RU

DİQQƏT: Subasma nəticəsində zərər görən bu avtomobillər sığorta ödənişi ala bilər…

Son günlər ölkə ərazisində müşahidə olunan aramsız yağışlar ciddi fəsadlara yol açıb. Bir sıra ərazilərdə küçə və yolların su altında qalması nəticəsində çoxsaylı avtomobil zərər görüb, bəziləri isə tam yararsız vəziyyətə düşüb. Mövcud vəziyyət avtomobil sahibləri arasında sığorta ödənişləri ilə bağlı suallar yaradıb.

Bəs, subasma nəticəsində zərər görən hansı avtomobillər sığorta ödənişi ala bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, subasma nəticəsində zərər görən avtomobillərə görə sığorta ödənişi yalnız müəyyən hallarda mümkündür.

Onun sözlərinə görə, bu cür hallarda ödəniş yalnız kasko sığortası olan avtomobillərə şamil edilir:

“Bu, yalnız kaskosu olan avtomobillər üçün ödəniş edilə bilər. Çünki avtoicbari sığorta bu kimi hadisələri əhatə etmir. Əgər avtomobilin kasko sığortası varsa, həmin müqavilə çərçivəsində ödəniş almaq mümkündür. Lakin burada da əsas məsələ müqavilənin şərtləridir. Kasko könüllü sığorta növüdür və təminatlara əlavə və dəyişikliklər edilə bilər. Əgər subasma halı sığorta hadisəsi kimi müqavilədə nəzərdə tutulubsa, bu zaman ödəniş həyata keçirilir”.

Ekspert vurğulayıb ki, avtomobil sahibləri belə hallarla qarşılaşmamaq üçün sığorta müqavilələrinin şərtlərini əvvəlcədən diqqətlə nəzərdən keçirməli və risklərin əhatə dairəsini dəqiqləşdirməlidirlər.

Aynurə İsmayıl
KONKRET.az

Избранный
18
1
konkret.az

2Источники