Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
Artıq iki həftəyə yaxındır “Elektron məhkəmə” informasiya sistemi işləmir. Vəkillər bildirirlər ki, sistemə “Asan İmza”, “Sima İmza” ilə daxil ola, məhkəmə qrafikləri ilə tanış ola bilmirlər. Bu da onların fəaliyyətinə çətinlik yaradır.
Xatırladaq ki, Prezidentin 20 may 2024-cü il tarixli Fərmanı ilə “Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülüb.
Vəkillər bildirirlər ki, bu resurs Ədliyyə Nazirliyinin balansında olduğu dövrlərdə maraqlı tərəflər üçün yetərincə əlçatan olub. Lakin tabeçilik dəyişəndən sonra bu resursda problemlər daha çox müşahidə olunmağa başlayıb.
Problemlə bağlı sorğumuza Məhkəmə-Hüquq Şurasından verilən cavabda bildirilib ki, məhkəmə-hüquq sistemində şəffaflığın artırılması, operativliyin təmin edilməsi və vətəndaş məmnuniyyətinin yüksəldilməsi məqsədilə 31.03.2026-cı il tarixdən etibarən “Elektron məhkəmə” informasiya sisteminin yeni versiyası və yenilənmiş Elektron kabinet istifadəyə verilib: “Müasir dövrün tələblərinə əsasən, 2014-cü ildən istifadəyə verilmiş “Elektron məhkəmə” informasiya sisteminin yeni interfeys və proqram təminatı əsasında yenidən qurulması zərurəti yaranıb. Yeni sistem müasir texnoloji tələblərə uyğun olaraq təkmilləşdirilib, istifadəçi dostu interfeys və geniş funksional imkanlarla zənginləşdirilib. Yenilənmiş platforma vasitəsilə vətəndaşlar, vəkillər və digər proses iştirakçıları məhkəmə xidmətlərindən daha sürətli və rahat şəkildə yararlana biləcəklər”.
Məlumatda qeyd olunur ki, yeni sistemə keçid zamanı əvvəlki platformada mövcud olan bütün data, informasiya və sənədlər uğurla yenilənmiş sistemə köçürülmüşdür və məhkəmələrin icraatında olan elektron işlər üzrə öz əksini tapmaqdadır. “Həmçinin yeni platforma daha çox məlumatı özündə birləşdirən çoxşaxəli funksional tapşırıqları icra etmək imkanına malikdir. Keçid prosesi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı müraciətlərin operativ cavablandırılması üçün Məhkəmə-Hüquq Şurasının Qaynar xətti (887) həftənin bütün günləri fasiləsiz olaraq fəaliyyət göstərməkdədir. Eyni zamanda müraciətlərin yazılı formada təqdim edilməsi məqsədilə elektron kabinet üzərindən texniki dəstək bölməsinə müraciət imkanı yaradılıb”, - Şuradan bildirilib.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.