RU

Ağdaban faciəsinin unudulmaması milli yaddaşın qorunması üçün vacibdir — Ramil Əliyev

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində erməni silahlı birləşmələri tərəfindən törədilən dəhşətli faciə Azərbaycan tarixinin ən ağır və unudulmamalı səhifələrindən biridir. Tamamilə yandırılaraq yer üzündən silinən kənddə dinc sakinlərə qarşı misli görünməmiş vəhşiliklər həyata keçirilib, onlarla insan xüsusi amansızlıqla qətlə yetirilib.

1992-ci ilin aprelində baş vermiş Ağdaban faciəsi Azərbaycan tarixində dərin iz qoymuş ağır hadisələrdən biri kimi yadda qalıb. Bu sözləri  “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib və əlavə edib ki, bu kimi faciələrin yaddaşlarda yaşadılması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması böyük əhəmiyyət daşıyır.

R.Əliyevin sözlərinə görə, tarixi hadisələrin unudulmaması yalnız keçmişə hörmət deyil, eyni zamanda gələcək üçün mühüm dərs mənbəyidir. O qeyd edib ki, belə hadisələrin unudulması oxşar faciələrin təkrarlanması riskini artıra bilər. Sədr bu məqamı xüsusi vurğulayaraq bildirib: “Tarixi hadisələrin unudulmaması yalnız keçmişə hörmət deyil, həm də gələcək üçün dərs çıxarmaq baxımından vacibdir".

Ramil Əliyev diqqətə çatdırıb ki, Ağdaban kimi faciələrin daim xatırlanması milli yaddaşın qorunmasının ayrılmaz hissəsi hesab olunmalıdır. Onun fikrincə, bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının üzərinə mühüm vəzifələr düşür.

Sədr vurğulayıb ki, vətəndaş cəmiyyəti institutları dövlətlə cəmiyyət arasında əlaqə yaradan əsas platformalardan biridir. Onlar tarixi həqiqətlərin araşdırılması, sənədləşdirilməsi və ictimaiyyətə çatdırılması işində fəal rol oynamalıdırlar. R.Əliyevin sözlərinə görə, qeyri-hökumət təşkilatları, media qurumları və ictimai birliklər şahid ifadələrinin toplanması, arxivlərin yaradılması və tədqiqatların aparılması istiqamətində mühüm işlər görə bilər.

Ramil Əliyev bildirib ki, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması da xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq platformalarda daha fəal iştirak etməli, müxtəlif dillərdə materiallar hazırlamalı və xarici auditoriyaya çıxış imkanlarını genişləndirməlidir. Sədr qeyd edib: “Sənədli filmlər, beynəlxalq konfranslar, sərgilər və nəşrlər vasitəsilə bu hadisələr dünya ictimaiyyətinə təqdim oluna bilər".

R.Əliyevin fikrincə, sosial medianın imkanlarından istifadə etməklə daha geniş auditoriyaya çatmaq mümkündür. O əlavə edib ki, gənc nəslin bu prosesdə iştirakı davamlılığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Sədr vurğulayıb ki, gənclərin tarixi biliklərinin artırılması, onların maarifləndirici layihələrə cəlb olunması və milli yaddaşa bağlılıq hissinin gücləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Onun sözlərinə görə, təhsil sistemi və ictimai təşəbbüslər bu istiqamətdə mühüm rol oynayır.

Sonda Ramil Əliyev qeyd edib ki, Ağdaban kimi faciələrin unudulmaması üçün həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı fərdlər birgə fəaliyyət göstərməlidirlər. O bildirib ki, tarixi həqiqətlərin qorunması və yayılması ümumi məsuliyyətdir və bu işə hər kəs öz töhfəsini verməlidir.

Fatimə Nəbiyeva

Избранный
17
qht.az

1Источники