RU

İsrailli nazir “Eşref Rüya”nın aktyorunu ölümlə təhdid etdi

“Kanal D”nin sevilən serialı “Eşref Rüya”da Kadir Baba obrazını canlandıran aktyor Görkəm Sevindikin fələstinli məhbuslarla bağlı paylaşımı İsraildə böyük rezonans doğurub. 

“Yeni Sabah” xəbər verir ki, İsrailin radikal millətçi milli təhlükəsizlik naziri İtamar Ben-Qvir aktyoru hədələyib. 

G.Sevindik CNN Türk-ə açıqlamasında, “Belə bir zülmə vicdan sahibi bir insan olaraq qarşıyam. Bir sənətçi və ata kimi hisslərimi paylaşdım” deyib.

ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə Körfəz ölkələrinə də təsir etdiyi bir vaxtda, İsrail həm Livana hücumlarını davam etdirir, həm də fələstinlilərə qarşı sərt tədbirlər görür.

İsrail parlamenti Knesset qanunsuz şəkildə saxlanıldığı iddia edilən fələstinli məhbuslara ölüm hökmünün verilməsini asanlaşdıran qanunu qəbul edib. Qanuna əsasən, İordan çayının qərb sahilindəki həbsxanalarda saxlanılan minlərlə fələstinli əfv və apellyasiya hüququ olmadan ölüm cəzası ilə üz-üzə qala bilər.

Çərşənbə axşamları yayımlanan və ən çox izlənilən seriallardan biri olan “Eşref Rüya”da Kadir Baba rolunu ifa edən Görkəm Sevindik sosial şəbəkədə, “12 min fələstinli məhbusun edamı təsdiqlənib. Onların 4 mini uşaqdır... Zəhmət olmasa susmayaq. İnsanlıq bu gün ayağa qalxmayacaqsa, nə vaxt qalxacaq? İnsan olduğumuzu bu gün göstərməyəcəyiksə, nə vaxt göstərəcəyik? Susmayın. Paylaşın. Bu edamlara qarşı çıxın”, – deyə aktyor çağırış edib.

Sevindikin paylaşımı İsraildə geniş müzakirələrə səbəb olub. Milli Təhlükəsizlik naziri Ben-Qvir videomüraciətlə aktyora cavab verərək, “Eşref Rüya”dakı Kadir. Heç vaxt Kadir Baba ola bilməyəcəksən. Biz İsraildə yaşayırıq. Sən türk serialında oynayırsan. Terrorçular üçün ölüm cəzası artıq qüvvədədir” ifadələrini işlədib.

Bundan sonra İsrail siyasətini müdafiə edən bir çox sosial media istifadəçisi aktyora təhdid mesajları göndərib və seriala qarşı boykot çağırışları edib. Türkiyəli rəqəmsal media istifadəçiləri isə bu müzakirələrdə Görkəm Sevindiki dəstəkləyiblər.

Hazırda Beykozda çəkilişləri davam edən serialın setindən açıqlama verən aktyor CNN Türk müxbiri İlayda Karacaya danışıb:

“Sosial mediada bir videoya rast gəldim. Edam qərarı verilmiş bəzi insanların avtobusa mindirildiyini gördüm. Son dəfə uşaqlarına baxışlarını, onlara sarılışlarını izlədim. Vicdan sahibi bir insan, bir ata olaraq empatiya qurdum. Belə bir zülmə qarşıyam. Özümə görə reaksiya vermək istədim”, – deyə o bildirib.

“Reaksiyamın arxasındayam. Dünyanın harasında olursa-olsun zülmə qarşıyam. Vicdan və əxlaq sahibi hər kəs müharibəyə qarşı olmalıdır. Serialımız orada da izlənilir və sevilir. Mənim bu mövqeyim onları məyus etmiş ola bilər. Amma mən sadəcə normal bir insanın verməli olduğu reaksiyanı verdim”, – deyə aktyor əlavə edib.

Aydan Hacı 


Telegram kanalımız
Избранный
24
yenisabah.az

1Источники