RU

Azərbaycanda yağışlardan sonra bəzi evlərin qiyməti ucuzlaşdı: Ərazilər məlum oldu

Mart ayının son günlərində Azərbaycanda müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə ciddi fəsadlara səbəb olub. Xüsusilə fərdi yaşayış evlərinin yerləşdiyi müxtəlif ərazilərdə həyətyanı sahələrə su dolması, torpaq qatının bataqlıq vəziyyətinə düşməsi və drenaj problemləri geniş şəkildə qeydə alınıb. Bəzi yaşayış massivlərində isə suların hələ də tam çəkilməməsi mövcud problemlərin davam etdiyini göstərir.

 

Yağıntıların təsiri yalnız fərdi evlərlə məhdudlaşmayıb. Bir sıra çoxmənzilli yaşayış binalarının zirzəmiləri də su altında qalıb ki, bu da həm infrastruktura, həm də sakinlərin gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyət bir çox ərazilərdə mühəndis-kommunikasiya sistemlərinin yetərsizliyini də üzə çıxarıb.

 

Təbii hadisələr daşınmaz əmlak qiymətlərinə təsirsiz ötüşmür. Bəs intensiv yağan yağışdan sonra hansı ərazilərdə evlərin qiymətində ucuzlaşma hansında bahalaşma gözlənilir?

 

Məsələ ilə əlaqədar Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, mövsümi olaraq hər il martın sonundan avqust ayının sonunadək torpaq sahələrinə və bağ evlərinə tələbat artır. Buna baxmayaraq, 4 gün müşahidə olunan intensiv yağışlar və sel hadisələri daşınmaz əmlak bazarına birbaşa və dolayı təsirlər göstərməyə başlayıb.

 

“Xüsusilə fərdi yaşayış evlərinin yerləşdiyi bəzi ərazilərdə su basma halları qiymətlərə təsirsiz ötüşmür. Belə halların tez-tez təkrarlanması həmin zonalarda risk faktorunu artırır və nəticədə alıcıların marağını azaldır. Həmin mənzillərin təmiri bərbad hala qalıb və bu da yaxın bir neçə ayda o evlərdə nəmişlik qoxusunun qalmasına səbəb olacaq. Eyni zamanda, su basmış evlərin bərpası prosesi uzun və xərc tələb edən mərhələdir. Təmir işləri, sənədləşmə, sığorta məsələləri və bəzən kredit öhdəlikləri aylarla davam edə bilər. Bu da bazarda həmin tip daşınmaz əmlakların dövriyyəsini azaldır və satış müddətini uzadır”.

 

Ekspertin fikrincə, subasma hadisələrinin baş verdiyi bütün ərazilərdə daşınmaz əmlak qiymətləri azalacaq.

 

“Həyət evlərində baş verən bu cür proseslər bina evlərinə tələbatı artıracaq. Yağış suları altında qalan evlərin əksəriyyəti çıxarışsız mənzillərdir. Həmin mənzillərin çıxarışsız qalmasına əsas səbəb torpaq təyinatının yaşayış məntəqələrinə uyğun olmamasıdır. Həmin torpaqlar əkin-biçin üçün yararlı olduğuna görə, kommunal xətlər minimal saydadır. Təsərrüfat məntəqələrinə uyğun ərazilərdə ev tikildiyi üçün bu kimi hadisələrin yaşanması gözləniləndir”.

 

Əmlak eksperti Ramil Qasımzadə Trend-ə açıqlamasında bildirib ki, intensiv yağışlardan sonra bəzi küçə, məhəllə və təsərrüfat sahələrində gölməçələrin yaranması halları müşahidə olunur.

 

“Bu hallar əsasən qrunt sularının səviyyəsinin yüksək olduğu və kanalizasiya sisteminin mövcud olmadığı ərazilərdə daha çox qeydə alınır. Həmin ərazilərdə yerləşən fərdi yaşayış evlərinə tələbat isə nisbətən aşağıdır.Vətəndaşlar çox zaman o evləri məcburiyyət qarşısında alırlar, çünki binalardakı mənzillərə maddi imkanları çatmır”

 

Ekspert qeyd edib ki, kanalizasiya sistemi mövcud olan ərazilərdə torpaq sahələrinin qiyməti digərlərinə nisbətən bahadır.

 

“Ölkədə dörd günlük intensiv yağışlardan sonra gölməçələrin yarandığı sahələr ən çox Sabunçu, Suraxanı, Abşeron rayonunun qəsəbələrində müşahidə edildi.

 

O tipli fərdi yaşayış evlərinin əksəriyyəti qanunsuz tikililərdir, yəni heç bir sənədi olmadan ya dövlət torpaqları, ya da bələdiyyə torpaqlarının zəbti hesabına inşa olunan evlərdir”.

 

Ekspertin fikrincə, təbii hadisələr bina evlərinin qiymətini artıran amillərdəndir.

 

“Vətəndaş təbii olaraq fikirləşirlər ki, kanalizasiya sistemi olmayan ərazidə yağış yağan zaman qurun suları qalxacaq. Həmçinin belə ərazilərdə evlərin alınması xeyli təhlükəlidir.

 

Bina evlərinə isə tələbat həmişə var. Məsələn, bazarda deyərdim, tutaq ki, 100 nəfər alıcı varsa, onun 80 faizi demək olar ki, binalarda mənzil axtaranlardır

 

Fərdi yaşayış evlərini isə vətəndaşlar ən çox bağ evi kimi istifadə etmək məqsədilə alırlar”.

Tarix: 8 Aprel 2026, 08:53   
Избранный
10
1
pravda.az

2Источники