RU

Ufuk Turganer: TÜRKPA daxilində iqtisadi əməkdaşlığı son dərəcə vacib hesab edirik

"Şimali Kipr Türk Cümhuriyyəti Respublika Məclisini təmsil edərək bu mühüm iclasda iştirak etməkdən duyduğum qürur və məmnuniyyəti də xüsusi olaraq ifadə etmək istərdim. Qonaqpərvərliyə görə Azərbaycanın Milli Məclisinə və bu mühüm iclasın təşkilinə görə Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsənə və katibliyin dəyərli əməkdaşlarına təşəkkür edirəm. Dünyamızın içində olduğu bu çətin və mürəkkəb dövrdə Türk dünyasının birliyinin və həmrəyliyinin əhəmiyyətini bir daha hiss edirik".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə TÜRK PA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclasında Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi Ufuk Turganer deyib.

O qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti 2022-ci ildə Türk Dövlətləri Təşkilatına konstitusion adı ilə müşahidəçi üzv kimi qəbul edilib və böyük Türk dünyasında layiq olduğu yeri tutmağın qürurunu yaşayır: "2023-cü ildə Ankarada keçirilən 12-ci TÜRKPA Baş Assambleyasında müşahidəçi parlament statusu qazanmağımızla ölkəmizin digər Türk dövlətləri ilə qardaşlıq bağları daha da güclənib və bu nailiyyət Türk dünyasının ayrılmaz hissəsi olan Kipr Türk xalqını qürurlandırıb.

Parlament diplomatiyasında TÜRKPA çərçivəsində getdikcə güclənən və dərinləşən əməkdaşlığımızın ən konkret nümunələrindən biri olan bu iclasın ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığı daha da irəli aparacağına ürəkdən inanıram.
Kipr Türk xalqı olaraq Türk dünyasının ayrılmaz hissəsi olduğumuzu hər fürsətdə vurğulayaraq, tarixdən gələn mədəni, sosial və strateji bağlarımızı daha da gücləndirmək əzmi ilə hərəkət edirik.

Tarixdəki nümunələrdən də bildiyimiz kimi, siyasi birlikləri dərinləşdirməyin yolu iqtisadi əməkdaşlığı artırmaqdan keçir. Bu çərçivədə TÜRKPA-nın siyasi və diplomatik sahədə yaratdığı əməkdaşlığın iqtisadi inteqrasiyanı dəstəkləyən təşəbbüslərə zəmin yaratması böyük əhəmiyyət daşıyır. Ortaq tariximiz, mədəniyyətimiz və oxşar strukturlarımız iqtisadi əməkdaşlıq siyasətlərində koordinasiya təmin etmək üçün mühüm imkanlar yaradır. Parlamentlərimizin müvafiq komissiyaları arasında qurulacaq möhkəm dialoq mühiti, şübhəsiz ki, bu prosesin əsas sütunlarından biri olacaqdır.
Şimali Kipr Türk Cümhuriyyəti olaraq Türk dünyası ilə iqtisadi əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirmək və dərinləşdirməkdə qərarlı olduğumuzu xüsusi vurğulamaq istərdim. Qarşılıqlı etimad, ortaq maraqlar və “qazan-qazan” prinsipi əsasında inkişaf etdiriləcək bütün iqtisadi təşəbbüsləri dəstəkləməyə hazırıq.

Bu nöqtədə, TÜRKPA çərçivəsində həyata keçirilən fəaliyyətlərin iqtisadi əməkdaşlığımızın institusional əsaslarının güclənməsinə mühüm töhfə verəcəyinə inanırıq. Parlamentlər arasında qanunvericiliyin uyğunlaşdırılmasının təşviqi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsinin artırılması və iqtisadi sahələr üzrə ortaq tövsiyə qərarlarının hazırlanması əməkdaşlığımızı daha sistemli və davamlı əsaslara daşıyacaqdır. Bu baxımdan, TÜRKPA daxilində iqtisadi əməkdaşlığa yönəlik konkret və nəticəyönümlü mexanizmlərin gücləndirilməsini son dərəcə vacib hesab edirik".

Ufuk Turganer bildirib ki, Şimali Kipr investorlara dost mühiti, çevik və dəstəkləyici qanunvericiliyi və Aralıq dənizindəki strateji mövqeyi ilə Türk dünyasının iş adamları üçün mühüm imkanlar təqdim edir: "Bu istiqamətdə, xüsusilə ali təhsil, turizm və səhiyyə sahələri başda olmaqla iqtisadiyyatımızın aparıcı sektorlarında ortaq investisiya və layihələrin həyata keçirilməsi üçün bütün qardaş ölkələri Şimali Kipr Türk Cümhuriyyəti ilə əməkdaşlığa dəvət edirik.

Xüsusilə ali təhsil sahəsində beynəlxalq standartlara uyğun təhsil verən universitetlərimiz, multikultural strukturu və gənc əhalisi ilə Şimali Kipr Türk Cümhuriyyətini bir təhsil adasına çevirmişdir. Bu potensialın Türk dünyası üçün ortaq akademik proqramlar, təqaüd imkanları, tələbə və müəllim mübadiləsi, eləcə də ortaq tədqiqat mərkəzləri vasitəsilə daha da inkişaf etdirilə biləcəyinə inanırıq.

Bununla yanaşı, rəqəmsal transformasiyanın müasir dünyada oynadığı həlledici rolu nəzərə alaraq, Şimali Kipr Türk Cümhuriyyətinin “bilişim adası” olmaq hədəfi istiqamətində mühüm addımlar atdığını qeyd etmək istərdim. Proqram təminatının hazırlanması, texnologiya sahibkarlığı və rəqəmsal xidmətlər sahəsində ortaq layihələr həyata keçirməyə və Türk dünyası gəncləri üçün yeni imkanlar yaratmağa hazırıq".

Ufuk Turganer vurğulayıb ki, turizm və sağlamlıq turizmi sahəsində malik olduğumuz təbii və insan resursları Şimali Kipr Türk Cümhuriyyətini regional cazibə mərkəzinə çevirir: "Bu sahələrdə hazırlanacaq ortaq tanıtım strategiyaları və investisiya layihələri ilə Türk dünyasının qlobal bazardakı payını artıra biləcəyimizə inanırıq.

İqtisadi əməkdaşlığımızı ortaq tariximizdən və zəngin mədəni bağlarımızdan aldığımız güclə daha da irəli aparmaq bizim ümumi məsuliyyətimizdir. Şimali Kipr Türk Cümhuriyyəti olaraq bu prosesə hər cür töhfə verməyə hazır olduğumuzu bir daha vurğulamaq istərdim.
Bu duyğu və düşüncələrlə iclasımızın uğurla keçməsini arzulayır, qəbul ediləcək qərarların bütün Türk dünyasının ümumi rifahına töhfə verməsini və xeyirli olmasını diləyirəm".

Избранный
2
1
teleqraf.com

2Источники