RU

Qızdırılan tütün məmulatlarından istifadə edənlər də CƏRİMƏLƏNƏCƏK? – HÜQUQİ İZAH

Xəbər verdiyimiz kimi, 2026-cı ilin 1 aprel tarixindən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Bununla bağlı  "Tütün və tütün məmulatı haqqında" qanuna müvafiq dəyişiklik edilib.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə  cərimələr müəyyən olunub.

Maraqlıdır, qadağa qızdırılan tütün məmulatlarına da şamil olunurmu?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov bildirib ki, qadağa yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil olunmur:

“Bu məhsullar qanunvericilikdə iki ayrı kateqoriya kimi müəyyən edilib.

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanuna elektron siqaretləri qızdırılan tütün məmulatlarından ayırmaq məqsədilə iki maddə əlavə olunub:

- 1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir.
 

- 1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.


Beləliklə, elektron siqaret qadağası qızdırılan tütün məmulatlarına (məsələn, Terea) və onların cihazlarına (məsələn, IQOS, Ploom, Glo) şamil olunmur. Bununla əlaqədar bir daha bəyan edirik ki, qızdırılan tütün məmulatlarından qanunla qadağan olunmamış yerlərdə istifadə heç bir hüquqi məsuliyyət yaratmır”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən elektron siqaret satışı ilə bağlı qadağanı pozan fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcək.

Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimələnəcək.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
5
6
bizim.media

10Источники