RU

Ekspert: "Su basan ərazilərdə evlər ucuzlaşacaq"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Son günlərdə yağan güclü yağışlar səbəbilə Bakının bir çox ərazilərində evləri su basdı. Bu evlər əsasən Xırdalan, Masazır, Sulutəpə, Hövsan ərzailərində yerləşir. 

Bəs bu fəlakət sonrakı dövr üçün həmin yerlərdəki evlərin qiymətinə necə təsir edəcək? Ucuzlaşma olacaqmı?

Mövzu ilə bağlı iqtisadçı ekspert Firdovsi Xəlilov Banco.az-a bildirib ki, bu, daşınmaz əmlak bazarında qiymət azalmasına birbaşa təsir göstərir, lakin bu təsir əsasən müvəqqəti xarakter daşıyır: 

"Bir müddət sonra hava şəraiti normallaşdıqca məsələ unudulur və bazar əvvəlki vəziyyətinə qayıdır. Məsələnin kökü isə daha dərindir və bir neçə əsas səbəbdən qaynaqlanır.

İlk səbəb su basan ərazilərin böyük hissəsinin qanunsuz tikililərdən ibarət olmasıdır. Bu ərazilərdə tikintiyə qadağa qoyulmasının əsas səbəblərindən biri onların kollektorlarının axar zonalarında yerləşməsi və ya həmin ərazilərdə drenaj infrastrukturunun olmamasıdır. Buna baxmayaraq, müxtəlif hallarda bu tikililərə göz yumulur və nəticədə yağıntı zamanı sakinlər zərər görür, evlərini su basır.

İkinci əsas problem isə artıq formalaşmış yaşayış massivlərini, o cümlədən çoxmənzilli binaların yerləşdiyi əraziləri də su basmasıdır. Bu isə ölkədə drenaj və kanalizasiya sistemlərinin zəif olması və ya bəzi hallarda ümumiyyətlə heç olmaması ilə bağlıdır".

İqtisadçı müqayisə üçün qeyd edib ki, Almaniya, Avstriya və Hollandiya kimi ölkələrdə adambaşına düşən su ehtiyatları Azərbaycandan qat-qat çoxdur və yağıntılar daha intensivdir: "Buna baxmayaraq, həmin ölkələrdə yağışdan qısa müddət sonra küçələrdə su qalmır. Bunun səbəbi isə inkişaf etmiş drenaj sistemləri və suyun düzgün idarə olunmasıdır.

Avropa Birliyi standartlarına əsasən, təməl sahəsi 2000 kvadratmetrdən böyük olan binalarda yağış sularının toplanması üçün xüsusi sistemlərin qurulması tələb olunur. Yağış suyu binaların damından xüsusi depolara yönləndirilir və sonradan müxtəlif məqsədlər üçün istifadə edilir. Sahibkarlar da əlavə olaraq ərazilərdə yağıntı sularını toplayaraq ondan səmərəli istifadə edirlər".

F. Xəlilov bildirib ki, hesablamalara görə, Bakı kimi quraq bir yerdə ilk dəfəki üç günlük yağış zamanı bir hektar əraziyə təxminən 110 kubmetr şirin su düşüb: "Bu isə əslində böyük resurs deməkdir. Əgər yaşayış komplekslərində müvafiq drenaj və toplama sistemləri qurulsa, bu sudan suvarma və digər ehtiyaclar üçün istifadə etmək, hətta təmizləyərək sakinlərə təqdim etmək mümkün olardı.

Eyni problem bələdiyyələrə də aiddir. Bələdiyyələr və icra strukturları bu istiqamətdə yetərli iş görmür, bəzi hallarda isə qanunsuz tikililərə göz yumulur.

Ümumilikdə isə problemə yanaşmada sistemli çatışmazlıq müşahidə olunur. Yağıntı və daşqınlar baş verdikdən sonra məsələ qısa müddətdə unudulur və tədbirlər görülmür. Nəticədə eyni problemlər təkrar-təkrar yaşanır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
19
1
banco.az

2Источники