RU

Maştağanın bu ərazisi yağış sularından əziyyət çəkir, sakinlər kömək istəyir (VİDEO)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dünəndən yağışların kəsməsinə baxmayaraq, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq 2, Sadıqcan küçəsi 72 ünvanında yaşayan sakinlər son günlər yağan güclü yağışların yaratdığı fəsadlardan əziyyət çəkir.

Bununla bağlı Qaynarinfo-ya həmin ərazinin sakini, professor Mina Hacıyeva şikayət ünvanlayıb.

Mina Hacıyeva bildirib ki, yağışların dayanmasından artıq iki gün keçməsinə baxmayaraq, küçədə hələ də 30–40 santimetr hündürlüyündə su qalıb:

"Şambo, kanalizasiya və drenaj çökəklikləri su ilə dolub. Küçədən keçmək mümkün deyil, artıq su evlərə də dolmağa başlayıb. Yaxın ərazilər qurudur, amma bizim küçədə hərəkət etmək mümkünsüzdür".

Şikayətçi qeyd edib ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə müvafiq dövlət qurumlarına — xüsusən də Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, hələlik heç bir nəticə yoxdur.

Məsələ ilə bağlı səlahiyyətli qurumların mövqeyini öyrənmək üçün Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun "Növbətçi hissə"sinin Rasim adlı əməkdaşı (soyadını bildirməkdən imtina etdi) bildirib ki, bu problemin həlli onların səlahiyyətində deyil.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, mövcud qanunvericiliyə, o cümlədən "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə əsasən, qeyd edilən məsələ nazirliyin deyil, yerli icra hakimiyyəti strukturlarının, o cümlədən su-kanalizasiya təchizatı qurumlarının vəzifələrinə aiddir.

"Suyun təsiri nəticəsində evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi isə onların müraciəti əsasında tərəfimizdən həyata keçirilir. Həmçinin, insan həyatına real təhlükə yarandıqda, habelə həyat təminatı və mühüm əhəmiyyətli obyektlərin fəaliyyətinə təhlükə yarandıqda nazirliyin qüvvələri tərəfindən müvafiq tədbirlər həyata keçirilir", deyə nazirlikdən qeyd edilib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ünvandakı vəziyyətlə bağlı yerli Sukanal İdarəsi də məlumatlıdır. Lakin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil:

"Buna baxmayaraq, müvafiq Sukanal İdarəsinin briqadaları tərəfindən ərazinin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətində sakinlərə köməklik göstərilir".

Qeyd edilib ki, Sukanal İdarələri normadan dəfələrlə artıq yağan intensiv yağışlardan sonra xidməti ərazilərində yağış sularının kənarlaşdırılması işlərini gücləndirilmiş iş rejimində fasiləsiz şəkildə icra edir.

Günay İlqarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
qaynarinfo.az

2Источники