RU

KİV: "Crocus" terrorun təşkilatçıları Moskvada daha bir qanlı hücum planlaşdırırdılar

"Crocus City Hall" konsert zalındakı terror aktının təşkilatçıları Moskva ərazisində ikinci bir hücum həyata keçirməyi planlaşdırsalar da, sonradan bu fikirdən daşınaraq bütün güclərini yalnız "Crocus"a yönəltmək qərarına gəliblər.

Bu barədə TASS-a məhkəmə prosesinin iştirakçılarından biri məlumat verib.

"İstintaq tərəfindən müəyyən edilib ki, xaricdə yaşayan Sayfullo adlı kurator təlim keçmiş silahlıları Moskva ərazisində iki terror aktı törətməyə hazırlayıb. İkinci terror hücumunun "Crocus City Hall"a edilən basqınla eyni vaxtda həyata keçirilməsi nəzərdə tutulurdu. Plana əsasən, ikinci hücumda iki, "Crocus"da isə üç nəfər iştirak etməli idi", - deyə agentliyin mənbəsi bildirib.

Terrorçuların Sayfullo adlı kuratoru axtarışa verilib, onun Rusiya Federasiyasından kənarda olduğu məlumdur.

İkinci terror aktının yeri və onun icra üsulu qeyd olunmasa da, bildirilib ki, bu hücum nəticəsində də çoxlu sayda insanın öldürülməsi planlaşdırılırdı.

"Crocus City Hall"a hücumdan düz bir həftə əvvəl kurator icraçılara bildirib ki, qanlı aksiyada təkcə Şamsidin Fariduni, Dalercon Mirzoyev və Saidakrami Racabalizoda deyil, həm də əvvəlcə ikinci terror aktını törətmək üçün cəlb edilməsi planlaşdırılan Muhammadsobir Fayzov da (hamısı Rusiya Federasiyasında terrorçular siyahısına daxil edilib) iştirak edəcək.

Qeyd edək ki, məhkəmə prosesi 2025-ci il avqustun 4-də başlayıb və Moskva Şəhər Məhkəməsinin bazasında keçirilib. Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işi 427 cilddən ibarət olub. 2026-cı il martın 12-də İkinci Qərb Dairə Hərbi Məhkəməsi "Crocus City Hall" konsert zalında dəhşətli terror aktını birbaşa icra edən dörd nəfəri - Şamsidin Fariduni, Dalercon Mirzoyev, Muhammadsobir Fayzov və Saidakrami Racabalizodanı ömürlük həbs cəzasına məhkum edib. Onların hamısı Rusiya Federasiyasında terrorçu və ekstremistlərin siyahısına daxil edilib.

Xatırladaq ki, Moskvaətrafı Krasnoqorskdakı "Crocus City Hall"da terror aktı 22 mart 2024-cü ildə baş verib və müasir Rusiya tarixinin ən qanlı terror hadisələrindən biri olub. Silahlı şəxslər əfsanəvi "Piknik" rok qrupunun konsertinə tamaşaçıların toplaşdığı vaxt konsert kompleksinə daxil olublar. Terrorçular tamaşaçılara və işçilərə atəş açıb, daha sonra isə binanı yandırıblar. Terror aktı nəticəsində 149 nəfər həlak olub, daha 609 nəfər zərərçəkmiş kimi tanınıb. Bir nəfər hələ də itkin düşmüş hesab olunur. Zərərçəkmişlərin sayına görə "Crocus"dakı faciə 2002-ci ildə Dubrovkadakı teatr mərkəzində girov götürülməsi hadisəsi (130 nəfər həlak olub) ilə müqayisə edilə bilər. Növbəti terror hadisəsi isə 2004-cü ildə Beslanda baş verib - burada 334 nəfər həlak olub.
Избранный
7
7news.az

1Источники