RU

“Azərbaycanın karbamid ixracında əsas payı Türkiyə və Avropa ölkələrinə düşür“ EKSPERT DANIŞDI

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Karbamid həm avtomobil, həm də kimya sənayesində istifadə olunsa da, onun əsas tətbiq sahəsi kənd təsərrüfatıdır. Bu maddə xüsusilə mineral gübrələrin hazırlanmasında geniş istifadə olunur və torpağın məhsuldarlığının artırılmasında mühüm rol oynayır. Azərbaycanda karbamid istehsalı əsasən Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrində həyata keçirilir. İstehsal olunan məhsulun təxminən 90 faizi xarici bazarlara ixrac olunur ki, bu da onun ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıdığını göstərir”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın karbamid ixrac etdiyi ölkələr arasında əsas payı Türkiyə, MDB məkanı, Avropa ölkələri, xüsusilə də Şərqi Avropa regionu tutur:

”Bu ölkələrdə kənd təsərrüfatının inkişaf səviyyəsinin yüksək olması gübrəyə olan tələbatı artırır və nəticədə Azərbaycan məhsullarının ixrac payı da böyük olur. Beləliklə, karbamid ixracı həm regional əməkdaşlığın genişlənməsinə, həm də Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.

Lakin hazırda ixracın azalması bir sıra amillərlə bağlıdır. İlk növbədə, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, bazarlarda qeyri-sabitlik və geosiyasi gərginliklər ticarət həcminə mənfi təsir göstərir. Bununla yanaşı, beynəlxalq bazarda rəqabətin güclənməsi, daha ucuz istehsal imkanlarına malik ölkələrin mövcudluğu Azərbaycan məhsullarının bazar payını azalda bilər. Digər mühüm faktor isə qaz və enerji qiymətləri ilə bağlıdır. Karbamid istehsalı enerji tutumlu proses olduğuna görə enerji qiymətlərindəki dəyişikliklər məhsulun maya dəyərinə birbaşa təsir edir və bu da rəqabət qabiliyyətini zəiflədir.

İxracın azalmasının ölkənin valyuta gəlirlərinə təsiri məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu hal qısamüddətli dövrdə ciddi problem yaratmaya bilər. Lakin əgər bu tendensiya uzun müddət davam edərsə, o zaman Azərbaycanın qeyri-neft ixracından əldə etdiyi gəlirlərdə azalma baş verə bilər və bu da ümumi iqtisadi sabitliyə müəyyən risklər yarada bilər.

Gübrə bazarına təsir baxımından isə vəziyyət daha çox tələb və təklif amillərindən asılıdır. Tələbat yüksək olduğu halda qiymətlərdə artım müşahidə oluna bilər. Burada əsas məsələ keyfiyyət faktorudur. Əgər yerli istehsal zəifləyər və bazar idxal məhsulları ilə əvəz olunarsa, həmin məhsulların eyni keyfiyyət standartlarına cavab verib-verməyəcəyi sual doğurur. Bu isə kənd təsərrüfatının məhsuldarlığına birbaşa təsir edə bilər.

Mövcud azalma daha çox qlobal və geosiyasi amillərlə bağlı müvəqqəti xarakter daşıyır. Gərginliklərin azalması, bazarların sabitləşməsi və iqtisadi əlaqələrin normallaşması ilə Azərbaycan karbamid ixracının yenidən əvvəlki səviyyəyə qayıtması və hətta artması mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
4
1
sia.az

2Источники