
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.
Missiya.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən isə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər bu səlahiyyət sadəcə Nazirlər Kabinetində idi.
Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək.
Həmçinin, fərmana görə, 2026-ci il yanvarın 1-dək edilən müraciətlər əsasında istismarına icazə verilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin yerləşdiyi torpaqların kateqoriyasının dəyişdirilməsi həmin Fərmana uyğun olaraq həyata keçiriləcək. İndiyə qədər bu müddət 2025-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.
Həmin Fərmanla müəyyən edilmiş qaydada təqdim edilən vəsatət və ona əlavə olunan istismarına icazə verilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin yerquruluşu planı əsasında torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar qəbul edilir.