RU

Azərbaycan-Gürcüstan əlaqələri: İqtisadi-strateji əməkdaşlıqda mühüm model

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana rəsmi səfərə gedib. 

Səfər çərçivəsində keçirilən görüşlər zamanı Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edərək iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.  

“Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasındakı münasibətlərin strateji və iqtisadi aspektlərini aydın şəkildə nümayiş etdirir. 

Deputat qeyd edib ki, dövlət başçısı səfərin ikitərəfli əlaqələrə yeni təkan verəcəyinə əminliyini bildirib, tarixi dostluq ənənələrinin müasir iqtisadi əməkdaşlıq zəminində uğurla davam etdiyini vurğulayıb: 

“Gürcüstanın dinamik iqtisadi inkişafı və əlverişli sərmayə mühiti Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Cənab Prezidentin sözlərinə görə, ölkədəki sabit siyasi mühit sərmayələrin cəlbi üçün əsas amillərdən biridir və məhz bu səbəbdən Azərbaycan investorları Gürcüstana ciddi maraq göstərirlər. 

Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. 2025-ci ildə ticarət dövriyyəsi 800 milyon dolları ötüb. İlkin rüb göstəriciləri isə 2026-cı ilin sonuna qədər bu rəqəmin 1 milyard dollara çatacağını deməyə əsas verir. 

İqtisadi əməkdaşlıq yalnız iki ölkənin maraqlarına xidmət etmir, eyni zamanda Cənubi Qafqazda regional sabitliyin və inkişafın möhkəmlənməsinə töhfə verir”. 

Tahir Mirkişili əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycan–Ermənistan sülh prosesində iqtisadi əməkdaşlığın əsas vasitələrdən biri olduğunu qeyd edib və Gürcüstanın tranzit rolunun bu prosesin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb: 

“Ticarət əlaqələrinin məhz Gürcüstan vasitəsilə həyata keçirilməsi region ölkələri arasında inteqrasiyanın mühüm elementlərindən biridir. Enerji və nəqliyyat sahələrində əməkdaşlıq isə strateji əhəmiyyət daşıyır. 

Azərbaycan qazının 16 ölkəyə ixrac olunması və bu ixracın Gürcüstandan başlanması ölkənin regional enerji təhlükəsizliyindəki rolunu aydın şəkildə nümayiş etdirir. 

Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi artıq 20 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir və geniş coğrafiyanın enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, Orta Dəhliz çərçivəsində həyata keçirilən nəqliyyat layihələri Azərbaycan və Gürcüstanı Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərinə çevirir, regionun logistika potensialını əhəmiyyətli dərəcədə artırır”. 

Deputat vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasındakı iqtisadi əməkdaşlıq modeli həm iki ölkə, həm də bütövlükdə region üçün nümunəvi xarakter daşıyır: 

“Qarşılıqlı hörmət, ortaq maraqlar və iqtisadi fayda prinsipləri üzərində qurulan bu tərəfdaşlıq Cənubi Qafqazın sabitlik və inkişaf məkanına çevrilməsinə ciddi töhfə verir. Yeni layihələr, birgə investisiya təşəbbüsləri və davamlı iqtisadi dialoq əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir. 

Bu əməkdaşlıq Cənubi Qafqaz üçün yalnız iqtisadi deyil, eyni zamanda strateji əhəmiyyət kəsb edir. Azərbaycan–Gürcüstan iqtisadi əlaqələri regionda sülhün və sabitliyin qorunması, qarşılıqlı inamın möhkəmləndirilməsi və ortaq faydanın təmin olunması baxımından mühüm model olaraq qalır”. 

Избранный
9
5
cebheinfo.az

6Источники