RU

Azərbaycan - Gürcüstan iqtisadi əlaqələri bundan sonra da inkişaf edəcək

Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyətə malikdir. Gürcüstanla münasibətlərin xarakterik cəhəti həm də ondadır ki, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan tranzit ölkə kimi mühüm rol oynayır.

“İki sahil” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfərini şərh edən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovun fikrincə Azərbaycan-Gürcüstan münasibətlərində bəzi cəhətləri xüsusi vurğulamaq lazımdır. İlk öncə, Azərbaycan tərəfindən Gürcüstana qoyulan investisiyalar 3.7 milyard ABŞ dolları olmaqla ölkəmiz ən çox investisiya yatıran ölkələrdən biridir və dövlət başçılarının görüşündə iki ölkə arasında yeni layihələrin də icra ediləcəyi qeyd edilib. Bu isə o deməkdir ki, münasibətlər yüksələn xətlə inkişaf edəcəkdir. Digər tərəfdən, Azərbaycan və Gürcüstan bütün dövrlərdə biri-birinin ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. Dövlət başçısı İlham Əliyevin Gürcüstana dövlət səfərində bu faktı bir daha vurğulayıb və bildirib ki, biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.

Şöbə müdirinin sözlərinə görə, Gürcüstanla münasibətlər çoxşaxəli olmaqla yanaşı, iqtisadi göstəricilər də dinamikanı və perspektivi ifadə edir. 2025-ci ilin göstəricilərinə əsasən, Azərbaycanla Gürcüstan arasında, təqribən bir milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi olub. 2026-cı ilin yanvar-fevral aylarında isə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 176.6 milyon dolları təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18.9% artım deməkdir. Baxılan dövrdə Azərbaycandan Gürcüstana ixrac 158.3 milyon dollar olub ki, bu da ötən illə müqayisədə 21.6% çox deməkdir. O cümlədən, ixracın 77.2 milyon dolları qeyri-neft məhsullarına aiddir ki, bu da ötən illə müqayisədə 45.8% artımı ifadə edir. Yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 18.3 milyon dollar dəyərində məhsul idxal edilib və qonşu ölkə Azərbaycan üçün 5-ci ən böyük ticarət tərəfdaşıdır.

Aqil Əsədov bildirib ki, Azərbaycan - Gürcüstan münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır. Siyasi sabitlik, iqtisadi əməkdaşlıq, enerji layihələri və humanitar əlaqələr bu münasibətlərin əsas istiqamətlərini təşkil edir. Hər iki ölkə regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasına töhfə verir. Gələcəkdə də Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da genişlənəcəyi və yeni layihələrin həyata keçiriləcəyi labüddür. Təbii ki, bu isə yalnız iki ölkənin deyil, bütövlükdə Cənubi Qafqaz regionunun inkişafına müsbət təsir göstərəcəkdir.

Azərbaycan və Gürcüstan hər zaman öz milli maraqlarını qorumaq uğrunda mübarizə aparır. Elə bu səbəbdən də, dünyanın hegemon dövlətləri regionda öz maraqlarını reallaşdırmaq üçün, müstəqil mövqeyi olmayan Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstanı bir çox hallarda hədəf seçir. Buna baxmayaraq, hazırda Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Cənub qaz dəhlizi” kimi nəhəng layihələr ölkələrimizi birləşdirərək, hər iki ölkənin maraqlarına, regionun inkişafına xidmət edir. Bu gün Azərbaycan dünyanın 16 ölkəsinə qaz ixrac edir və bütün bunlar Gürcüstandan başlayır.

2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin illik buraxılış qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qaldırılması, Azərbaycan vasitəsilə tranzit yüklərin daşınması imkanlarını daha da genişləndirir. Bu isə, Gürcüstana Orta Dəhliz layihəsində də aktiv iştirak imkanı yaradır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.”

Azərbaycanın zəngin enerji resursları və Gürcüstanın əlverişli coğrafi mövqeyi bu iki ölkəni beynəlxalq enerji bazarında mühüm tərəfdaşlara çevirir. Gürcüstan Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasında tranzit ölkə kimi çıxış edir. Bu isə Gürcüstanın iqtisadiyyatına əlavə gəlirlər gətirməklə yanaşı, onun geosiyasi əhəmiyyətini artırır. Eyni zamanda, bu əməkdaşlıq Avropa İttifaqı və digər beynəlxalq qurumlar üçün də strateji əhəmiyyət daşıyır. Çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan qazı mühüm rol oynayır və bu qazın nəqli Gürcüstan üzərindən həyata keçirilir.

Aqil Əsədov qeyd edib ki, Gürcüstanda 300 minə yaxın azərbaycanlı yaşayır və soydaşlarımız iki ölkə arasında münasibətlərin formalaşmasında da önəmli rol oynayır. Məhz, bu baxımdan da, iki ölkə arasında humanitar və mədəni sahədə də sıx əlaqələr mövcuddur. Gürcüstanda yaşayan azərbaycanlı icması və Azərbaycanda yaşayan gürcü icması xalqlar arasında dostluq münasibətlərinin möhkəm-lənməsində mühüm rol oynayır. Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq ildən-ilə genişlənir. Tələbə mübadiləsi proqramları, birgə mədəni tədbirlər və festivallar iki xalq arasında qarşılıqlı anlaşmanı daha da artırır. Dövlət başçısının da vurğuladığı kimi: “... bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir”. Bu isə daha sürətli və genişmiqyaslı inkişafa təkan verəcək ki, burada da humanitar əlaqələr siyasi və iqtisadi münasibətləri tamamlayan mühüm amil kimi çıxış edir.

Избранный
14
ikisahil.az

1Источники