RU

Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir - TƏHLİL

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində keçiridyi görüşlərdə, mətbuata bəyanatında bu çağırışı bir daha səsləndirdi ki, sülh  prosesini gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək

«Yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir. Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bu gün müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir.» Aprelin 6-da Gürcüstanda dövlət səfərində olan Prezident İlham Əliyev  Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə  mətbuata bəyanatlarında  onu da qeyd etdi ki,  bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Biz bundan sonra da bu yolla uğurla gedəcəyik.  

Son beş ildən artıq dövrün əsas gerçəkliyi budur ki, Azərbaycan tarixi Zəfəri, suverenliyinin  tam bərpası ilə regionda və dünya siyasətində yeniliklərə yol açdı.  Yeni  reallıqlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsində, yeni əməkdaşlıq formatlarının yaranmasında, ənənəvi tərəfdaşlarla əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində, yeni körpülərin qurulmasında özünün aydın ifadəsini tapır. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə dəstək diqqətdən kənarda qalmır. Azərbaycan dünyaya sülhə nail olmağın yolunu, təcrübəsini təqdim etdi. Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd edildiyi  kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir.  

  Tarixi Zəfərimizin reallıqları digər sahələr kimi, xarici siyasət uğurlarımızda da özünün aydın ifadəsini tapır. Bunun üçün təkcə cari ilin ötən dövründə cənab İlham Əliyevin xarici ölkələrə, eyni zamanda, bu və ya digər ölkələrin  rəhbərlərinin Azərbaycana səfərlərinin xronologiyasına diqqət yetirmək kifayətdir. Yanvarın əvvəlində  dövlətimizin başçısı İlham Əliyev  ənənəvi keçirilən Davos İqtisadi Forumunun iclasında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər etdi. Həmin səfər çərçivəsində dövlətimizin başçısı   ABŞ Prezidenti Donald Trampın təşəbbüsçüsü olduğu Sülh Şurasının Nizamnaməsinin imzalanması mərasimində iştirak etdi. Azərbaycan  Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfəri də ölkə və dünya mətbuatında geniş məzakirə edildi. Cənab İlham Əliyevin bu mükafata layiq görülməsi sülhə nail olmaq üçün göstərdiyi  qətiyyətə verilən yüksək dəyər oldu. Dövlətimizin başçısının növbəti səfəri Münxen Təhlükəsizlik  Konfransında iştirak etmək üçün Almaniyaya  oldu. Bunun ardınca isə Serbiyaya rəsmi səfər etdi. Cənab İlham Əliyevin qısa müddətdə etdiyi səfərləri sırasında Sülh Şurasının toplantısında iştirak etmək üçün ABŞ-a işgüzar səfəri mühüm əhəmiyyət kəsb edən hadisə  oldu. Göründüyü kimi, hər bir səfər Azərbaycanın dünyada  yerinin və rolunun təqdimatında öz sözünü dedi. Bu səfərlər zamanı keçiriləcn beynəlxalq tədbirlər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirilən görüşləri də nəzərə alsaq beynəlxalq problemlərin həllində Azərbaycanın mövqeyinə, yanaşmasına nə qədər böyük önəm verildiyini görə bilərik.  Cənab İlham Əliyevin liderliyi, ölkəsini daim  uğurlara, zəfərlərə doğru aparması, təkmil inkişaf modelini ortaya qoyması təqdirolunan mühüm məqamlar sırasındadır. Azərbaycanın bu günlərdə ənənəvi olaraq ev sahibliyi etdiyi  “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forum da özündə mühüm çağırışları ehtiva etdi. Cənab İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında  bir daha Azərbaycanın malik olduğu üstünlüklərdən, sülh təcrübəsindən geniş bəhs etdi. Bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamtəində Azərbaycanın göstəridiyi səyəlr, qətiyyət təqdir edildi. Forumda cənab İlham Əliyev bir daha vurğuladı  ki, biz artıq sülh şəraitində yaşayırıq, hələlik cəmi yeddi aydır. Bu, bir daha göstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun. Bizə gəldikdə, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası illər, təqribən 30 il çəkdi. Bunu BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirdik.

   Dövlət başçısı İlham Əliyevin Gürcüstana dövlət səfəri zamanı keçiridyi görüşlərdə,  qardaş  ölkənin Baş naziri  İrakli Kobaxidze ilə  birgə  mətbuata bəyanatlarında da diqqət göstəridiyi əsas məsələ  Azərbaycanla Ermənistan arasında sülh prosesi oldu. Cənab İlham Əliyev bildirdi ki,  bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir. Sülh  prosesini gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil: «Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim.»

    Qısa təhlil bu kimi ümumiləşdirmələrə əsas verir ki,  Azərbaycanın münasibətlərdə  qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verməsi  xarici siyasət uğurlarının davamlılığında əhəmiyyəçtli rol oynayır. Azərbaycan-Gürcüstan münasibətlərinə gəldikdə isə, dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Belə ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə  qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri  dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Münasibətlərimizin bugünkü inkişaf  səviyyəsinə çatmasında möhkəm təməl əhəmiyyətli rol oynayır ki, burada Ümummilli Lider Heydər Əliyevin və  Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin rolunu xüsusi qeyd etməliyik. Ümumiyyətlə, əməkdaşlıq əlaqələrinin inkişafında öz sözünü deyən mühüm amillərdən biri ölkə liderləri arasında səmimi dostluq münasibətləri olur. Bu amil Azərbaycan-Gürcüstan əlaqələrində də özünü nümayiş etdirir.  Onu da qeyd edək ki, 1996-cı ildə imzalanan «Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə» ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Bu günədək iki dost ölkə arasında onlarla  sənəd imzalanıb.  1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə  Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb.  2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Siyasi əlaqələr uğurla  inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır. İki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.  Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında bildirdi ki,  Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə Azərbaycanın verdiyi qəti dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Gürcüstan öz müstəqilliyini bərpa etdikdən etibarən hər zaman Azərbaycanın milli maraqlarının, suverenliyinin və ərazi bütövlüyünün güclü tərəfdarı olub, hazırda tərəfdarıdır və gələcəkdə də tərəfdarı qalacaq. Biz bu xüsusda Azərbaycan ilə Ermənistan arasında cari sülh prosesini alqışlayırıq. Gürcüstan dinc yanaşı yaşamağı, konstruktiv əməkdaşlığı və regionda yeni təşəbbüsləri qəti şəkildə dəstəkləyir: «Lazım olan təqdirdə biz hər zaman dialoqa və sülh proseslərinə şərait yaratmağa hazırıq. Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq bütöv region üçün yeni perspektivlər açır. Qlobal geosiyasi dəyişikliklər, ümumiyyətlə, Orta Dəhlizin vacibliyini, o cümlədən Qara Dənizin və Cənubi Qafqazın strateji məkan kimi əhəmiyyətini daha da artırır.»

Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi iqtisadi inkişaf üçün əsasdır. Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan dostluq, əməkdaşlıq körpüsü rolunu daha da möhkəmləndirəcək. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri  yeni dostların qazanmasında, ənənəvi tərəfdaşlarla əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

Yeganə Əliyeva, «İki sahil»

Избранный
15
ikisahil.az

1Источники