RU

Yumurta ucuzlaşa bilər

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib ki, ötən il Azərbaycan 100 milyon ədəddən çox yumurta ixrac edib, bunun hesabına 11 milyon ABŞ dollarına yaxın gəlir əldə edib. 2025-ci ildə ölkədə həm fərdi təsərrüfatlarda, həm də broyler müəssisələrində ümumilikdə 2 milyard 342,9 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2024-cü illə müqayisədə 1,8 % çoxdur. Ötən il 12 milyon 686,8 min ədəd damazlıq, 90 milyon 437,8 min ədəd süfrə yumurtası ixrac olunub. Əvvəlki ilə nisbətən ixracın həcmi 23 % artıb. İl ərzində yumurta ixracından Azərbaycana 10,6 milyon ABŞ dolları valyuta daxil olub.Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanın son illərdə yerli istehsalın inkişafı baxımından diqqət çəkən və ümidverici sahələrindən biri quşçuluq və yumurtaçılıq sektorudur:“Bu sahə həm struktur baxımından ciddi şəkildə formalaşıb, həm də daxili tələbatın ödənilməsində fəal rol oynayır. Artıq ölkə üzrə yumurta və quş əti istehsalı böyük ölçüdə daxili bazarın ehtiyaclarını qarşılamaq gücündədir. Son illərdə ixrac istiqamətində də mühüm nəticələr əldə olunub ki, bu da sektorun inkişaf potensialını açıq şəkildə göstərir və təqdirəlayiqdir. Lakin buna baxmayaraq, quşçuluq təsərrüfatları bir sıra ciddi problemlərlə üz-üzədir. Xüsusilə bəzi maneələr sektorun inkişafına mənfi təsir göstərir. Mövcud şəraitdə təsərrüfatların genişlənməsi, yeni istehsal sahələrinin qurulması və müasir küməzlərin tikilməsi vacibdir. Bu addımlar həm daxili tələbatın tam ödənilməsi, həm də ixrac imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Halbuki, sahədə fəaliyyət göstərən sahibkarlar artıq kifayət qədər təcrübə toplayıb, peşəkar kadr potensialı formalaşıb və real nəticələr əldə edilib. Buna baxmayaraq, inkişaf prosesi ləngiyir. Xüsusilə yeni küməzlərin tikintisi zamanı torpaq təyinatının dəyişdirilməsi ilə bağlı çətinliklər, yerli icra hakimiyyəti və şəhərsalma strukturlarının yaratdığı maneələr sahibkarların fəaliyyətini çətinləşdirir”.O bildirib ki, quşçuluq sektoruna daha ciddi dövlət dəstəyi göstərilərsə, bazarda qiymət artımının qarşısını almaq mümkün olar:“Yem, dərman vasitələri və texniki avadanlıqların qiymətlərində artım müşahidə olunur və ölkədə inflyasiya amili də təsirsiz ötüşmür. Bununla belə, yerli istehsalın güclü olması qiymətlərin sabit qalmasında mühüm rol oynayır. Hər bir təsərrüfatın əsas məqsədi rentabelli fəaliyyət göstərmək olsa da, daxili tələbatın yerli imkanlar hesabına ödənilməsi strateji baxımdan böyük uğurdur. Qida təhlükəsizliyinin təmin olunması və qiymət sabitliyinin qorunması baxımından bu sahənin dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. Quşçuluq sektoru ölkədə əldə olunan real uğurların nümunəsi kimi qiymətləndirilə bilər və bu uğurların qorunub saxlanılması vacibdir. Bu nəticələrin əldə olunmasında Quşçular Birliyinin rolu xüsusilə qeyd olunmalıdır. Birliyin fəaliyyəti nəticəsində sahədə təşkilatlanma güclənib, dövlətlə sahibkarlar arasında dialoq formalaşıb. Sektorla hökumət arasında qurulan bu qarşılıqlı əlaqə əldə olunan uğurların əsasını təşkil edir. Ümid edilir ki, bu dialoq davamlı olacaq və gələcəkdə daha böyük nailiyyətlərin əldə olunmasına zəmin yaradacaq”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
demokrat.az

1Источники