RU

Səhiyyədə İnsan Hüquqları və Cəmiyyətin Məsuliyyəti: Çingiz Ramazanlı Danışır

“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı pasiyent hüquqları və cəmiyyətin bu sahədə rolu ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, müasir səhiyyə sistemi təkcə tibbi xidmətlərin göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda fundamental insan hüquqlarının qorunmasını da əhatə edir. Onun sözlərinə görə, pasiyent hüquqları insan hüquqlarının ayrılmaz hissəsidir və hər bir fərdin keyfiyyətli, əlçatan tibbi xidmət almaq hüququ var. Bu hüquqlar beynəlxalq sənədlərdə də öz əksini tapıb və səhiyyə xidmətlərinin təşkilində insan ləyaqətinə hörmət əsas prinsip kimi çıxış edir.

Ç. Ramazanlı qeyd edib ki, pasiyentlərin məlumatlandırılmış razılığı və şəxsi məlumatların qorunması səhiyyə sistemində etimadın formalaşmasında mühüm rol oynayır. “Bu yanaşma həm pasiyent-həkim münasibətlərini gücləndirir, həm də ümumi səhiyyə mühitində şəffaflığı artırır”, – deyə o əlavə edib.

İctimaiyyətin roluna da toxunan birlik sədri vurğulayıb ki, insan hüquqlarının qorunması yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti institutları pasiyent hüquqlarının müdafiəsində mühüm platforma rolunu oynayır, maarifləndirmə fəaliyyəti isə insanların öz hüquqlarını daha yaxşı anlamasına şərait yaradır.

Ç. Ramazanlı həmçinin bildirib ki, ictimai nəzarət mexanizmləri səhiyyə sistemində şəffaflığın və xidmət keyfiyyətinin artırılmasına töhfə verir. O qeyd edib ki, cəmiyyətin fəal iştirakı daha ədalətli və inklüziv səhiyyə sisteminin formalaşmasına gətirib çıxarır.

QHT.az bildirir ki, müsahibə zamanı diskriminasiya və stigma ilə mübarizənin vacibliyinə də diqqət çəkilib. Xüsusilə həssas qrupların hüquqlarının qorunmasının prioritet məsələ olduğunu deyən sədr, bu istiqamətdə dövlət qurumları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sonda Ç. Ramazanlı qeyd edib ki, güclü hüquqi çərçivə və etik prinsiplərin tətbiqi pasiyent mərkəzli yanaşmanı daha da möhkəmləndirir: “Səhiyyə sistemi yalnız müalicə aparan struktur deyil, eyni zamanda insan hüquqlarının qorunduğu sosial institut kimi inkişaf etməlidir".

Zəhra Ağayeva

Избранный
32
qht.az

1Источники