RU

Masallıda “Yaşıl Soyqırım”: 4 saylı meşə zolağı talan edilir – kim məsuliyyət daşıyır?

Masallı rayonunda yerləşən 4 saylı meşə zolağında baş verənlər artıq adi qanun pozuntusu deyil – bu, açıq-aşkar təbiətə qarşı aparılan vandalizm, sözün əsl mənasında "yaşıl soyqırım”dır. İllərlə qorunmalı olan, dövlətin və xalqın sərvəti sayılan meşə sahəsi bu gün sistemli şəkildə məhv edilir.
Əldə etdiyimiz məlumatlara görə, ərazidə ağacların kütləvi şəkildə qanunsuz kəsilməsi halları davam edir. Ən acınacaqlısı isə budur ki, bu proses gizli yox, demək olar ki, açıq şəkildə həyata keçirilir. Sanki kimsə bu talanı görmür, ya da görmək istəmir.
Sakinlər bildirir ki, gecə saatlarında meşəyə texnika daxil olur, səhər isə artıq kökündən çıxarılmış ağacların izləri qalır. Bu isə onu deməyə əsas verir ki, proses təsadüfi deyil, planlı və təşkil olunmuş şəkildə aparılır. Bəs sual olunur – bu qədər genişmiqyaslı qırıntı kimlərin himayəsi altında baş verir?
Ekoloqların fikrincə, bu cür qanunsuz müdaxilələr təkcə ağacların məhvi ilə bitmir. Bu, torpaq eroziyasına, iqlim balansının pozulmasına və yerli ekosistemin sıradan çıxmasına səbəb olur. Yəni bu gün kəsilən ağaclar sabah region üçün daha böyük fəlakətlərin təməlini qoyur.
Daha düşündürücü məqam isə aidiyyəti qurumların susqunluğudur. Nəzarət haradadır? Meşələrin qorunmasına cavabdeh olan strukturlar niyə hərəkətsizdir? Yoxsa bu "yaşıl soyqırım” kimlərinsə maraqlarına xidmət edir?
Bu gün Masallının 4 saylı meşə zolağında baş verənlərə göz yumanlar bilməlidir ki, təbiətə qarşı törədilən cinayət cəzasız qalmamalıdır. Əks halda, sabah bu "səssiz qırğın” daha geniş əraziləri əhatə edəcək.
Məsələ ilə bağlı aidiyyəti qurumların dərhal araşdırma aparması, günahkarların cəzalandırılması və meşə zolağının qorunması üçün təcili tədbirlər görülməsi tələb olunur. Əks halda, "yaşıl soyqırım” ifadəsi sadəcə metafora yox, acı reallıq olaraq yadda qalacaq.
 
 


Избранный
3
7news.az

1Источники