RU

Unutqanlıq həmişə yaşla bağlıdır? - AÇIQLAMA

Yaddaşın azalması və diqqətsizlik həmişə yaşla əlaqəli deyil. Bəzən bu hallar orqanizmin işindəki geri dönən problemlərdən xəbər verə bilər.

AzEdu.az xəbər verir ki, bu barədə rusiyalı həkim Nikita Quryanov "İzvestiya" nəşrinə müsahibəsində danışıb.

Həkim qeyd edib ki, yaddaş pozğunluğu hər zaman yaşla bağlı geridönməz dəyişiklikləri göstərmir:

"Unutqanlıq adətən xarici və daxili faktorların təsiri altında tədricən inkişaf edir. Beynin enerji təchizatında yaranan pozuntular, oksigen, vitamin və mikroelementlərin çatışmazlığı, eləcə də qan axınının pisləşməsi burada əsas rol oynayır. Belə şəraitdə informasiyanın emal sürəti yavaşlayır və yeni xatirələrin formalaşması çətinləşir".

Mütəxəssis əlavə edib ki, xroniki yuxu çatışmazlığı, xüsusən də obstruktiv apnoe sindromu (yuxuda tənəffüsün kəsilməsi) idrak funksiyalarına ciddi təsir göstərir. Digər geniş yayılmış səbəb isə B12 vitamini və dəmir çatışmazlığıdır. Bu defisitlər sinir sisteminin işini yavaşladır və konsentrasiyanı pozur.

Nikita Quryanov müəyyən tibbi preparatların təsirinə də diqqət çəkib. Onun sözlərinə görə, bəzi dərmanların uzun müddət və nəzarətsiz istifadəsi idrak funksiyalarını basdıra bilər. Bu isə çox vaxt səhvən yaşla bağlı dəyişiklik kimi qəbul edilən davamlı yaddaş itkisinə səbəb olur.

Ekspert vurğulayıb ki, müvəqqəti unutqanlıqla patoloji vəziyyəti fərqləndirmək vacibdir. Əgər problemlər gündəlik həyata təsir etməyə başlayırsa, dezorientasiya (istiqaməti itirmə), apatiya və ya şəxsiyyət dəyişiklikləri ilə müşayiət olunursa, mütləq həkimə müraciət edilməlidir.

Diaqnostika vitamin və hormon səviyyələrinin, həmçinin damarların vəziyyətinin təhlili ilə başlamalıdır. Yuxu pozuntusu və ya çox dərman içmək kimi amillərin aradan qaldırılması ciddi müalicəyə ehtiyac olmadan yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Избранный
19
azedu.az

1Источники