RU

Əlincə və Akyaka iki ölkəni birləşdirəcək

Türkiyə ilə Ermənistan arasında olan iki sərhəd-keçid məntəqəsi (Əlincə və Akyaka) bir neçə ay ərzində fəaliyyətə başlayacaq. Türkiyə işlərə Azərbaycanın Ermənistanla sülh münasibətlərinin yaranmasından dərhal sonra başlayıb. Hər iki məntəqədə qəbul və buraxılış üçün lazımi infrastruktur yaradlıb. Türkiyə tərəfində proses artıq son mərhələyə çatdırılıb. Ermənistan tərəfi isə artıq bütün lazımi hazırlıqları tamamlayıb. Türkiyə ilə sərhədlərin açılması ən çox Ermənistanın iqtisadi maraqlarını təmin edəcəkdir. Çünki Türkiyədə 70 mindən artıq erməni yaşayır və onların bir hissəsi varlı iş adamları və biznes sahibləridir. Təbii ki, onlar məhsullarını Ermənistanda satmağa maraq göstərəcəklər. Çünki onların valideynləri, qardaş-bacıları və qohum-əqrəbaları burada maddi çətinlik şəraitində yaşayırlar.

Tanınmış beynəlxalq  “Deutsche Welle” yayım şirkətinə istinadən xəbər verilir ki, 1993-cü ildən bağlı olan sərhədin açılması ilə ölkələr uzun illərdən sonra bir-birinə yaxınlaşmaqdadır. Sərhədin açılması Ermənistan baş naziri Nikol Paşinyan üçün böyük siyasi uğur olacaq. Bu uğur seçkilərdə Paşinyana əlavə dividendlər qazandıracaq, ona etimad göstərənlərin sayını əsaslı surətdə artıracaqdır. Əgər keçidlər iyun ayında keçiriləcək parlament seçkilərinə qədər fəaliyyətə başlayarsa, bu, onun lehinə ciddi arqument hesab olunacaq. Çünki Nikol Paşinyan illərdir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasını və onun ərazisindən keçməklə Qərblə inteqrasiyanı təşviq edir. Bunun üçün o, çətin mübarizə yolu keçib. Nəhayət, uzun illərdən sonra onun bu niyyəti həyata keçəcəkdir. Hazırda ölkələr arasında ticarət Gürcüstan vasitəsi ilə aparılır və ticarət dövriyyəsi ildə təxminən 300-350 milyon dollar təşkil edir.

Türkiyə-Ermənistan Ticarət Şurasının rəhbəri Kaan Soyakın fikrincə, birbaşa əlaqə ilə ticarət həcmi bir milyard dollara qədər arta bilər. Məlumat üçün deyək ki, Türkiyənin istehsal etdiyi ucuz trikotaj malları Ermənistanda həvəslə alınır. “Deutsche Welle” şirkətinin məlumatına görə, Türkiyənin şərq vilayətləri, ölkənin ən kasıb bölgələri kimi sərhədin açılmasına böyük ümidlər bəsləyir, yerli biznes ticarət və turizmin, o cümlədən Ermənistandan gələn turistlərin artmasını gözləyir. Məlumdur ki, o yerlərdə saysız-hesabsız qədim abidələr, təbiətin əsrarəngiz mənzərələri var. Əlavə stimullaşdırıcı amil isə “Tramp marşrutu” adlanan Zəngəzur dəhlizidir ki, bu, Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirəcək. Bu yolla ildə milyon tonlarla yük, milyonlarla sərnişin daşınacaqdır.

Sərhəd-keçid məntəqələrinin tezliklə açılması hər kəsdən daha çox iqtisadi asılılıqda qalan kasıb Ermənistana sərf edir. “Tramp marşrutu” onu bir qədər də blokadadan çıxaracaq, açıq ölkə edəcəkdir.  Çünki bu yolla erməni iş adamları öz mallarını həm qonşu ölkədə reallaşdıra, həm də çox qısa yolla Avropaya çıxara biləcəklər. Bu isə Ermənistanın Avropaya arzulanan inteqrasiyasının baş tutması deməkdir. Ancaq ABŞ-İsrail-İran müharibəsi hazırlıq işlərinin planlaşdırılan müddətdə qurtarması üçün bir qədər tormozlayıcı təsir göstərir. Təbii ki, bu qədər dağıdıcı və şiddətli müharibə uzun sürməyəcəkdir.

Lakin İran ilə müharibə prosesi ləngidib: Yeni miqrasiya dalğası ilə bağlı narahatlıqlar sərhədin açılması üzrə danışıqların tempini bir qədər yavaşıdıb. Dediyimiz kimi, bu, müvəqqəti xarakter daşıyır. Əlincə və Akyaka sərhəd-keçid məntəqəsi tam hazır olandan sonra Türkiyə və Ermənistanın  iqtisadi, xüsusilə ticarət əlaqələri intensivləşəcək və genişlənəcəkdir. Bəlkə onda daşnaklar dostluqla yüz illərlə apardıqları düçmənçiliyin fərqini başa düşdülər. Zərərin yarısından da qayıtmaq xeyirdir. İyunun 7-dən sonra hər şey məlum olacaqdır.

Vəli İlyasov, “İki sahil”

Избранный
18
ikisahil.az

1Источники