RU

Marketin qarşısında mübahisə etdiyi şəxsi bıçaqladı, 8 ay cəza aldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada və qanunsuz olaraq silah gəzdirmədə təqsirləndirilən Valeh Tahirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.

 

İttihama əsasən, hadisə 06 iyul 2024-cü il tarixdə gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən “Sahil” marketin qarşısında baş verib.

 

Belə ki, təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib.

 

Araşdırmalarla müəyyən edilib ki, Valeh Tahirov özünü digər şəxslərdən üstün tutaraq tanışı olan zərərçəkmiş şəxslə əsassız mübahisə yaradıb. Mübahisə zamanı təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəraitdə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi, soyuq silah hesab edilən ov bıçağından silah qismində istifadə edib. O, həmin bıçaqla zərərçəkmiş Uğur Məmişovun (adı, soyadı şərtidir) bud nahiyəsinə bir dəfə zərbə vuraraq sağ budun orta hissəsinin bayır səthində deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan xəsarət yetirib.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

 

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan olunub. Lakin Səbail Rayon Məhkəməsinin hökmü ilə Valeh Tahirov yalnız Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Eyni zamanda hökm ilə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə icraata xitam verilib.

 

İş üzrə dövlət ittihamçısı məhkəmə hökmündən narazı qalaraq apellyasiya protesti verib. Səbail Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qərarı ilə apellyasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü səbəblər nəzərə alınaraq bərpa edilib.

 

Dövlət ittihamçısı protestində birinci instansiya məhkəməsinin 30 aprel 2025-ci il tarixli hökmünün ləğv olunmasını, təqsirləndirilən şəxsin həm Cinayət Məcəlləsinin 221.3, həm də 228.4-cü maddələri ilə təqsirli bilinərək ona daha ağır – azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 8 Aprel 2026, 09:36   
Избранный
40
pravda.az

1Источники