
İranda "Cənub Pars" kompleksinin neft-kimya istehsalı ABŞ və İsrailin hücumları nəticəsində zərər görməyib, zərbələr əsasən köməkçi müəssisələrə dəyib.
AFN.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilir ki, əsas ziyan neft-kimya müəssisələrini su, elektrik enerjisi və oksigenlə təmin edən "Mobin" və "Dəmavənd" şirkətlərinə dəyib.
Qeyd olunur ki, həmin müəssisələr tam bərpa olunana qədər Assaluyə bölgəsindəki bütün neft-kimya zavodlarının fəaliyyəti dayandırılacaq. Bu tədbir istehsalat zəncirindəki texniki asılılıqla əlaqələndirilir.
Bundan əvvəl "Fars" agentliyi "Cənub Pars" yatağında yerləşən neft-kimya zavoduna hücum edildiyi barədə məlumat yaymışdı. Lakin son rəsmi açıqlamalar əsas istehsal infrastrukturunun qorunduğunu, yalnız təminatçı qurumların zərər çəkdiyini təsdiqləyir.