RU

Azərbaycanın ilk milyarderinin MÜƏMMALI ÖLÜMÜ – Yelmar Məmmədov hansı sirri özü ilə apardı?

Azərbaycanın biznes tarixində iz qoymuş, fəhləlikdən milyarderliyə qədər yüksələn və ölümü bu günə qədər müəmmalı qalan ilk rəsmi milyarder kimi tanınan Yelmar Məmmədovun həyat yolu həm uğur, həm də sirr dolu bir hekayədir.

NOCOMMENT.az  Yelmar Məmmədov haqqında maraqlı faktları təqdim edir.

1958-ci il iyunun 28-də Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olan Yelmar Məmmədov erkən yaşlarından həyatın ağır sınaqları ilə üzləşib. Kiçik yaşlarında anasını itirərək yetim qalan Yelmar uşaqlıqdan çətinliklərlə mübarizə aparmalı olub. Orta məktəbi bitirdikdən sonra Bakıya üz tutaraq ali məktəbə daxil olmağa çalışsa da, müsabiqədən keçə bilmir. Doğma rayona qayıtmaq istəməyən gənc Yelmar 1975–1976-cı illərdə paytaxtda qalaraq zavodda fəhlə kimi çalışmağa başlayır.

Hərbi xidmətdən sonra, 1978-ci ildə taleyini dəyişmək üçün Özbəkistanın paytaxtı Daşkəndə gedir. Burada həm işləyir, həm də təhsilini davam etdirir. 1983-cü ildə Daşkənd Ali Milis Məktəbinə daxil olur, daha sonra isə Moskvada Ümumittifaq Ali Hüquq Məktəbinin qiyabi şöbəsində təhsil alır.

Maddi çətinliklər səbəbindən Daşkəndi tərk edən Yelmar Məmmədov Rusiyanın Uxta şəhərinə yollanır. Burada Neft Kəşfiyyatı İdarəsində fəaliyyətə başlayır və qısa müddətdə fəhləlikdən ustalığa, mühəndisliyə, şöbə rəisliyinə və baş mühəndisin müavini vəzifəsinə qədər yüksəlir. Sahibkarlıq sahəsində qazandığı uğurlar onu Komi Muxtar Respublikasında xalq deputatı statusuna qədər gətirib çıxarır.

1988-ci ildə SSRİ-də sahibkarlıq haqqında qanunun qəbul edilməsi Yelmar Məmmədov üçün yeni imkanlar açır. O, əvvəlcə dörd nəfərlə “Trud” kooperativini yaradır, daha sonra isə 1990-cı ildə “Mariya” Assosiasiyasını təsis edir. Bu qurumun müxtəlif şəhərlərdə filiallarını açır, eyni zamanda bir neçə bank yaradır.

1992-ci ilin avqustunda müvəqqəti olaraq Azərbaycana qayıdan Yelmar Məmmədov Qarabağ müharibəsində baş verən məğlubiyyətlərdən sarsılır. Bu səbəbdən xaricdən təyyarə icarəyə götürərək cəbhəyə geyim və ərzaq yardımı göndərir. Daha sonra Bakıda “Yelmar İnterneyşil” kooperasiyasını yaradır. Bu qurumun tərkibinə 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi və sığorta şirkəti daxil idi. Qısa müddətdə burada çalışanların sayı 3000 nəfəri ötür.

Xeyriyyəçilik fəaliyyəti ilə də seçilən Yelmar Məmmədov Bakıda “General Məhəmməd Əsədov” mükafatına layiq görülür.

Lakin onun həyatının sonu da ən az yüksəlişi qədər müəmmalı olur. 1995-ci il aprelin 12-də həyat yoldaşı ilə birlikdə Tacikistanın Pəncəkənd şəhərində olarkən qəfil və şübhəli şəraitdə dünyasını dəyişir. Rəsmi məlumatlarda onların qaldıqları otaqda qaz sızması nəticəsində boğularaq öldükləri bildirilsə də, bu hadisə uzun illərdir sifarişli qətl kimi müzakirə olunur.

Yelmar Məmmədovdan iki qız və iki oğul olmaqla dörd övlad yadigar qalıb. Onun məzarı Bakının Yasamal qəbiristanlığında yerləşir.

Turan
NOCOMMENT.az

Избранный
40
3
nocomment.az

4Источники