RU

Professor Anar İsgəndərov: Elm Günü dövlətin elmə verdiyi dəyərin davamlı xarakter daşıdığını göstərir

Bakı, 7 aprel, AZƏRTAC

Prezident İlham Əliyev Azərbaycan elminə və alimlərinə hər zaman yüksək dəyər verib. Bu münasibətin bariz nümunələrindən biri “Elm haqqında” Qanunun qəbul edilməsidir. Bu qanun elmin inkişaf strategiyasını müəyyənləşdirərək, müvafiq sahədə qarşıda duran vəzifələrə adekvat cavab verir.

AZƏRTAC xəbər verir bu sözləri AMEA-da Elm Günü münasibətilə keçirilən tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov deyib.

Professor Anar İsgəndərov çıxışında Azərbaycan elminin nailiyyətlərinin beynəlxalq müstəvidə tanıdılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bu istiqamətdə sistemli fəaliyyətin vacibliyini qeyd edib. O, tarixi faktlara da toxunaraq, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin gələcəyi naminə 100 gəncin xarici ölkələrə təhsil almağa göndərildiyini xatırladıb. Daha sonra 1969-cu ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə gənclərin xarici ölkələrdə təhsil almasına geniş imkanlar yaradıldığını, ənənənin bu gün də davam etdirildiyini bildirib.

Komitə sədri, həmçinin 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının təsis olunmasının ölkədə elmin institusional əsaslarının formalaşdırılmasında mühüm mərhələ olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Elm Gününün təsis tarixi dövlətin elmə verdiyi dəyərin davamlı xarakter daşıdığını göstərir. O, bu əlamətdar günün Azərbaycan elminin görkəmli nümayəndələri ilə birlikdə qeyd olunmasının xüsusi rəmzi məna daşıdığını vurğulayıb.

Избранный
12
1
azertag.az

2Источники