RU

BOKT-dan kredit götürənlərə XƏBƏRDARLIQ: Bu halda banklara müraciət edə bilməyəcəksiniz

Bank Olmayan Kredit Təşkilatlarından (BOKT) kredit götürmüş şəxslərə ənənəvi bankların kredit verməkdən imtina etməsi tez-tez müzakirə olunan məsələlərdəndir.

Bəs bu, qanunvericiliklə tənzimlənən bir qadağadır, yoxsa bankların daxili qərarı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu məsələ əsasən vətəndaşın kredit tarixçəsindən və bankların risk siyasətindən asılıdır.

Razi

Ekspertin sözlərinə görə, BOKT-lar birbaşa Mərkəzi Bankın lisenziyası ilə fəaliyyət göstərir və verdikləri kreditlər üzrə ödəniş intizamı barədə mütəmadi hesabat təqdim edirlər. Bu məlumatlar əsasında formalaşan kredit tarixçəsi isə müştərinin maliyyə davranışını əks etdirir:

“Əgər vətəndaşın BOKT üzrə kreditində gecikmələr və ya problemli ödəniş halları varsa, bu məlumatlar uçot sistemində qeyd olunur və həmin şəxs problemli borcalan kimi qiymətləndirilə bilər. Bu halda digər bankların kredit verməkdən imtina etməsi əsaslı sayılır.”

İqtisadçı vurğulayıb ki, əgər vətəndaşın kredit ödənişlərində heç bir problem olmayıbsa, yalnız BOKT-dan kredit götürdüyünə görə ona bankların kredit verməməsi qanunvericilikdə nəzərdə tutulmayıb:

“Belə bir qadağa və ya məhdudiyyət yoxdur. Bu, Mərkəzi Bankın hər hansı normativ aktı ilə tənzimlənmir. Sadəcə olaraq, hər bir bank öz daxili risk siyasətinə uyğun qərar verir.

Banklar bu məsələdə tam sərbəstdirlər. Hətta problemli kredit tarixçəsi olan şəxslərə də kredit verilməsi hüquqi baxımdan mümkündür. Lakin praktikada banklar riskləri minimuma endirmək üçün belə müştərilərə qarşı daha ehtiyatlı davranırlar.”

Beləliklə, ekspertin fikrincə, BOKT-dan kredit götürmək faktı özü-özlüyündə bankdan kredit almağa maneə yaratmır. Əsas amil vətəndaşın ödəniş intizamı və ümumi kredit tarixçəsidir. Bankların qərarları isə qanunvericilikdən çox, onların daxili risk idarəetmə siyasətindən irəli gəlir.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
3
konkret.az

1Источники