RU

Fırça ilə yazılan məfkurə

Qafar Sarıvəlli – 70

Elə sənətkarlar var ki, onların yaratdığı əsərlər təkcə göz oxşamır, insanın ruhuna da güclü təsir edir, yaddaşına hopur. Qafar Sarıvəlli də məhz belə rəssamlardandır. Onun yaradıcılıq yolu rənglərin dili ilə danışan, hər tablosunda bir hekayə gizlənən sənət dünyasıdır. Bu aləmdə hər bir cizgi, rəng keçidi daxili harmoniyanın təzahürüdür. Sənətkarın fırçası, sanki, zamanı görüntüyə çevirir. Rəssam milli yaddaşın qatlarından süzülüb gələn estetik duyumu çağdaş bədii təfəkkürlə birləşdirir.

Qafar Sarıvəllinin əsərlərində, ilk növbədə, onun öz köklərinə, vətəninə, xalqının mənəvi dəyərlərinə nə qədər dərindən və sayğı ilə bağlı olduğu aydın görünür. O, sadəcə, gördüyünü kətana köçürmür, təsvir etdiyi obrazın yaşantılarını, sevincini və kədərini izləyiciyə ötürə bilir. Onun fırçasında canlanan obrazların hər biri insan taleyindən söz açan hekayətdir, qəhrəmanın daxili dünyasından xəbər verən bitkin sənət nümunəsidir.

Sənətkarın həyat yoluna nəzər saldıqda bioqrafik məlumatlarının yığcamlığı onun şöhrət arxasınca qaçmayan təvazökar təbiətindən və bütün varlığı ilə sənətinə bağlılığından xəbər verir. 1956-cı il yanvarın 17-də Qazax rayonunun Kəmərli kəndində doğulan Qafar Sarıvəlli Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə seçilir. Ümumilikdə, yüzdən artıq kitabın illüstrasiya müəllifi olan rəssamın yaradıcılığı müxtəlif illərdə keçirilən fərdi sərgilər və nəşr olunan 8 kataloqda geniş ictimaiyyətə də təqdim edilib. “Əliağa Şıxlinski” və “Səməd Vurğun” diplomları, 2017-ci ildə layiq görüldüyü Prezident mükafatı sənətkarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrin yüksək dəyərinin göstəricisidir.

Qafar Sarıvəllinin yaradıcılığı beynəlxalq miqyasda da yüksək qiymətləndirilib. O, 2026-cı ildə Ankarada “Türk dünyasının fəxri mədəniyyət xadimi” adına, “Beynəlxalq qızıl ulduz” medalına layiq görülüb.

Rəssamın zəngin yaradıcılıq dünyası ilə daha yaxından tanış olmaq üçün emalatxanasına baş çəkdik. Boya və kətan qoxusunun hakim kəsildiyi bu məkanda onunla həmsöhbət olduq. Emalatxananın divarlarından asılan əsərlərin hər biri bir nağıl danışır: bəziləri sükutu ilə kədərləndirir, bəziləri isə parlaq rəngləri ilə ümid qığılcımları saçır. Elə bu təəssüratlarla da müsahibimizə ilk sualımızı ünvanladıq:

– Qafar müəllim, əsərlərinizdə həm kədərli, həm də təntənəli məqamlar aydın seçilir. Sizi ən çox nə ruhlandırır: təbiətin gözəlliyi, yoxsa insanların taleyi?

– Əslində, mənim üçün bu iki məfhum bir-birindən ayrılmazdır. Təbiət varsa, onun mərkəzində mütləq insan dayanır. İnsan taleyi isə özü elə bir təbiət hadisəsidir – gah fırtınalı, gah da sakit. 70 illik ömrümün 50 ilini bu sənətə həsr etmişəm. Bu illər ərzində şahidi olduğum talelər, xalqımızın yaşadığı həm ağrılı, həm də şərəfli anlar əsas mövzularına çevrilib. Mənim üçün rəssamlıq, sadəcə, kətan üzərində rənglərdən ibarət deyil, həm də insanın daxili dünyasının, onun qəlbindəki kədərin və qürurun təsviridir.

– Deməli, rəssamlıq sizin üçün, sadəcə, bir peşə deyil, hər şeydən əvvəl, daxili dünyanızı ifadə etmək üçün mənəvi ehtiyacdır…

– Rəssamlıq mənim üçün yaşam tərzi, duyğu-düşüncələrimi görüntüyə çevirmək üsuludur. Bu maraq məndə hələ orta məktəb illərindən, təxminən 3-4-cü siniflərdən yaranıb. Qazaxın ucqar Kəmərli kəndində böyümüşəm. Orada nə bir rəsm dərnəyi vardı, nə də kimsə xüsusi olaraq əlimdən tutub mənə şəkil çəkməyi öyrədirdi. Lakin bir neçə müəllimimin həvəsləndirməsi sənət yoluma işıq saldı. Buna görə də inamla deyirəm ki, mənim rəssam olmağım heç də təsadüf deyil.

Bəzən mənə sual verirlər: “Yenidən doğulsaydın, yenə rəssam olardınmı?”. Heç tərəddüd etmədən, böyük məmnuniyyətlə “bəli” deyirəm. Seçdiyim yoldan zərrə qədər də peşman deyiləm. Çünki rəssam olmaq – dünyanı və insanı yenidən kəşf etmək deməkdir.

– Yaradıcılığınızda portret janrına da yer verirsiniz. Bir insanın surətini yaradanda onun xarakterini, mənəvi aləmini göstərmək üçün hansı detallara diqqət yetirirsiniz?

– Sənətə qrafik əsərlərlə gəlmişəm, rəngkarlığa xeyli sonralar keçmişəm. Ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr dövründə daha çox plakat janrına üstünlük vermişəm və bu sahədə həm respublika, həm də ümumittifaq miqyasında müxtəlif mükafatlara layiq görülmüşəm. Uzun müddət həm sənətşünaslar, həm də həmkarlarım məni məhz qrafika ustası kimi tanıyıblar. Lakin rəngkarlığa keçid etdikdən sonra portret janrı yaradıcılığımda özünəməxsus yer tutdu.

Bu illər ərzində yüzlərlə insan surəti canlandırmışam – sadə peşə sahiblərindən tutmuş tanınmış sənət və siyasət xadimlərinə qədər. İnsan siması mənim üçün anatomik cizgilərdən daha böyük məna kəsb edir. Portret çəkmək sadəcə göz-qaş təsviri deyil, simada gizlənən insan ruhunu duymaq və onu kətana köçürməkdir.

Mənim üçün ən vacib detal insanın peşəsini və daxili keyfiyyətini onun simasında əks etdirə bilməkdir. İstəyirəm ki, tamaşaçı kətana baxanda orada təkcə bir üz görməsin, həm də insanın kimliyini – onun alim, sürücü, memar, yaxud rəssam olduğunu duysun. İnsanın xarakteri onun baxışlarında, əllərinin vəziyyətində, hətta üzündəki yorğunluq və ya qürur izində gizlənir. Məhz bu görünməyən detalları üzə çıxarmağa çalışıram. Bu səbəbdən imzama bələd olanlar portretlərimdəki dəst-xəttimi dərhal tanıyırlar.

– Yaxşı rəssam olmaq üçün təkcə fitri istedad kifayətdirmi?

– Şübhəsiz ki, yaxşı rəssam olmaq üçün təkcə istedad, xüsusi bacarıq kifayət deyil. Hər əlinə qələm götürən şair ola bilmədiyi kimi, hər fırça tutan kəsə də rəssam demək olmaz. Bu sənət, sözün əsl mənasında, insandan böyük fədakarlıq və gərgin zəhmət tələb edir. Mən artıq 50 ildir ki, bu sənətdəyəm. Bu yarıməsrlik yol mənə öyrədib ki, rəssamlıq sonu görünməyən, sonsuz bir ümmandır. İllər öncə yaratdığım əsərlərimə bu gün baxanda bəzən onları bəyənmirəm; düşünürəm ki, o vaxt bu detalı belə çəkərdim, bu rəngi yenidən belə işləyərdim. Bu daxili narazılıq və daim daha yaxşısını axtarmaq hissi məhz çəkilən zəhmətin hesabına başa gəlir. Sənət elə bir zirvədir ki, ora gedən yol yalnız dayanmadan çalışmaqdan və özünü təkmilləşdirməkdən keçir.

– Sizin üçün sənətdə uğur nədir: əsərin maddi dəyər qazanması, nüfuzlu sərgilərdə nümayiş olunması, yoxsa, sadəcə, insanların yaddaşında qalması?

– Sadaladığınız amillərin hər biri sənətkar üçün vacibdir və bir-birini tamamlayır. Rəssamın əsəri yalnız emalatxanada, dörd divar arasında saxlaması düzgün deyil. Sənət əsəri o zaman yaşayır ki, o, tamaşaçı ilə təmasda olur. Elə sərgi salonlarının da əsas mahiyyəti budur – əsəri ictimaiyyətə təqdim etmək, onun ətrafında fikir mübadiləsi yaratmaq.

Uğur təkcə fərdi nailiyyət deyil, həm də təmsil etdiyin mədəniyyəti tanıtmaqdır. Ona görə də təkcə ölkə daxilində deyil, beynəlxalq sərgi salonlarına çıxmaq, Azərbaycan təsviri sənətini xaricdə nümayiş etdirmək çox önəmlidir. Əsər sərgilənməli, müzakirə olunmalı və nəticə etibarilə insanların qəlbində, yaddaşında özünə yer tapmalıdır. Mənim qənaətimə görə, əsl sənət uğuru əsərin emalatxanadan çıxıb geniş auditoriyaya yol tapması və gələcək nəsillərə miras qalmasıdır.

– Yarım əsrdir ki, həyatı bir rəssam gözü ilə görüb dəyərləndirir, sənətdə əks etdirirsiniz. Necə düşünürsünüz, zaman keçdikcə dünya əlvanlaşır, yoxsa saralıb- solur?

– Mən ömrüm boyu rəngin, sazın və sözün sehrində yaşamışam. Bu üçlük yaradıcılığımın və varlığımın ayrılmaz hissəsidir. Müəllifi olduğum kitablardan birində də qeyd etdiyim bu fikir mənim həyat fəlsəfəmi tam əks etdirir: “Mən dünyanı rənglərsiz, sazsız və sözsüz təsəvvür etmirəm”. Bu, sadəcə, bir ifadə deyil, mənim dünyaya baxış bucağımdır.

Demirəm ki, dünyanın rəngi dəyişir. Dünya elə həmin dünyadır, təbiət öz əzəli gözəlliyini qoruyur. Dəyişən yalnız cəmiyyət, insanların baxışlarıdır. Amma bir sənətkar üçün ilham mənbəyi olan o həqiqi dünya dəyişməz qalır. Mən bu gün də sənətə başladığım ilk günlərdəki ruh yüksəkliyi ilə çalışıram.

Əlimə fırça və ya karandaş alan kimi eyni yaradıcılıq enerjisini hiss edirəm. Çünki sənət mənim canıma, qanıma işləyib. Bu, bəzən insanın iradəsindən belə asılı olmayan daxili missiyadır. Ruhumdakı o rənglər solmadıqca, mənim üçün dünya həmişə canlı və rəngarəng qalacaq.

– Uzun illərdir ki, bu rənglərə bulaşmış emalatxanada çalışırsınız. Maraqlıdır, portretlərini yaratdığınız qəhrəmanlarınızdan kimlər burada qonaq olublar?

– Bu divarların hər qarışında bir xatirə yaşayır. Portretlərin orijinalları burada qalmasa da, o simaların ruhu və enerjisi buradadır. Bu məkanda Azərbaycan ədəbiyyatının və incəsənətinin neçə-neçə parlaq siması qonağım olub. İlyas Tapdıq, Zəlimxan Yaqub, Məmməd İlqar, yazıçı Nahid Hacızadə, şair Akif Səməd kimi unudulmaz şəxsiyyətləri dəfələrlə burada qəbul etmişəm. İndi yadıma düşənlər bunlardır, amma, əslində, bu siyahı çox uzundur. Jurnalistlər də tez-tez yanıma gəlirlər.

Mən bu emalatxanaya ilk addımımı atanda cəmi 32 yaşım var idi. Ömrümün yarısından çoxu, ən məhsuldar illəri məhz bu divarlar arasında keçib. Burada həm bir sənətkar kimi ucalmışam, həm də insan kimi qocalmışam.

– Qafar müəllim, sənət yoluna yeni qədəm qoyan gənc rəssamlara tövsiyəniz nə olardı?

– Gənc həmkarlarıma ilk və ən vacib tövsiyəm budur: rəssam olmaq istəyən şəxs, hər şeydən əvvəl, zəhmətin gücünə inanmalı, tənbəlliyi özünə yaxın buraxmamalıdır. Tez-tez övladım, nəvəm yaşında gənclər emalatxanamın qapısını döyüb eyni sualı verirlər: məndən rəssam olarmı? Mən onlarda bu sənətə bağlılığın dərəcəsini duymağa çalışıram. Çünki rəssamlıq ötəri həvəs deyil, sönməyən daxili yanğıdır.

Həqiqi sənətkar yeri gələndə ac-susuz qalmağı bacarmalı, amma sənətindən bərk yapışmalıdır. Gənclərə həmişə deyirəm ki, mən ölməmək xatirinə pendir-çörək yeyərəm, amma bu sənəti heç vaxt buraxmaram prinsipi ilə yaşamışam. Sənət fədakarlıq tələb edir. Əgər bir gəncdə sarsılmaz iradə yoxdursa, çətinliklər qarşısında geri çəkiləcəksə, bu yola çıxmaq mənasızdır.

– Əsərlərinizə diqqət yetirərkən maraqlı bir məqam nəzərdən qaçmır: palitranızda Azərbaycan bayrağının üç rəngi, sanki, bir ruh kimi çırpınır. Bu rənglərin tablolarınızda müxtəlif şəkildə cilvələnməsi estetik seçimdir, yoxsa rəmzi məna daşıyır?

– Şübhəsiz ki, bu rənglərin hər biri dərin rəmzi məna daşıyır. Mənim üçün sənətdə milli kimlik və dövlətçilik rəmzləri estetik meyarlardan daha daha uca anlayışdır. Buna görə də əsərimin çoxunda bayrağımızın rənglərindən – göy, qırmızı və yaşıldan bilərəkdən istifadə etmişəm. İstər qrafika və rəngkarlıq əsərlərində, istərsə də plakat janrında müəllifin azərbaycanlı olduğu dərhal duyulmalıdır. Sənətkarın milli kimliyi onun yaratdığı hər bir cizgidə, hər bir rəng çalarında özünü büruzə verməlidir. Lakin bəzən bu rənglərin kətan üzərində hakimiyyəti özümdən aslı olmadan baş verir. Kompozisiyanı tamamlayıb kənardan baxanda görürəm ki, yenə həmin üç rəng daha çox qabarır, ön plana çıxır. Düşünürəm ki, bu daxili ehtiyacdan doğur.

– Məşhur “Yanıq Kərəmi” tablosunda, sanki, musiqinin söylədiyi faciəni rənglərlə ifadə etmisiniz. Ümumiyyətlə, musiqi və aşıq sənəti yaradıcılığınızda nə dərəcədə rol oynayır?

– Mənim sənət dünyamın kökləri doğulub boya-başa çatdığım Qazaxın İncədərəsinə bağlıdır. Gözümü açandan orada tanınmış şairlər, yazıçılar və xüsusilə saz-söz sənətinin ustadlarını görmüşəm. Bu mühit yaradıcılığıma təsir edib; əsərlərimdə aşıq surətləri həmişə xüsusi yer tutur.

Bu sənətkarlar arasında mənə ən çox təsir edən, duyğularımı qanadlandıran, 40 ildən artıq dostluq etdiyim aşıq Ədalət Nəsibov olub. Məşhur “Yanıq Kərəmi” tablosu da məhz bu dostluğun və onun zəngin daxili dünyasına bələd olmağımın bəhrəsidir. Mən “Dədə Ədalət”in simasında musiqinin o yanğılı ruhunu 2000-ci ildə kətana köçürmüşəm.

Çoxları bu əsəri mənim yaradıcılığımın “şah əsəri” hesab edir. Hətta sənətşünaslar yüksək qiymətləndirərək ensiklopediyaya da daxil ediblər. Açığı, mən özümə qarşı hər zaman tələbkar olmuşam. Vaxtilə bu mövzuya yenidən qayıtmaq, Ədalətin obrazını fərqli çalarlarda yaratmaq istəyirdim. Lakin ustad dünyasını dəyişəndən sonra fikrimdən daşındım. Bəlkə, nə vaxtsa qismət olar, bu mövzuya yenidən qayıdaram, amma hələ ki, o tablonun daşıdığı mənəvi yük mənim üçün ən yüksək zirvədir.

– Bəs özünüzün “şah əsərim” deyə biləcəyiniz bir tablonuz varmı?

– Ustad Aşıq Ədalətin obrazını canlandırdığım “Yanıq Kərəmi” tablosu sənət aləmində yüksək qiymətləndirilsə də, mən hələ ən böyük əsərimi yaratdığımı düşünmürəm. Məncə, şah əsərim hələ yol gəlir. O, hazırda beynimdə dolaşan, ruhumda yetişən bir ideyadır. Ömür vəfa etsə, mütləq doğulacaq. Düşünürəm ki, hər bir sənətkarın daxilində hələ yaradılmamış bir şah əsərin intizarı yaşayır.

– Qafar müəllim, səmimi söhbət, sənət dünyanıza bələdçilik üçün sağ olun. Sizə cansağlığı və yaradıcılığınızda uğurlar arzulayırıq. Ümid edirik ki, ruhunuzda böyütdüyünüz o şah əsər tezliklə kətana köçərək Azərbaycan təsviri sənətinin ən parlaq incilərindən birinə çevriləcək.

Elenora HƏSƏNOVA
XQ

Избранный
18
1
xalqqazeti.az

2Источники