RU

Azərbaycan iqtisadiyyatını nə gözləyir... Əli Məsimli ilə MÜSAHİBƏ

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı, Baş nazirinin səlahiyyətlərini icra etmiş Əli Məsimli Modern.az-a geniş müsahibə verib. (Müsahibənin əvvəlki bölümləri:

Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil  - I hissə

Bakı regionlardan çox fərqlənir - II hissə)

 

- Regional iqtisadi inkişaf baxımından Azərbaycanın müxtəlif bölgələri arasında fərqləri necə qiymətləndirirsiniz? Bu fərqlərin azaldılması üçün hansı mexanizmlər tətbiq olunmalıdır?

- Bakı ilə regionlar arasında fərqlərin azaldılması və regionlararası iqtisadi tarazlığın təmin edilməsi ölkəmizdə dayanıqlı inkişafın vacib şərtlərindən biridir. Davamlı regional inkişaf ərazilərin tarazlı sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, iqtisadi artım və məhsuldar qüvvələrin rasional bölgüsü vasitəsilə əhalinin həyat səviyyəsi və keyfiyyətindəki fərqləri azaltmağa, vətəndaşların potensialının reallaşdırılması üçün bərabər imkanlar yaratmağa və yaşayış yerindən asılı olmayaraq rahat həyat şəraiti formalaşdırmağa imkan verir.

Hazırkı vəziyyəti nəzərə alsaq, Bakı ilə regionlar arasında sosial-iqtisadi fərqlər kifayət qədər kəskindir. Bir tərəfdə Azərbaycan ərazisinin cəmi 2,5 faizini əhatə edən, lakin ölkə iqtisadiyyatında 70 faiz və daha çox paya malik Bakı dayanır. Digər tərəfdə isə ölkə ərazisinin 97,5 faizini əhatə edən, böyük potensiala malik olmasına baxmayaraq iqtisadiyyatda cəmi 30 faiz və ya daha az paya sahib regionlar yerləşir.

Ümumi məhsul buraxılışında, xüsusilə sənaye istehsalında, dövlət büdcəsinin formalaşmasında, kredit təminatında və sosial xidmətlərdə regionların payı hələ də aşağı səviyyədədir.

Bu baxımdan regionların inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bakı ilə regionlar arasında fərqlərin azaldılması və tarazlı inkişafın təmin olunması məqsədilə 2004–2008, 2009–2013, 2014–2018 və 2019–2023-cü illəri əhatə edən dörd dövlət proqramı həyata keçirilib.

 

Son 20 ildə regionlara 104 milyard manat investisiya qoyulubRəsmi məlumatlara görə, son 20 ildə regionların sosial-iqtisadi inkişafına yönəldilmiş bu proqramlar çərçivəsində regionlara 104 milyard manat investisiya qoyulub. Bu vəsaitin böyük hissəsi infrastruktur layihələrinə yönəldilib və nəticədə regionların sosial, kommunal, rabitə və nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Həmin layihələr regionların inkişafı üçün mühüm baza formalaşdırıb. Lakin beynəlxalq təcrübə göstərir ki, infrastrukturun yaradılması ilkin və vacib şərt olsa da, təkbaşına kifayət deyil. Bununla yanaşı, səmərəli yerli idarəetmə sisteminin, xüsusilə yerli özünüidarəetmənin inkişafı, yerli istehsalı stimullaşdırmaq üçün kifayət qədər investisiya imkanlarının yaradılması və əlverişli biznes mühitinin formalaşdırılması da zəruridir.

Sahibkarlıq mühitinin yaxşılaşdırılması regionlarda real sektora investisiyaların artmasına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, məşğulluğun yüksəlməsinə və yoxsulluğun azalmasına ciddi təkan verə bilər.

Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərdə də Bakı ilə regionlar arasında fərqlərin azaldılması və tarazlı inkişafın təmin edilməsi xüsusi yer tutur. Bu sənəddə ikinci prioritet kimi müəyyən edilmiş “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” modelinin formalaşdırılması məhz bu məqsədə xidmət edir.

 

Bakı Azərbaycanın tək paytaxtı deyil

Doğrudur, Bakı ölkə üçün təkcə paytaxt deyil, həm də iqtisadiyyatın, gəlirlərin, məşğulluğun və biznes fəaliyyətinin cəmləşdiyi əsas mərkəzdir. Rəsmi statistikaya görə, son 10 ildə Bakı əhalisi təxminən 170 min nəfər və ya 8 faiz artaraq 2 milyon 182 min nəfərdən 2,4 milyon nəfərə yaxınlaşıb. Lakin faktiki olaraq ölkə əhalisinin daha böyük hissəsi Bakıda yaşayır.

Sənaye istehsalının 88,6 faizi Bakı və Abşeronun, cəmi 11,4 faizi isə digər 12 iqtisadi rayonun payına düşür

Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatına əsasən, ölkədə istehsal olunan sənaye məhsulunun 80,4 faizi Bakı şəhərinin, 8,2 faizi Abşeronun payına düşür.

Beləliklə, ümumilikdə sənaye istehsalının 88,6 faizi Bakı və Abşeronun, cəmi 11,4 faizi isə digər 12 iqtisadi rayonun payına düşür. Hətta ölkə ərazisinin 8 faizindən çoxunu əhatə edən və böyük potensiala malik Şəki-Zaqatala iqtisadi rayonunun payı cəmi 0,9 faiz təşkil edir. Eyni zamanda, qeyri-neft-qaz sektorunda da Bakı və Abşeronun üstünlüyü davam edir. Ümumi məhsul istehsalı və gəlirlər baxımından da paytaxt regionlarla müqayisədə xeyli irəlidədir.

Regionlarda əməkhaqqı alanların böyük hissəsi median əməkhaqqından, pensiyaçıların isə əksəriyyəti orta pensiyadan aşağı səviyyədə gəlir əldə edirMilli Prioritetlər əsasında hazırlanmış “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda həmin dövrü əhatə edən 5 il ərzində regionlarda ümumi məhsul istehsalının 2021-ci ildəki 35 faizdən 42 faizə çatdırılması hədəflənib. Buna nail olmaq üçün Bakı ilə regionlar arasında fərqlərin azaldılması və tarazlı inkişafın təmin edilməsi istiqamətində təsirli tədbirlərin görülməsi vacibdir. Regionların əksəriyyətində əməkhaqqı ölkə üzrə orta göstəricidən 1,6 -1,7 dəfə, Bakı ilə müqayisədə isə təxminən 2 dəfə aşağıdır. Ötən il ölkə üzrə orta əməkhaqqı 1100 manatı keçsə də, regionlarda əməkhaqqı alanların böyük hissəsi median əməkhaqqından, pensiyaçıların isə əksəriyyəti orta pensiyadan aşağı səviyyədə gəlir əldə edir.

Təsirli tədbirlər görməklə Bakı ilə regionlar arasında əməkhaqqı fərqini tam aradan qaldırmaq mümkün olmasa da, orta perspektivdə bu fərqi 1,5 dəfəyə endirmək real görünür. Bu problemin həllində yalnız simptomlara deyil, onun əsas səbəblərinə yönəlmiş tədbirlərin görülməsi vacibdir. Regionlardan Bakıya miqrasiyanın əsas səbəbləri arasında yerlərdə layiqli iş imkanlarının məhdudluğu, normal qazanc imkanlarının azlığı, yüksək maaşlı iş yerlərinin çatışmazlığı və idarəetmə problemləri xüsusi yer tutur.

İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərin ilkin nəticələri göstərir ki, yerlərdə düzgün idarəetmə və səmərəli investisiya siyasəti tətbiq edildikdə, həm istehsal, həm də gəlir səviyyəsi baxımından yüksək nəticələr əldə etmək mümkündür. Xankəndi və Şuşa nümunələri bunu təsdiq edir.

Regionların potensialının tam reallaşdırılması, insanlara fəaliyyət üçün zəruri şəraitin yaradılması və rəqabətqabiliyyətli, yüksək maaşlı iş yerlərinin açılması mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər regionlardan paytaxta miqrasiyanı azalda, eyni zamanda Bakının nəqliyyat və infrastruktur yüklənməsini də müəyyən qədər azalda bilər. 

Turizm xidmətləri geniş təbəqələr üçün əlçatan olmalıdırBakı ilə regionlar arasında fərqlərin azaldılmasında turizmin inkişafı da mühüm rol oynaya bilər. Azərbaycanın turizm potensialından daha səmərəli istifadə etmək üçün iki əsas istiqamətə diqqət yetirilməlidir.

Birincisi, turizm xidmətləri əhalinin geniş təbəqələri üçün əlçatan olmalıdır ki, daha çox vətəndaş bu imkanlardan yararlana bilsin.

İkincisi, yalnız region və qonşu ölkələr səviyyəsində deyil, qlobal səviyyədə rəqabətədavamlı turizm kompleksləri yaradılmalıdır.

Bu məqsədlə rəqabətli mühitin formalaşdırılması, qiymətlərin optimallaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, logistika problemlərinin aradan qaldırılması və turizm imkanlarının effektiv tanıdılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Təbiətin qorunması, turizm-rekreasiya zonalarının inkişafı və xidmət keyfiyyətinin artırılması regionlarda mövcud resurslardan daha səmərəli istifadə etməyə, yeni iş yerləri yaratmağa və əhalinin rifahını yüksəltməyə imkan verir.

Turizmin inkişafı ilə əlaqədar olaraq xalq sənətkarlığı, suvenir istehsalı və xidmət sektorunun genişlənməsi də əlavə iqtisadi effekt yaradır. Bu, ölkəyə daxil olan valyuta axınını artırmaqla yanaşı, məşğulluğun genişlənməsinə və yoxsulluğun azalmasına müsbət təsir göstərir. Xüsusilə Qarabağ regionu, eləcə də Şəki-Zaqatala kimi bölgələr böyük turizm potensialına malikdir. Qaxın İlisu kəndi, Mamırlı şəlaləsinin yerləşdiyi Ləkit kəndi, Ləkit-Kötüklü, Sarıbaş, Qaşqaçay, Armudlu, Qum, Güllük və digər ərazilərdə beynəlxalq səviyyəli turizm və rekreasiya komplekslərinin yaradılması mümkündür.

Eyni zamanda Şəkinin Baş Göynük, Şin, Baş Layıski və Kiş kəndləri də turizm baxımından əlverişli ərazilərdir. Bu potensialdan istifadə üçün infrastruktur layihələrinin, yolların təmiri, körpülərin tikintisi, qazlaşdırma və digər xidmətlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda ekoloji tarazlığın qorunması, meşələrin bərpası, torpaqların eroziyasının qarşısının alınması və bioloji müxtəlifliyin qorunması istiqamətində tədbirlərin gücləndirilməsi də vacibdir.

Yerli xammala əsaslanan sənaye sahələri genişlənməlidir

Regionlarda alternativ iqtisadi mərkəzlərin yaradılması da mühüm əhəmiyyət kəsb edir. Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Ağdam, Quba və digər şəhərlər sənaye və aqrar-sənaye mərkəzləri kimi inkişaf etdirilməklə regionların iqtisadi potensialı artırıla bilər. Məsələn, əhalisi 70 min nəfərə yaxın olan Şəki şəhərinin inkişafı bütövlükdə Şəki-Zaqatala iqtisadi rayonunda (600 mindən çox əhali) və ətraf ərazilərdə iqtisadi fəallığın artmasına ciddi təsir göstərə bilər.

Regionlarda kənd təsərrüfatının səmərəliliyinin artırılması və aqrar-sənaye inteqrasiyasının gücləndirilməsi də vacibdir. Yerli xammala əsaslanan istehsal sahələrinin, qida sənayesi, yüngül sənaye, tikinti materialları, mebel, emal sənayesi və digər istiqamətlərin inkişafı regionların iqtisadi potensialını artırır. Yerli xammalın emal dərinliyinin artırılması və bu sahədə yeni müəssisələrin yaradılması xüsusi əhəmiyyət daşıyır. Perspektivli investisiya layihələrinin həyata keçirilməsi ilə regionlarda sənaye mərkəzləri və alternativ əmək bazarları formalaşdırıla bilər. Bu isə iqtisadi fəallığın paytaxtdan regionlara yönəlməsinə və həyat keyfiyyətinin yüksəlməsinə səbəb olar. Regionlarda sənaye parklarının, aqroparkların və digər iqtisadi strukturların inkişafı onların resurs potensialından daha səmərəli istifadə etməyə imkan verir. Bu, həm də yüksək texnologiyalı istehsalın genişlənməsinə şərait yaradır.

Eyni zamanda, kiçik və orta biznesin inkişafının stimullaşdırılması, kənd sahibkarlığının genişləndirilməsi, aqroşəhərciklərin və “ağıllı kənd” layihələrinin inkişafı regionlarda yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Regional inkişafın dövlət tərəfindən tənzimlənməsi mexanizmləri təkmilləşdirilməli, dövlət–özəl tərəfdaşlığı gücləndirilməli, yerli icra və özünüidarəetmə orqanları ilə əhali arasında əməkdaşlıq artırılmalıdır. Bu istiqamətdə təşəbbüslərin rəqabətli əsaslarla maliyyələşdirilməsi, yerli büdcələrin formalaşdırılmasında ictimai iştirakın təmin edilməsi və yerli icmaların layihələrinin dəstəklənməsi regionlarda iqtisadi fəallığın artmasına mühüm töhfə verə bilər.

- Yaxın 10–15 il üçün Azərbaycanın iqtisadi inkişaf strategiyasını necə görürsünüz? Əsas prioritetlər hansılar olmalıdır?

- Azərbaycan ərazi bütövlüyünü bərpa edib və suverenliyini təmin etməklə, sosial-iqtisadi inkişaf qarşısında duran ən mühüm təhdidlərdən birini aradan qaldırdı. Azərbaycan bu müharibədən təkcə qalib dövlət kimi deyil, həm də daha böyük hədəflərə nail olmağa qadir bir dövlət kimi çıxıb. Bu potensialın dolğun şəkildə reallaşdırılması milli təhlükəsizliyimizin mühüm tərkib hissəsi olan iqtisadi təhlükəsizliyimizin də yüksək səviyyədə təmin edilməsini tələb edir. Bu məsələnin optimal həlli Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişafının əsas təminatçısıdır.

İqtisadi təhlükəsizlik iqtisadiyyatın elə bir əsas komponentidir ki, onun hərtərəfli təmin edilməsi ölkənin milli maraqlarının qorunmasında aparıcı rol oynayır. Məşhur mütəfəkkir İbn Xəldun dövlət və iqtisadiyyatın qarşılıqlı münasibətlərinə dair qeyd edirdi ki, ağıllı dövlətlər dövlətin zəifləmə səbəblərini iqtisadi məsələlərdə axtarmalıdır. Bu baxımdan Azərbaycanın öz potensialına uyğun səviyyədə daha güclü iqtisadiyyata malik dövlət qurmaq və beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanları kifayət qədər genişdir.

Müstəqillik illərinin təcrübəsi, Vətən müharibəsinin nəticələri və ondan sonrakı dövrdə yaranmış regional reallıqlar göstərir ki, milli təhlükəsizliyin təmin edilməsi iqtisadi təhlükəsizliyin gücləndirilməsinə də birbaşa təsir edir. İqtisadi təhlükəsizliyin əsas meyarları, iqtisadi artım templəri, sənayedə müasir texnologiyaların payı, investisiya səviyyəsi, istehlak malları və xüsusilə ərzaq məhsulları üzrə idxaldan asılılıq, məşğulluq və işsizlik səviyyəsi, həyat standartları və digər göstəricilər, ölkənin ümumi inkişaf səviyyəsinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu baxımdan yaxın 10–15 il üçün Azərbaycanın iqtisadi inkişaf strategiyasında iqtisadi təhlükəsizliyin təmin edilməsi əsas prioritetlərdən biri olmalıdır.

Hazırda dünya düzəni sürətlə dəyişir və proqnozlaşdırılması çətinləşir. Bu şəraitdə sürət amili əsas həlledici faktora çevrilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qısa müddətdə həyata keçirilən irimiqyaslı layihələr bu amilin əhəmiyyətini aydın şəkildə nümayiş etdirir. Deməli, islahatların dərinləşdirilməsi və sistemli yanaşma ilə sürət faktorunun önə çıxarılması hesabına qarşıdakı 10–15 il ərzində yüksək və dayanıqlı iqtisadi artıma nail olmaq mümkündür. Bu isə iqtisadi inkişafın nəticələrindən bütün vətəndaşların daha dolğun şəkildə faydalanmasına şərait yaradar.

2025-ci ildə Azərbaycan iqtisadiyyatında artım tempi kəskin zəifləyərək 1,4 faizə enib

ÜDM artımında hər 1 faizlik geriləmə iqtisadiyyata 1,3 milyard manatlıq itkiyə səbəb olur

2025-ci ildə Azərbaycan iqtisadiyyatı 2024-cü ildə müşahidə olunan sürətlənmiş artım trayektoriyasından daha yavaş artım mərhələsinə keçib. Belə ki, 2025-ci ildə ÜDM artımı 2024-cü ildəki 4,1 faiz real artım və 3,5 faiz proqnoza qarşı cəmi 1,4 faiz təşkil edib. Hesablamalara görə, ÜDM artımının hər 1 faizinin əldə olunmaması təxminən 1,3 milyard manat həcmində əlavə dəyərin itirilməsi deməkdir.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2026-cı ildə artım 2,9 faiz, Mərkəzi Bankın proqnozlarına görə isə 2,4 faiz səviyyəsində gözlənilir. Beynəlxalq qurumların proqnozları da bu tendensiyanı təsdiqləyir: BVF 2,1 faiz, Dünya Bankı 1,8 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı isə 2 faiz artım proqnozlaşdırır. İqtisadi artım templərinin aşağı düşməsində neft hasilatının 1,6 faiz azalması mühüm rol oynayıb. Bununla yanaşı, qeyri-neft-qaz sektorunda da artım tempi 2024-cü ildəki 6,2 faizdən 2025-ci ildə 2,7 faizə enib. Bu göstərir ki, iqtisadi artımın yavaşlamasında təkcə neft sektorundakı enmələr deyil, həm də yeni iqtisadi modelə keçid prosesində yaranan çətinliklər, islahatların sürəti və kompleksliyi kimi amillər də təsir edir. Ona görə də yeni iqtisadi modelə keçidin müddətinin maksimum qısaldılması və iqtisadiyyatın yenidən sürətlənmiş artım trayektoriyasına qaytarılması hazırda qarşıda duran əsas vəzifələrdən biridir.

Bu kontekstdə Vətən müharibəsindən sonra Azərbaycan üçün müəyyən edilmiş orta və uzunmüddətli prioritetlər xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində ölkənin inkişaf istiqamətləri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu, rəqabətli insan kapitalının və innovasiyalar məkanının inkişafı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, eləcə də təmiz ətraf mühitə əsaslanan “yaşıl artım” modelinin tətbiqi kimi əsas hədəflər üzərində qurulub.

Bu prioritetlər eyni zamanda BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır və Azərbaycanın qlobal inkişaf proseslərinə uyğun şəkildə irəliləməsini təmin edən strateji çərçivə rolunu oynayır.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanıb və həyata keçirilir. Həmin Strategiyada dayanıqlı və sürətli inkişaf edən rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması başlıca istiqamət olmaqla yanaşı, Milli Prioritetlərdə əksini tapmış digər mühüm istiqamətlər də yer alır. Bununla yanaşı, ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, eləcə də əhalinin rifahının yaxşılaşdırılması məsələləri də bu sənəddə xüsusi əhəmiyyət daşıyır.

Orta illik iqtisadi artım hədəfi reallıqda 2,8 faizə düşərək qlobal səviyyədən geri qalır

Strategiyada nəzərdə tutulur ki, 2022–2026-cı illər ərzində iqtisadiyyatın orta illik artım tempi 3-4 faiz səviyyəsinə çatdırılsın. Lakin faktiki göstəricilər göstərir ki, 2022-ci ildə artım 4,6 faiz, 2023-cü ildə 1,1 faiz, 2024-cü ildə 4,1 faiz, 2025-ci ildə 1,4 faiz olub və 2026-cı ildə 2,9 faiz olacağı proqnozlaşdırılır. Bu isə orta illik artım tempinin təxminən 2,8 faiz səviyyəsində formalaşdığını göstərir ki, bu da son illərin qlobal orta iqtisadi artım tempindən aşağıdır. Bu müqayisə ölkəmizdə daha yüksək və dayanıqlı iqtisadi artım templərinə nail olmağın zəruriliyini açıq şəkildə ortaya qoyur.

2022–2026-cı illər üzrə Strategiyanın məntiqi davamı kimi hazırlanan “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da oxşar prioritetlərə əsaslanır və burada dayanıqlı artan iqtisadiyyatın sürətləndirilməsi, rəqabət qabiliyyətinin artırılması, inklüziv cəmiyyət quruculuğu, insan kapitalının inkişafı, işğaldan azad edilmiş ərazilərin reinteqrasiyası və yaşıl iqtisadiyyatın inkişafı kimi istiqamətlər ön plana çəkilir. Bu prioritetlər fundamental xarakter daşıyır və qarşıdakı 10–15 il ərzində də aktuallığını qoruyacaq.

Bu baxımdan yaxın perspektiv üçün Azərbaycanın iqtisadi inkişaf modelini “üç amil” prinsipinə əsaslanan optimal inkişaf modelinin reallaşdırılmasında görürük. Bu model ölkənin zəngin resurs potensialından, insan kapitalından və əlverişli coğrafi mövqedən irəli gələn inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılmasını nəzərdə tutur. Məqsəd neft amilinin dominant rol oynadığı modeldən insan kapitalına və innovasiyalara əsaslanan inkişaf modelinə keçidi sürətləndirmək və bu əsasda yüksək sürətli, dayanıqlı iqtisadi artıma nail olmaqdır.

Bu yanaşma neft amilini tam inkar etmir, lakin iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi kimi insan kapitalını və yüksək texnologiyaları ön plana çıxarır. Dünya təcrübəsi də göstərir ki, davamlı inkişaf təbii sərvətlərin bolluğu ilə deyil, elm, innovasiya və texnoloji üstünlüklər vasitəsilə təmin olunur. Bu kontekstdə “Azərbaycan Respublikasının 2040-cı ilə qədər Davamlı İnkişaf Strategiyası”nın hazırlanması məqsədəuyğun hesab olunur. Belə bir strategiyanın əsas məqsədi insan, elm və texnologiya potensialının inkişafı, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, effektiv bazar institutlarının formalaşdırılması və resurslardan səmərəli istifadə yolu ilə dayanıqlı iqtisadi inkişafın təmin edilməsidir.

Bu hədəflərə nail olmaq üçün iqtisadi təhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Xarici amillərdən minimum asılı olan yüksək sürətli və dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün struktur və institusional islahatların dərinləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və real rəqabət mühitinin formalaşdırılması vacibdir. Eyni zamanda dövlət idarəçiliyinin modernləşdirilməsi, idarəetmə sisteminin optimallaşdırılması və rəqəmsallaşdırılması, kadr potensialının gücləndirilməsi iqtisadi səmərəliliyin artırılmasında mühüm rol oynayır. Müasir dövrdə institusionallaşmış, rəqəmsallaşmış və nəticəyönümlü idarəetmə modeli uzunmüddətli sabitliyin əsas şərtlərindən birinə çevrilir.

İqtisadi siyasətdə əsas istiqamətlərdən biri də insan kapitalının inkişafıdır. Təhsil, elm və innovasiyalara əsaslanan iqtisadi modelə keçid, gənclərin potensialının inkişafı, sosial rifahın artırılması və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi bu baxımdan prioritet hesab olunmalıdır. Rəqəmsal iqtisadiyyatın inkişafı, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, süni intellektin iqtisadi fəaliyyətə inteqrasiyası yeni iqtisadi artım mənbələrinin formalaşmasına imkan yaradır. Azərbaycanın coğrafi mövqeyi, enerji resursları və beynəlxalq əməkdaşlıq imkanları bu sahədə ciddi üstünlüklər yaradır və ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün əlverişli zəmin formalaşdırır. Bununla yanaşı, sənayeləşmə və idxalı əvəz edən istehsalın genişləndirilməsi, yüksək texnologiyalı sahələrin inkişafı və aqrar-sənaye komplekslərinin gücləndirilməsi iqtisadiyyatın dayanıqlığını artırır və ixrac imkanlarını genişləndirir.

Elm xərclərinin ÜDM-də payı kritik həddən daha aşağıdır

Elm və iqtisadiyyatın inteqrasiyası xüsusi diqqət tələb edir. Hazırda elm xərclərinin ÜDM-də payı 0,2 faiz səviyyəsindədir ki, bu da kritik hədd hesab olunan 2 faizdən xeyli aşağıdır. Bu göstəricinin mərhələli şəkildə artırılması və bilik iqtisadiyyatının inkişafı zəruridir. Sosial ədalətin təmin edilməsi və yeni yaradılan dəyərin ədalətli bölgüsü də iqtisadi inkişaf modelinin əsas komponentlərindən biridir. İnsan kapitalına investisiyaların artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi dayanıqlı inkişafın əsas şərtidir. İnvestisiya siyasətinin təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Sərmayə qoyuluşlarının ÜDM-də payının hazırkı 16 faizdən 25–30 faizə çatdırılması, qeyri-neft sektoruna investisiyaların artırılması və onların strukturunun optimallaşdırılması iqtisadi artımın sürətlənməsinə ciddi təkan verə bilər.

Sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafı iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biridir. Bu sahədə əlverişli biznes mühitinin yaradılması, maliyyə resurslarına çıxışın genişləndirilməsi və mövcud problemlərin aradan qaldırılması xüsusi əhəmiyyət daşıyır.

Regional inkişafın gücləndirilməsi də prioritet istiqamətlərdən biridir. Regionların potensialının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi və Bakı ilə regionlar arasında fərqlərin azaldılması inklüziv inkişafın əsas şərtlərindən hesab olunur.Bütün bu tədbirlərin sistemli şəkildə həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının mövcud 2–3 faizlik artım trayektoriyasından 5 faiz və daha yüksək səviyyəyə yüksəlməsi, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi modelin formalaşması və əhalinin həyat səviyyəsinin ölkənin potensialına uyğun şəkildə yüksəldilməsi mümkündür.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
modern.az

1Источники