RU

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 380-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 380-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, səkkizinci və doqquzuncu hissələrində, 13-1.2-ci (hər iki halda) və 13-1.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 13-cü maddəsinin səkkizinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, doqquzuncu hissəsində və 13-1.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 13-1.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Dövlət Ekoloji Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 13-1.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.

2. “Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsinə uyğun olaraq, yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasını;

3.1.2. həmin Qanunun 13-cü maddəsinin doqquzuncu hissəsinə uyğun olaraq, yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsi qaydasını;

3.1.3. həmin Qanunun 13-1.5-ci maddəsinə uyğun olaraq, yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydasını;

3.2. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 380-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 247 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “cümləsində və yeddinci hissəsinin birinci cümləsində” sözləri “və üçüncü cümlələrində, yeddinci hissəsinin birinci cümləsində, səkkizinci və doqquzuncu hissələrində, 13-1.2-ci (hər iki halda) və 13-1.5-ci maddələrində” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bəndə “Qanunun” sözündən sonra “13-cü maddəsinin səkkizinci hissəsində,” sözləri əlavə edilsin;

4.3. 2.4-cü bəndə “Qanunun” sözündən sonra “13-cü maddəsinin ikinci hissəsinin üçüncü cümləsində, doqquzuncu hissəsində, 13-1.5-ci maddəsində,” sözləri əlavə edilsin;

4.4. aşağıdakı məzmunda 2.11-1-ci və 2.11-2-ci bəndlər əlavə edilsin:

“2.11-1. həmin Qanunun 13-1.2-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Dövlət Ekoloji Ekspertiza Agentliyi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.11-2. həmin Qanunun 13-1.2-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2026-cı il

Избранный
33
xalqqazeti.az

1Источники