Ermənistanda azyaşlı uşağı olan ailələrə sərhəd kəndlərində mənzil əldə etmək imkanları yaradılıb. Ölkənin Əmək və Sosial Məsələlər Nazirliyinin müşaviri Qyane Karagezyan deyib ki, sərhəd kəndlərində əhali sayının artırılması istiqamətində tədbirlər görülür.
Azərbaycanda da kəndlər boşalır. Xüsusilə də İranla, Ermənistanla sərhəddə yerləşən və gözəl təbiətə malik kəndlərin əhalisi sürətlə iri şəhərlərə köçür. İllərdir bu problemin həlli istiqamətində danışılır, amma nəticə yoxdur.
Hökumət bənzər proqramlar həyata keçirib, əhalinin kəndlərə qayıtmasını təmin edə bilər?
Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifovun sözlərinə görə, Ermənistanda uzun illərdir əhalinin kəndlərdən köçməsi prosesi davam edir:
“Bu prosesin Ermənistanı bir dövlət kimi hara apara biləcəyinin fərqində olan Paşinyan hakimiyyəti, nəhayət, müxtəlif tədbirlər görməklə vəziyyətin stabilləşməsinə nail olmağa çalışır. 44 günlük savaşdan sonra insanlar Azərbaycanla sərhəddəki yaşayış məntəqələrindən kütləvi köç etməyə başlayıblar. Onların belə seçimi etməsinin bir səbəbi sərhəddə yaşamağın təhlükəli olmasını hesab etmələridirsə, digər əsas səbəb bu yaşayış məntəqələrində normal həyat tərzinin təmin edilməməsidir. O səbəbdən də Ermənistanın indiki hökuməti əhalinin kəndlərə və birinci növbədə sərhəd zonasında yerləşən kəndlərə qayıtmasını təmin edə biləcək stimullaşdırıcı addımlar atmaq məcburiyyətində qalıb”.
Sabiq nazir deyib ki, keçən ilin avqust ayının 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandıqdan sonra Ermənistan əhalisində sərhəd kəndlərində yaşamağın təhlükəsiz olduğuna inam artıb:
“Dövlət də bu fürsətdən istifadə edib, insanları müəyyən proqramlar çərçivəsində boşalmış sərhəd kəndlərinə qaytarmağa çalışır. Azərbaycanda da bu sahədə vəziyyət o qədər ürək açan deyil. 2004-2023-cü illər ərzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı icra edildi. Bu proqramlar üzrə yerlərdə müasir infrastrukturun qurulmasını nəzərdə tutan layihələrə üst-üstə 100 milyard manatdan artıq vəsait xərcləndi. Elə bunun nəticəsidir ki, bu gün istənilən regionumuzda biznes fəaliyyəti üçün münbit şərait mövcuddur. Lakin oradan insanların iri şəhərlərə, ilk növbədə Bakıya axını dayanmır.
Səbəb nədir? Regionlarda iş yerlərinin məhdudluğu və gənclərin maraqlarını təmin edə biləcək xidmətlərin olmaması, təhsil müəssisələrinin əsasən paytaxtda və digər iri şəhərlərdə yerləşməsi kimi reallıqlar şəhəri gənclər üçün daha cəlbedici edir”.
F.Yusifov qeyd edib ki, bu gün Azərbaycanda Şərqi Zəngəzur və Qarabağa qayıdış üzrə birinci Dövlət Proqramı uğurla icra olunur:
“Yalnız 2025-ci ildə həmin torpaqlara 16 minə yaxın insan qayıdıb. Hazırda işğaldan azad olmuş ərazilərimizdə 70 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

“Bəs digər bölgələrimizdə, xüsusilə sərhəd zonalarında mövcud olan yaşayış məntəqələrinə insanların geri qayıtması və hazırda orada yaşayanların şəhərlərə köç etməməsi üçün hökumət hansı addımları atmalıdır” sualına isə sabiq nazir belə cavab verib:
“İlk növbədə başqa ölkələrin bu sahədəki təcrübəsindən istifadə edərək regionlarda, xüsusilə sərhəd yaşayış məntəqələrində iş yerlərinin açılmasını təmin edən tədbirlər görmək lazımdır. Məsələn, bu yerlərdə dövlət sifarişi ilə işləyən müəssisələr yaratmaqla insanların daimi məşğulluğunu təmin etmək olar. Başqa bir təklif sərhəd kəndlərində yaşayanlar üçün xüsusi vergi güzəştlərinin və subsidiyaların verilməsi ola bilər. Yerlərdə sosial xidmətlərin sayının artırılması və keyfiyyətinin yaxşılaşdırılması da vacib şərtlərdən biridir. Bakıda olan ali təhsil müəssisələrinin regionlara köçürülməsi də bu istiqamətdə atılan mütərəqqi addımlardan biri ola bilər. Bir sözlə, hökumət daha çox gənclərin kənd yerlərində yaşamasını stimullaşdıran addımlar ətrafında düşünməlidir. Nə qədər ki gənclərin kənddəki həyat tərzi ilə şəhərdəki həyat tərzi arasında kəskin fərqlər mövcud olacaq, gəncləri yerlərdə saxlamaq mümkün olmayacaq”.