RU

Hazırkı geosiyasi şəraitdə Azərbaycan Gürcüstan əlaqələri sabitləşdirici rol oynayır RƏY

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Gürcüstanla Azərbaycanın dostluq və qardaşlıq münasibətləri nəinki region, bir çox dünya ölkələri arasında əlaqələr baxımından nümunə sayılır. Bu münasibətlər hər zaman konstruktiv dialoq və əməkdaşlıq ruhu üzərində qurulub. Hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi imkan verib ki, dövlətlər arasında münasibətlər güclü təməllərə söykənsin. Azərbaycan və gürcü xalqları da hər zaman dostluq şəraitində yaşayıb, Gürcüstanda yaşayan etnik azərbaycanlılar bu ölkənin ictimai və siyasi həyatında hər zaman sağlam rol oynayıb. Azərbaycan iqtisadi baxımdan Gürcüstanın inkişafına töhfə verib, bu baxımdan Azərbaycanın dövlət başçısı Gürcüstanda ən çox arzu olunan və hörmət edilən şəxsdir. Bununla yanaşı, bölgədə və Cənubi Qafqazda gedən son prosesləri nəzərə alaraq, biz Azərbaycanla Gürcüstan arasında əlaqələrə regional kontekstdə, yəni ümumqafqaz prizmasından yanaşmalıyıq. Cənubi Qafqaz bu gün sabitdirsə, Azərbaycanla Gürcüstan arasında bugünkü strateji və yüksək siyasi əlaqələr mövcuddursa, əlbəttə, bu, zamanında təməli qoyulan enerji və nəqliyyat layihələri hesabına formalaşıb.

Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

V.Əhmədov deyib ki, Gürcüstanda rəhbərlikdə olan bütün hakimiyyətlər hər zaman Azərbaycanın Gürcüstana xoş niyyətini bildiyinə görə ölkəmizə və onun siyasi rəhbərliyinə isti münasibət bəsləyiblər: “Çünki Azərbaycan Gürcüstanı hər zaman özünə dost və tərəfdaş ölkə kimi görüb, ən çətin anlarında bu ölkənin yanında olub və bu əlaqələrdən Cənubi Qafqazın inkişafı üçün faydalanmağa çalışıb. Bu gün Azərbaycan regional təhlükəsizliklə bağlı bir çox məsələləri Gürcüstanla koordinasiya edir. Ermənistanla sülh imkan verir ki, Cənubi Qafqazın hər üç ölkəsi tranzit və ticarət əlaqələrini genişləndirsin”.

QHT sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstana budəfəki səfərini tarixi bir səfər hesab etmək olar, çünki bu səfər Cənubi Qafqazın təhlükəsizlik və sabitlik baxımından məhz indiki həssas bir dönəmində həyata keçirilir. Bununla hər iki dövlət Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının formalaşdırılmasında fəal iştirak edir. Azərbaycanın Gürcüstanla olan tarixi əməkdaşlığı, Ermənistanla yeni yaranmış iqtisadi və ticari əlaqələr, siyasi dialoq mühiti Cənubi Qafqazın hər üç dövlətinin daha çox qarşılıqlı şəkildə inteqrasiyasına gətirib çıxaracaq. Artıq bu qovşaq daha geniş arealı əhatə edərək regionun əsas bağlantısına çevrilir, Gürcüstanın Asiya bazarlarına, Azərbaycanın isə Qərb bazarlarına çıxışını genişləndirir. Yaranmış bu yeni reallıqda təhlükəsizlik baxımından hər hansı kənar təsirlər qarşılıqlı əlaqələrin inkişafı ilə neytrallaşdırılır.

Gürcüstan-Azərbaycan əlaqələrinin güclü təməllər üzərində inşa edildiyini vurğulayan Vüqar Əhmədov deyib: “Gürcüstanın və Azərbaycanın biznes dairələri, hökumət rəsmiləri, vətəndaş cəmiyyəti təmsilçiləri daha sıx təmaslarda olmaqla regionun inkişafına daha çox töhfə verə biləcəklər. Bunun üçün zamanında formalaşan təməllər, iqtisadi və ticari əlaqələr Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasını şərtləndirib. Təqribən 100 illik tarixdən sonra Cənubi Qafqazın hər üç suveren ölkəsi Ümumqafqaz evi yaratmaq şansı əldə edirlər, artıq hər üç ölkə regionun qaydalarını özləri müəyyən edir. Azərbaycan öz qonşuları ilə hər zaman dostluq və sülh şəraitində yaşamağı arzu edib və buna nail olmaq üçün davamlı siyasi iradə nümayiş etdirib. Fərqli dinlər və mədəniyyətlərə sahib iki qonşu ölkə olan Gürcüstan və Azərbaycanın bir-birinə bu qədər yaxın olması və qarşılıqlı dəstək özü-özlüyündə unikal və müsbət hadisə sayılır. Hesab edirəm ki, indiki mürəkkəb geosiyasi bir vəziyyətdə, bir çox bölgədə enerji böhranının olduğu şəraitdə Azərbaycan-Gürcüstan əlaqələri sabitləşdirici rol oynayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
azertag.az

2Источники