RU

Neft bazarında tufanqabağı sakitlik: ABŞ və İran razılığa gəlməsə...

Xəbər verdiyimiz kimi, Pakistanın vasitəçiliyi ilə ABŞ-la İran arasında 45 günlük atəşkəs razılaşması üçün müzakirələr gedir.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Pakistanın tərəflərlə danışıqlardan sonra hazırladığı atəşkəs razılaşması təklifini alıb və Tehranın cavabı hazırlanır.

Qeyd edək ki, hazırlanan təkliflərdə müvəqqəti atəşkəs dövrü üçün ilk növbədə Hörmüz boğazından sərbəst keçidin təmin olunması, ABŞ-ın İran ərazisinə zərbələrinin dayandırılması, daha sonra davamlı sülh üçün müzakirələrin aparılması nəzərdə tutulur.

Reuters agentliyinin adı açıqlanmayan İran rəsmisinə istinadən verdiyi məlumata görə, İran müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazından gəmilərin sərbəst keçidini bərpa etməyəcək.

Tehran özü boğaza öz qaydalarını tətbiq etmək niyyətindədir və bununla bağlı qanun layihəsi hazırlayır.

ABŞ prezidenti Donald Trampın İrana razılaşma üçün qoyduğu müddəti 24 saat artıraraq aprelin 8-nə təyin etməsi fonunda bölgədəki münaqişənin ən çox təsir etdiyi neft bazarında vəziyyət nisbətən stabil görünür: qiymətlər 108-109 dollar arasında dəyişir. Lakin analitiklərə görə, bu, tufanqabağı sakitliyə daha çox bənzəyir. Çünki Trampın qoyduğu müddətdə İran razılaşmaya getməsə, ABŞ və İsrailin İrana, İranın isə Yaxın Şərq ölkələrinin enerji infrastrukturuna amansız zərbələri başlayacaq. Bu isə bölgədən dünya bazarına neft-qaz ixracının 80 faizdən çoxunun dayanması demək ola bilər.

Münaqişənin başlanmasından ötən 6 həftəyə yaxın müddətdə Hörmüzdəki vəziyyətə görə Yaxın Şərqin əsas neft ixracatçıları olan Səudiyyə Ərəbistanı, BƏƏ, İraq öz məhsullarının boğazdankənar ixracını xeyli dərəcədə yoluna qoya biliblər. BƏƏ və Səudiyyə neftin Qırmızı dənizlə ixracına arxalanırlarsa, İraq Türkiyə və Suriya üzərindən nəqlə başlayıb. Səudiyyənin boru kəməri ilə Qırmızı dəniz sahilinə, oradan Bab əl Məndab boğazı ilə ixracı təmin etməsinə baxmayaraq, hazırda Ər-Riyad gündəlik ixracını 2  milyon barelə yaxın azaltmalı olub - boru kəmərinin gücü 7 milyon bareldir. BƏƏ-nin ixracında da azalma var, lakin bu qədər deyil.

İraq isə Hörmüzdənkənar nəql yollarını işə salıb. Belə ki, neftin bir hissəsi avtomobillərlə Suriya ərazisinə daşınırsa, mühüm bir hissəsi yenidən işə salınan Kərkük-Ceyhan boru xəttinə yönəldilir. İraq artıq cənubi Bəsrə əyalətindən neft kəmərinin başlandığı Kərkükə gündə təxminən 90.000 barel neft nəql etməyə başlayıb. Məlumatı Bəsrə Neft Şirkətinin baş direktoru Basem Abdel Kerim Nasser açıqlayıb. Onun sözlərinə görə, neft boru xəttilə Türkiyənin Ceyhan limanına nəql edilir: "Bəsrədən Kərkükdə yerləşən Şimali Neft Şirkətinin nasos stansiyalarına gündə təxminən 90.000 barel neft nəql etmək üçün xüsusi əməliyyat başlayıb".

O, əlavə edib ki, bu addım "İraq neft ixracının şimal marşrutu boyunca yenidən istiqamətləndirilməsinə" yönəlib. Bəsrə Neft Şirkətinin rəhbəri qeyd edib ki, indi "İraqdan Türkiyənin Ceyhanına nəql edilən xam neftin ümumi həcmi gündə 340.000 barelə qədər artacaq".

Kəmərin ötürücülük gücü gündəlik 1,6 milyon bareldir. Bu isə İraqın bütün ixracını ora yönəltməsi üçün əlverişli zəmin yaradır. Bundan əlavə, İran aprelin 5-də Hörmüz boğazını İraq nefti üçün tam açıq elan edib. Bundan istifadə edən Bağdad müştərilərə müraciət edərək ən qısa müddətdə alış və daşınmaları bərpa etməyə çağırıb.  İraqın dövlət şirkəti SOMO alıcılardan yükləmə cədvəllərini istəyib və Bəsrədəki obyektlər də daxil olmaqla bütün yükləmə terminallarının tam işlək vəziyyətdə olduğunu vurğulayıb.

Wall Street Journal-ın yazdığına görə, İraqda neftlə yüklənmiş Malayziyaya gedən bir türk tankeri Hörmüz boğazından keçib. Türkiyənin nəqliyyat naziri Uraloğlunun sözlərinə görə, körfəzdə daha səkkiz türk gəmisi qalıb.

Analitiklərə görə, indiyədək idxalçı ölkələr münaqişə üzündən itirilmiş həcmlərin təxminən 60 faizini üç yolla kompensasiya edə biliblər: kommersiya ehtiyatlarından istifadə, Səudiyyə Ərəbistanı və BƏƏ-nin logistik manevrləri və strateji ehtiyatların əlaqələndirilmiş satışı. Bütün bunlara baxmayaraq, gündəlik 8 milyon barel kəsir fiziki olaraq əlçatmazdır - bu rəqəm Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniyanın birgə istehlakından çoxdur.

Hələlik inkişaf etmiş ölkələrin hökumətləri siyasi nəticələrdən qorxaraq, BEA-nın inzibati yanacaq rasionallaşdırması ilə bağlı tövsiyələrini qulaqardına vururlar. Nəticədə, zəif oyunçular bazardan sıxışdırılır: Afrika, Latın Amerikası və Cənubi Asiya ölkələri üçün mövcud qiymətlər qadağanedici hala gəlib - fabriklər bağlanır, gübrə istehsalı dayandırılır və yanacaqdoldurma məntəqələri boşalır.

Müşahidəçilər xəbərdarlıq edirlər ki, hətta indiki qeyri-müəyyən vəziyyət davam etdiyi halda, hərbi kampaniya aylarla uzanarsa, ABŞ və Yaponiyanın strateji ehtiyatları tükənəcək. Daha sonra çatışmazlıq sənayeləşmiş ölkələrə tam şəkildə təsir edəcək. Almaniya və Cənubi Koreyada zavodlar bağlanmalı olacaq və barel üçün 100 dollarlıq qiymət investorlar üçün itirilmiş fürsət kimi görünəcək.

Mütəxəssislər qeyd edirlər ki, hazırkı böhran əvvəlki böhranlardan infrastrukturun birbaşa məhv edilməsi ilə fərqlənir. Məsələn, Qətərin Ras Laffan limanına hücum onun LNG istehsal gücünün 17 faizini sıradan çıxarıb; onun bərpası beş ilə qədər vaxt aparacaq.

Bu fonda OPEK+ ölkələri bazar günü may ayının əvvəlində hasilatı gündə 206 min barel artırmaq barədə razılığa gəlib. Lakin qərar yalnız "kağız üzərində" qalır: əsas ixracatçılar boğazın bağlanması səbəbindən tədarükü artıra bilmirlər.

İxracı artırmaq imkanları yalnız İraq və Qazaxıstandadır. Razılaşmanın ən böyük iştirakçılarından olan Rusiya Baltik və Qara dəniz limanlarına Ukraynanın hücumlarına görə ixrac kvotasının mühüm hissəsinə əməl edə bilmir.

Bir çox analitiklərə görə, hətta ABŞ və İran razılaşma əldə etsələr belə, neft bazarında qiymətlər hələ uzun müddət yüksək olaraq qalacaq. Əlbəttə, söhbət indiki 100 dollarlıq qiymətdən getmir: bu, qlobal iqtisadiyyatın həzm edəcəyi qiymət səviyyəsi deyil. Söhbət 80-90 dollar arası qiymətlərdən gedir. Buna səbəb Yaxın Şərq ölkələrinin İran zərbələrindən böyük The Woll Street Journal-ın məlumatına görə, ABŞ-ın İrana qarşı əməliyyatından Səudiyyə Ərəbistanına dəyən ziyan 10 milyard dolları keçib. Zərər Hörmüz boğazında gəmiçiliklə bağlı məhdudiyyətlər, İranın cavab zərbələrindən qismən hərbi ziyan və Formula 1 yarışı kimi böyük beynəlxalq tədbirlərin ləğvi ilə bağlıdır.

Bu zərərləri qarşılamaq üçün Səudiyyə Ərəbistanının neft ixracatçısı Saudi Aramco şirkəti may ayında Asiyaya göndərilən əsas Arab Light markalı xam neftin qiymətini rekord həddə - regional etalondan 19,5 dollar yuxarı qaldırıb. Aprel üçün artım cəmi 2,5 dollar elan olunmuşdu. BƏƏ və İraqın da eyni addımı atacağı gözlənilir.

Bir daha vurğulamağa dəyər ki, ABŞ və İranın razılığa gəlməyərək, daha kəskin eskalasiyaya getməsi neft bazarında fəlakət ssenarisinin işə düşməsinə gətirib çıxara bilər. Çünki İran bu halda yalnız Hörmüzü deyil, husilərin əli ilə Səudiyyə və BƏƏ neftinin bir hissəsinin ixrac olunduğu Bab Əl-Məndab boğazını bağlayacağını elan edib. Bu isə qlobal bazarların gündəlik daha 9 milyon barel neftdən məhrum olması, qiymətlərin 150 dolları keçməsi demək olar...

Dünya SAKİT,
Musavat.com

Избранный
13
musavat.com

1Источники