RU

Müharibənin görünməyən yaraları Əbülfəz Süleymanlı Sosioloji baxış

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əbülfəz SüleymanlıProfessor [email protected]

Müharibə yalnız sərhədlərdə baş verən silahlı toqquşma deyil. Sosioloji baxımdan o, cəmiyyətin normativ əsaslarını sarsıdan, gündəlik həyatın ritmini pozan, etimad münasibətlərini zəiflədən və kollektiv gələcək təsəvvürünü zədələyən, bütövlükdə cəmiyyəti sarsıdan sosial hadisədir. Müharibə başlayanda təkcə şəhərlər dağılmır; ailə münasibətləri dəyişir, uşaqlığın təhlükəsizlik hissi yaralanır, sosial institutların funksional tarazlığı pozulur, insanların “normal həyat” haqqında təsəvvürü aşınır. Elə buna görə də müharibənin ən ağır nəticəsi həmişə görünən dağıntılar olmur; çox vaxt daha dərin yara cəmiyyətin içində, insan münasibətlərində, yaddaşında və ruhsal dünyasında açılır.

21-ci əsrin ilk rübünü geridə qoyduğumuz indiki mərhələdə qlobal miqyasda münaqişələrin həm miqyasının, həm də dağıdıcı təsir gücünün artdığı aydın görünür. Bu mənzərəni yalnız geosiyasi rəqabətin sərtləşməsi və ya hərbi texnologiyaların inkişafı ilə izah etmək kifayət etmir. Burada beynəlxalq sistemin normativ və institusional dayaqlarında hiss olunan zəifləmə də mühüm rol oynayır. Soyuq müharibədən sonra formalaşmış beynəlxalq düzən əvvəlki kimi nə qarşısınıalma potensialı ortaya qoya bilir, nə də münaqişələrin idarə olunmasında yetərli təsir göstərə bilir. BMT Təhlükəsizlik Şurasının qərarverici imkanlarının məhdudlaşması, beynəlxalq hüququn bəzən seçici şərhlərlə tətbiq olunması və “qaydalara əsaslanan nizam” anlayışının siyasi maraqlara uyğun dəyişən məna qazanması bu böhranı daha aydın göstərir.

Belə bir fonda müharibə yalnız hərbi və siyasi hadisə kimi deyil, sosial münasibətlərin yenidən qurulduğu sərt bir sarsıntı kimi oxunmalıdır. Çünki müharibə cəmiyyətdə təkcə fiziki təhlükə yaratmır, o, həm də gündəlik həyatın ən adi dayaq nöqtələrini sıradan çıxarır. Məktəb təhlükəsizlik hissini itirir, ailə qorunma məkanı olmaqla yanaşı, qorxunun daşıyıcısına çevrilir, iqtisadi həyat rifah məntiqindən çıxıb sağ qalma refleksi ilə idarə olunur. İnsanlar uzunmüddətli planlardan çəkilir, ani təhlükəyə uyğun davranmağa başlayırlar. Bu isə cəmiyyətdə fövqəladəliyin zamanla normaya çevrilməsi riskini yaradır.

Müharibənin görünməyən yaralarından biri də onun ruhsal və emosional nəticələridir. Müharibə travmadır. Buna görə də təkcə cəbhədə olanlar deyil, müxtəlif yaş qruplarından insanlar travma sonrası gərginlik, yas, itki hissi, qorxu, həsrət və qəzəb kimi reaksiyalar yaşayırlar. Bu təsirlər yaşa görə fərqli formalarda üzə çıxsa da, onların ortaq məğzi birdir: insanın dünyanı təhlükəsiz və mənalı yer kimi görmə qabiliyyəti zədələnir. Müharibə insandan yalnız evini və yaxınını almır; onun daxili tarazlığını, gələcəyə olan inamını və adi həyata qayıtmaq hissini də sarsıdır.

Ən həssas məsələ isə uşaqlardır. Müharibənin içində yaşayan uşaqlar qədər, onu evdə televiziya qarşısında, telefon ekranlarında, internetdə, qəzetlərdə izləyən uşaqlar da öz yaş dövrlərinə uyğun şəkildə bu zorakılıq atmosferindən təsirlənirlər. Onlar hər şeyi tam anlamasalar da, qorxunu, çaşqınlığı, təhdidi və böyüklərin narahatlığını hiss edirlər. Bu gün insanlıq savaş bölgələrindəki uşaqları yetərincə qoruya bilmir. Heç olmasa, müharibədən qaça bilmiş, amma onun psixoloji ağırlığını daşıyan uşaqları və öz evlərimizdə ekranlar vasitəsilə bu dəhşətlə təmasda olan uşaqları qorumaq, onlara insaniliyi, mərhəməti və sülhün dəyərini anlatmaq böyüklərin mənəvi məsuliyyətinə çevrilib.

Müharibənin sosioloji təsiri yalnız fərdi ruh halı ilə məhdudlaşmır. O, kollektiv davranış kodlarını da dəyişdirir. İnsanlar daha ehtiyatlı, daha qapanıq, bəzən daha sərt, bəzən də daha müdafiəçi olurlar. “Biz” və “digərləri” ayrımı kəskinləşir. Münaqişə şəraitində həmrəylik arta bilər, amma bu həmrəylik çox vaxt ortaq humanist dəyərlər üzərində deyil, ortaq qorxu və ortaq düşmən obrazı üzərində qurulur. Qısa müddətdə bu, səfərbərlik yaradır; uzun müddətdə isə sosial etimadı zəiflədir, dialoq imkanlarını daraldır və cəmiyyətin mənəvi elastikliyini azaldır.

Müharibələr eyni zamanda kollektiv yaddaşı formalaşdırır. Bir nəsil yalnız dağıntını deyil, o dağıntının duyğusal yükünü də növbəti nəslə ötürür: qorxu, qənaət, itki hissi, ehtiyatlılıq, hətta bəzən qisas meyli. Bu yaddaş bəzi hallarda dözümlülük, fədakarlıq və yardımlaşma kimi dəyərləri gücləndirsə də, başqa hallarda cəmiyyətin içində uzunömürlü bir narahatlıq yaradır. Müharibə bitir, amma onun psixoloji və mənəvi ardıcıllığı bitmir. Səngərlər sökülür, lakin zehinlərdə qurulan sərhədlər çox zaman qalır.

Bu səbəbdən müharibəni yalnız diplomatik bəyanatlarla, xəritələrlə və hərbi balanslarla qiymətləndirmək yetərli deyil. Müharibənin əsl miqyası onun cəmiyyətin görünməyən qatlarında açdığı yaralarla ölçülməlidir. Dağılmış bina bərpa oluna bilər, zədələnmiş yol yenidən çəkilə bilər, lakin sosial etimadın, uşaqlığın təhlükəsizlik hissinin, ailə içi sabitliyin və kollektiv ümidin bərpası daha uzun, daha ağrılı və daha mürəkkəb prosesdir. Məhz buna görə müharibənin ən böyük itkisi çox zaman insanın insana olan inamının zədələnməsi olur. Unudulmamalıdır ki, müharibənin yaraları yalnız fiziki səviyyədə qalmır. Gözlə görünməyən psixoloji sarsıntılar da ən az dağıdılmış şəhərlər, viran qalmış evlər və qırılmış həyat hekayələri qədər gerçək və dərindir. Buna görə müharibənin nəticələrini dəyərləndirərkən yalnız xarici dağıntıya deyil, onun insan ruhunda, kollektiv yaddaşda və gündəlik həyatın mənəvi toxumasında buraxdığı izlərə də diqqətlə baxmaq lazımdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
525.az

1Источники