RU

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 380-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, səkkizinci və doqquzuncu hissələrində, 13-1.2-ci (hər iki halda) və 13-1.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 13-cü maddəsinin səkkizinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, doqquzuncu hissəsində və 13-1.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.4. həmin Qanunun 13-1.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Dövlət Ekoloji Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Qanunun 13-1.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur. 2. “Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar” təsdiq edilsin (əlavə olunur). 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 3.1.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasını; 3.1.2. həmin Qanunun 13-cü maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsi qaydasını; 3.1.3. həmin Qanunun 13-1.5-ci maddəsinə uyğun olaraq, yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydasını; 3.2. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 380-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 4. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 247 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2.1-ci bənddə “cümləsində və yeddinci hissəsinin birinci cümləsində” sözləri “və üçüncü cümlələrində, yeddinci hissəsinin birinci cümləsində, səkkizinci və doqquzuncu hissələrində, 13-1.2-ci (hər iki halda) və 13-1.5-ci maddələrində” sözləri ilə əvəz edilsin; 4.2. 2.2-ci bəndə “Qanunun” sözündən sonra “13-cü maddəsinin səkkizinci hissəsində,” sözləri əlavə edilsin; 4.3. 2.4-cü bəndə “Qanunun” sözündən sonra “13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, doqquzuncu hissəsində, 13-1.5-ci maddəsində,” sözləri əlavə edilsin; 4.4. aşağıdakı məzmunda 2.11-1-ci və 2.11-2-ci bəndlər əlavə edilsin: “2.11-1. həmin Qanunun 13-1.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Dövlət Ekoloji Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.11-2. həmin Qanunun 13-1.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;”.

Избранный
2
2
buta.tv

3Источники