RU

Qarabağ AZƏRBAYCANDIR!!!

Bu FAKTIN nə Rusiya, nə də Ermənistan tərəfindən təsdiqinə ehtiyac yoxdur

Rəsmi Bakı Rusiyaya etiraz etdi

XX əsrin sonunda Sovet İttifaqının dağılması ilə işğala və təcavüzə məruz qalan Azərbaycan heç bir zaman bu faktla barışmayıb. BMT və onun kimi digər yüksək strukturların tribunasından Azərbaycan həqiqətləri səsləndirilib, Qarabağın Azərbaycanın tarixi, ayrılmaz və suveren ərazisi olması faktı bütün beynəlxalq aləmə çatdırılıb. Tarix yaranan gündən - minilliklər boyu bu region Azərbaycanın ərazisi olub və olacaq. 1990-cı illərin əvvəlində Ermənistanın etdiyi hərəkətlər isə İŞĞAL FAKTI idi. Azərbaycan yorulmadan, usanmadan, hətta qarşısı müəyyən maneələrlə kəsməyə çalışılsa belə bu faktı bütün dünyaya çatdırdı. Bütün beynəlxalq strukturlar, başda BMT TŞ olmaqla Qarabağın Azərbaycanın suveren ərazisi olmasını təsdiqləyən qətnamələri, qərarları və bəyanatları mövcuddur. Beləliklə, 2020-ci ildə və 2023-cü ildə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini təmin edən zaman həm də tarixi ədalət öz yerini tapdı. Qarabağ ərazisi işğaldan azad edildi, beynəlxalq hüquq bərpa olundu. Artıq 6 ildir ki, işğal faktı aradan qaldırılıb, regionda yeni bir reallıq hökm sürür. Azərbaycan vaxtilə Qarabağın azad edilməsi istiqamətində beynəlxalq səviyyədə iş aparılmasına imkan yaratmışdı - dövlətimiz qlobal dünyanın beynəlxalq hüququ təmin edəcəyinə inanırdı. Amma təəssüf ki, bu baş vermədi - Azərbaycan özünün iradəsi, qətiyyəti və gücü sayəsində torpaqlarını işğaldan azad etdi. Yeni mərhələdə isə bölgədə sülh prosesinin inkişafı hədəflənir - Ermənistan ilə Azərbaycan ikili formatda münasibətlərini yeni dövr üçün tənzimləməyə çalışırlar. Bu isə artıq beynəlxalq aləmin deyil, iki dövlətin arasında olan bir prosesdir.

Siyasi etikadan kənar, beynəlxalq hüquqa zidd...

Təəssüfləndirici haldır ki, bəzən ölkələr qarşılıqlı münasibətlərini “nizamlamaq” üçün fərqli “yollara” əl atırlar. Hətta başqa dövlətlərin daxili işlərinə əl uzatmağa çalışır, bunu “müzakirə predmeti” etməyə cəhd göstərir. Bu, yolverilməzdir. Məsələn, bu ilin aprelin 1-də Moskvada Rusiya prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gedən müzakirələr zamanı nədənsə Azərbaycanın suverenliyi, Qarabağın azad edilməsi kimi məsələlər “nədənsə” müzakirə predmetinə çevrilib. Ermənistan ilə Rusiya arasındakı hazırkı münasibətlər heç kimə sirr deyil - İrəvan Kremlin orbitindən tam mitina edərək Aİ-yə üz tutub. Bu, Ermənistanın daxili işidir. Rusiya isə cidd-cəhdlə bu faktı “fərqli istiqamətlərdə yozmağa çalışır”. Münasibətlərdəki gərginliyin Vətən müharibəsi, antiterror tədbirləri zamanı Azərbaycanın öz tarixi, hüquqi ərazisi olan Qarabağın azad edilməsi ilə faktı “uzlaşdırılmasına” çalışılması isə həm diplomatik cəhətdən qeyri-etik, həm də siyasi cəhətdən qüsurlu bir haldır. Moskva İrəvan ilə münasibətlərini Qarabağ üzərində spekulyasiya etməklə nizama salmağa “çalışırsa”, bu ən böyük səhvdir. Vladimir Putinin “Ermənistan 2022-ci ildə Qarabağın Azərbaycan torpaqları olmasını ilk olaraq təsdiqləyib” formasında “ibarəsi” isə düzgün ifadə deyil - Qarabağ hər zaman, hətta işğalda olan zamanlarda belə Azərbaycan torpağı olub. Bunu elə Rusiya da hər zaman təsdiqləyib. Amma bu fikirlərin yanlış formada “tirajlanma” cəhdi digər marığa yatmış ermənipərəstlərin də “dilinə dil verir”.

Azərbaycan etirazını bildirir...

Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiyada Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair şərh verib. Bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 1-də Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub. Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, Hökumətin və XİN-in diqqətinə çatdırılıb. Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. “Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib. Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub. Rusiya tərəfinə bir daha xatırlatmaq  istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb. Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq”, - deyə XİN-in şərhində vurğulanıb.

Zatulinin “səsi” - köhnə ermənipərəst təzə “iştaha” düşüb...

Nədəndirsə, Paşinyan ilə Putin arasında gedən “müzakirə” sonradan bəzi şəxslər tərəfindən də davam etdirilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamısının ardından köhnə ermənipərəst deputat Konstantin Zatulin “həvəslə” yenidən bu məsələ ətrafında polemika açmaq cəhdini ortaya qoyur. Zatulin məsələni bir az da “dramatikləşdirməyə” çalışır - guya, Paşinyan Qarabağı Azərbaycana təslim edib. Onun “fikirlərindəki” altməna da elə bütün siyasi fəaliyyəti kimi yanlış və qərəzlidir. Qarabağı nəinki Paşinyan və ya bir başqası “təslim etməyib” - Qarabağı Azərbaycanın şanlı Silahlı Qüvvələri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə canı, qanı bahasına işğaldan azad edib. Paşinyan Şuşada yallı getmirdimi? Və ya Ermənistanın hazırkı iqtidarı “yeni işğallar” haqda danışmırdılarmı? Kimin torpağını kimə təslim edirlər? Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sadəcə, Qarabağın işğaldan azad edilməsi Zatulin və onun kimilərinin erməni lobbisi tərəfindən ayrılan pullarının kəsilməsinə səbəb olub. Zatulinin pərdə arxasından “çıxardığı səs” məhz bundan qaynaqlanır.

Beynəlxalq aləmin mövqeyi...

Bir daha vurğulanmalıdır ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiqləyən beynəlxalq mövqe son 30-40 ildə bütün aparıcı beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında öz əksini tapıb. Bu sənədlər beynəlxalq hüququn əsas prinsiplərinə-dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanır. Məsələn, BMT Təhlükəsizlik Şurasının qətnamələri - Qarabağ məsələsi ilə bağlı ən mühüm hüquqi sənədlər BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsidir:

- 822 saylı qətnamə (30 aprel 1993) - Kəlbəcərin işğalı pislənir, Ermənistan silahlı qüvvələrinin dərhal çıxarılması tələb olunur;

- 853 saylı qətnamə (29 iyul 1993) - Ağdamın işğalı pislənir, İşğalçı qüvvələrin geri çəkilməsi tələb edilir;

-  874 saylı qətnamə (14 oktyabr 1993) Atəşkəs və sülh planı dəstəklənir, əvvəlki qətnamələrin icrası tələb olunur;

- 884 saylı qətnamə (12 noyabr 1993) - Zəngilan və Horadiz istiqamətində hücumlar pislənir, qoşunların çıxarılması yenidən tələb edilir.

Bu qətnamələrin hamısında Azərbaycanın ərazi bütövlüyü təsdiqlənir, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Bundan başqa, BMT Baş Assambleyasının son bəyannamələrində, BMT platformasında qəbul olunan sənədlər və çıxışlarda Qarabağ Azərbaycanın tərkib hissəsi kimi təqdim edilir, beynəlxalq sərhədlərin dəyişdirilməsinin güc yolu ilə yolverilməzliyi vurğulanır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2005-ci ildə qəbul olunan 1416 saylı qətnaməsində Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi qeyd olunur, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir. Avropa Parlamentinin 2010-cu ildə qəbul edilən  qətnaməsində (Cənubi Qafqaz strategiyası) Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxması tələb olunur. Bu siyahıya ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər qurumların da adlarını əlavə etmək olar. Bütün bəyanat və qətnamələrdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunur - ortaya qoyulan ümumi mövqe isə ondan ibarətdir ki, Qarabağ Azərbaycan Respublikasının ərazisidir, heç bir beynəlxalq təşkilat qondarma “Qarabağın “müstəqilliyini” tanımayıb, Ermənistanın bu ərazilərdə hərbi mövcudluğu işğal kimi qiymətləndirilib, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması tələb olunub.

Beləliklə, Rusiya ilə Ermənistanın öz “münasibətlərinə” dolayısı ilə də olsa, Azərbaycan torpaqları üzərindən aydınlıq gətirmək cəhdləri nə hüquqi, nə də mənəvi əsasa sığmır. Azərbaycan daima ədaləti, haqqı və hüququ tələb edib, qoruyub, dəstəkləyib...

P.İSMAYILOV

Избранный
17
yeniazerbaycan.com

1Источники