RU

“Hörmüz boğazında tariflərin tətbiq edilməsi Azərbaycanın neft bazarına da təsir göstərəcək” - RƏY

İran və Oman Hörmüz boğazından keçid üçün ödəniş alacaq. Bu, iki həftəlik atəşkəs planına da daxil edilib. Bununla İran topladığı vəsaiti yenidənqurma işlərinə sərf edəcək.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi ekspert Abutalıb Səmədov deyib ki, Hörmüz boğazından keçid üçün İranın və Omanın haqq alması dünya ölkələrinə və Azərbaycana öz təsirlərini göstərəcək.

 

O qeyd edib ki, alınan əlavə haqq neft və neft məhsullarının, benzinin qiymətinin artmasına səbəb olacaq: “Bu da dünya ölkələrinin iqtisadiyyatına təsirini göstərəcək. Azərbaycan öz neftini və qazını kəmərlər vasitəsilə dünya bazarına çıxarır. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Azərbaycan nefti və qazı dünya bazarlarına çıxarılır. Ancaq Hörmüz boğazından keçid üçün haqqın alınması Azərbaycana dolayı yolla təsir göstərəcək. Neft və qazın qiyməti qalxacaq. Bu Azərbaycanın da neft, qaz gəlirlərinə müsbət mənada təsir göstərəcək. Eyni zamanda, neftin və qazın qiymətinin artması neft məhsullarının qiymətinin artmasına gətirib çıxaracaq. Bu da bütün məhsulların maya dəyəri və qiymətlərinin artmasına səbəb olacaq və Azərbaycana mənfi təsir göstərəcək. Vəziyyətdən çıxmaq üçün dünya ölkələri alternativ yollar axtarmaq məcburiyyətində qalacaqlar və ilk ağıla gələn də Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı ola bilər”.

 

İqtisadçı Eyyub Kərimli da bildirib ki, Hörmüz boğazından keçidlə bağlı tariflərin tətbiq edilməsi neft bazarına mənfi təsir göstərəcək, xüsusilə də logistika xidmətlərində qiymətin artmasına səbəb olacaq: “Qiymət artımı bu tariflərin məbləğindən asılı olacaq. Hörmüz boğazından tək neft deyil, digər ləvazimatlar, məhsullar da ötürülür. Gübrələr, avtomobillər və digər istehsal olunan məhsullardır ki, bunlar Hörmüz boğazından gedir. Tariflərin tətbiqi müəyyən bahalaşma, qiymət artımına səbəb olacaq. Bu da dünyada inflyasiyaya səbəb ola bilər. Sözsüz ki, bu istiqamətdə Azərbaycanda da qiymət artımı müşahidə oluna bilər, əsasən də avtomobil qiymətlərində bunu görə bilərik. Çünki həmin boğazdan avtomobillər Azərbaycana da daşınır. Ümumi dünyada baş verən inflyasiya təhdidləri ölkə iqtisadiyyatına təsir edərək qiymət artımına səbəb ola bilər”.

 

Qeyd: Hörmüz boğazı həm Omanın, həm də İranın ərazi sularından keçir və dünya tərəfindən beynəlxalq su yolu kimi tanınır. Tarixən bu keçid üçün heç bir rüsum ödənilməyib.

 

Şəhanə Quliyeva

Tarix: 8 Aprel 2026, 13:47   
Избранный
20
pravda.az

1Источники