RU

Rektor Anar Eminov “Study in Azerbaijan” sərgisində iştirak edib - FOTOLAR

2026-cı ilin 6 aprel tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilən Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının təşəbbüsü ilə təşkil olunan sərgi ölkənin ali təhsil imkanlarının beynəlxalq səviyyədə tanıdılması, xarici tələbələrin Azərbaycanda təhsilə cəlb olunması və universitetlərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır. Tədbir çərçivəsində Azərbaycan universitetlərinin təhsil proqramları, innovativ yanaşmaları və beynəlxalq tərəfdaşlıq imkanları nümayiş etdirilir.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek çıxış edərək iki ölkə arasında ali təhsil, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycan ali təhsil sisteminin beynəlxalq platformalarda təşviqinin vacibliyini qeyd etmişlər.

Sərgidə təmsil olunan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Azərbaycan ali təhsilinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması və ölkənin təhsil brendinin gücləndirilməsi baxımından bu cür təşəbbüslərin əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, “Study in Azerbaijan” platforması çərçivəsində həyata keçirilən təqdimatlar və birbaşa ünsiyyət imkanları xarici tələbələr üçün məlumatlı seçim etməyə, universitetlər üçün isə yeni əməkdaşlıq əlaqələri qurmağa şərait yaradır.

Tədbir çərçivəsində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti tərəfindən sərgi iştirakçıları ilə görüşlər keçirilir, universitetin tədris imkanları, ixtisas proqramları və beynəlxalq əməkdaşlıq istiqamətləri haqqında ətraflı məlumat verilir. Eyni zamanda, potensial tərəfdaşlarla tələbə mübadiləsi, birgə təhsil proqramları və elmi tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunur.

MDU-nun bu kimi beynəlxalq sərgilərdə fəal iştirakı universitetin qlobal təhsil məkanında tanıdılması, beynəlxalq tələbə cəlbinin artırılması və dayanıqlı inkişaf məqsədlərinə uyğun strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Qeyd edək ki, “Study in Azerbaijan” beynəlxalq sərgisi çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin təqdimatlarının keçirilməsi, maarifləndirici sessiyaların təşkili və birbaşa əlaqələrin qurulması vasitəsilə ölkənin təhsil potensialının beynəlxalq auditoriyaya çatdırılması təmin olunur.
 

Избранный
30
6
unikal.az

8Источники