RU

Bakıda minlərlə evin sökülməsinə hazırlıq – TƏHLÜKƏ

Bir neçə gün əvvəl normadan artıq yağan yağış nəticəsində Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb. Subasmaya səbəb kimi uzun illər əvvəl Xətai rayonu, Rəşid Bağırov küçəsi 36/12b ünvanında kollektorun üzərində tikilmiş ikimərtəbəli ev göstərilib və həmin ev sökülüb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, hazırda Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağında və üzərində 1600-ə yaxın tikili mövcuddur. Qeyd olunub ki, kollektor xətlərinin üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti, onların mərhələli şəkildə sökülüb-sökülməyəcəyi, eləcə də söküntü nəzərdə tutulduğu halda sakinlərə kompensasiya verilməsi və ya alternativ yaşayış yeri ilə təmin olunması məsələləri qurumun səlahiyyətlərinə aid deyil.

Bakıda

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a bildirib ki, qanunsuz tikililərlə bağlı müxtəlif hallar mövcuddur. Onun sözlərinə görə, elə hallar olur ki, kompensasiya verilir, elə hallar da olur ki, kompensasiya verilmir: “Nərimanov rayonunda dəmir yolu xəttinin kənarında yerləşən evlər sökülən zaman kompensasiya verilmədi. Tikili qanunsuz inşa olunubsa, onunla bağlı tələb irəli sürmək çətindir. Digər tərəfdən, vətəndaşlar uzun müddət həmin ərazilərdə yaşayıblar və indiyədək onlara heç bir xəbərdarlıq edilməyib. Bu isə müəyyən mənada şərait yaradıldığını göstərir. Maraqlı məqam odur ki, vaxtilə buna niyə icazə verilib və göz yumulub, indi isə bunun əksi tələb olunur. Ölkədə çoxlu sayda qanunsuz tikililər mövcuddur. Bəzi əmlaklar xüsusi zonalarda inşa edilib və bu cür tikililərin leqallaşdırılması qanunla tənzimləndiyinə görə mümkün olmur. Belə tikililər riskli ərazilərdə yerləşir və onların gələcəyi qeyri-müəyyəndir. Bu isə əlavə risklər yaradır”.

Bakının

Ekspert deyib ki, söhbət kollektorlar, elektrik xətləri və digər təhlükəli zonalardan gedir: “Bakıda bəzi xətlərin istismar müddəti artıq başa çatıb, onlar köhnəlib və nasaz vəziyyətdədir. Bu isə qəzalı vəziyyət yaradır və həmin xətlərin dəyişdirilməsi ilə bağlı qərarların qəbul olunmasına səbəb olur. Lakin görünür ki, bu ərazilərdə artıq geniş məskunlaşma mövcuddur və insanlar orada yaşayırlar. Belə hallarda alternativ həll yolları tətbiq oluna bilər. Məsələn, kommunikasiya xətlərinin kənarı ilə yeni xətlər çəkilir, köhnə xətlər isə yaşayış evlərinin altında qalır. Gələcəkdə bu yanaşmanın tətbiqi nəticəsində həmin evlər riskli kateqoriyadan çıxarıla bilər. Bu halda həm vətəndaşların maraqları qorunar, həm də mövcud problemlər müəyyən qədər aradan qaldırıla bilər”.

Bakıda

Onun sözlərinə görə, doğrudur, yeni kommunikasiya xətlərinin çəkilməsi əlavə xərclər tələb edir, lakin bu, ən optimal həll yolu hesab olunur: “Qeyd olunur ki, çox sayda ev kollektorların üzərində yerləşir və bu halda həmin evlərin sökülmə ehtimalı mövcuddur. Bu evlər sökülə bilər və kompensasiya verilə də, verilməyə də bilər. Kompensasiya məsələsi hər bir konkret hal üzrə fərqli qiymətləndirilir. Axı insanlar bu evləri tamamilə özbaşına tikməyiblər və müəyyən səbəblər mövcuddur. Məsələn, bəzi hallarda tikililər rəsmi qurumların nəzarətində olan ərazilərdə yerləşir, hətta vətəndaş həmin qurumun abonenti kimi qeydiyyata alınır. Bu isə məsuliyyət məsələsini daha da mürəkkəbləşdirir. Belə olduqda sual yaranır: necə olur ki, həmin şəxs abonent kimi qeydiyyata alınır? Bu, müxtəlif yanaşmalardan irəli gəlir və bu məsələlərin yenidən araşdırılmasına ehtiyac var. Müxtəlif dövrlərdə və fərqli şəraitdə bu tikililər inşa edilib. Bəzən vətəndaşlara xəbərdarlıq olunsa da, tikinti davam etdirilib”.

E.Azadov deyib ki, belə hallarda kompensasiyanın kim tərəfindən ödəniləcəyi də konkret vəziyyətdən asılı olur: “Əvvəlki illərdə oxşar hallar yaşanıb və bu kimi məsələlər məhkəmə yolu ilə həll olunub. Məhkəmə qərarları əsasında vətəndaşlara müəyyən müddət verilib, onlar həmin müddət ərzində yeni yaşayış yeri taparaq köçüblər. Bu cür hallarda əsas rol məhkəmə qərarlarına məxsus olur və proses hüquqi çərçivədə tənzimlənir”.

 

Şahanə Rəhimli
Musavat.com

Избранный
11
3
musavat.com

4Источники