəyyən çətinliklər yaradıb. Hazırda yağıntıların və daşqınların aqrar sektora təsiri, eləcə də bazarlarda mümkün qiymət dəyişiklikləri müzakirə mövzusuna çevrilib.

Kənd təsərrüfatı məhsullarında gözlənilən qiymət artımı ilə bağlı mövcud vəziyyəti qida üzrə ekspert İlkin Şirinov İnterpress.az-a şərh edib.

Qida üzrə ekspertin şərhinə əsasən, yağıntılardan sonra kənd təsərrüfatı məhsullarında qiymət artımları ola bilər.

“Yağıntılardan sonra kənd təsərrüfatı məhsullarında müəyyən qiymət artımları müşahidə oluna bilər. Bu artımlar xüsusilə tərəvəz və digər tez xarab olan məhsullarda özünü göstərir. Lakin bu hal daim baş vermir.

Əgər fermerlər məhsulu əvvəlki qaydada, əlavə çətinlik olmadan sahələrdən yığa bilərlərsə, qiymət artımı üçün ciddi əsas yaranmır”, – o bildirib.

Ekspert qeyd edir ki, əlavə texnikanın cəlb olunması, əlavə işçi qüvvəsinə ehtiyac yaranması və məhsul yığımının çətinləşməsi kimi amillər qiymətlərə təsir göstərə bilər. Belə hallarda müəyyən artım iqtisadi baxımdan əsaslı sayıla bilər.

“Bununla yanaşı, bəzi satışda iştirak edən vasitəçilərin və ya “dəllallar”ın müxtəlif bəhanələrlə qiymətləri süni şəkildə artırması halları da istisna edilmir. Məsələn, yağış səbəbindən sahələrin keçilməz olması kimi arqumentlərdən istifadə edilərək qiymətlərin əsassız şəkildə yüksəldilməsi mümkündür”, – İ.Şirinov vurğulayıb.

Ekspertin fikrincə, bu kimi halların qarşısını almaq üçün bazarda effektiv nəzarət mexanizmləri tətbiq olunmalıdır.

“Qiymət artımlarının əsaslı olub-olmaması müvafiq qurumlar tərəfindən yoxlanmalı, süni bahalaşmanın qarşısı alınmalıdır. Eyni zamanda, yağıntılardan zərər görmüş fermerlərə müəyyən güzəştlərin tətbiqi də vacibdir ki, həm onların xərcləri azalsın, həm də bazarda qiymət sabitliyi qorunsun”, – ekspert fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
15
interpress.az

1Источники