RU

“Büdcə gəlirlərinin artımı iqtisadi aktivliyin göstəricisi ola bilər”-Eyyub Kərimli

2026-cı ilin yanvar–mart ayları üzrə dövlət büdcəsinin icrasına dair göstəricilər fiskal idarəetmənin nizamlı və çevik aparıldığını deməyə əsas verir.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli QHT.az-a açıqlamasında bildirib ki, büdcə gəlirlərinin proqnozu üstələməsi planlaşdırmanın kifayət qədər realist olduğunu göstərir. Onun sözlərinə görə, icra mərhələsində gəlir intizamı effektiv təşkil edilib.

Ekspert qeyd edib ki, vergi və gömrük daxilolmalarında intizamın güclənməsi, kölgə iqtisadiyyatın daralması və rəqəmsallaşma bu nəticələrdə mühüm rol oynayıb. Xərclərin yüksək icra səviyyəsi isə dövlət öhdəliklərinin vaxtında yerinə yetirildiyini, sosial və investisiya layihələrinin maliyyələşdirilməsində gecikmələrin olmadığını göstərir.

O vurğulayıb ki, gəlirlərin təxminən 5 faiz proqnozu üstələməsi müəyyən qədər iqtisadi aktivliyin artımı ilə bağlıdır. Lakin bu artımın əsas mənbəyi də nəzərə alınmalıdır. Əgər artım qeyri-neft sektoru hesabına formalaşıbsa, bu, real iqtisadiyyatın genişlənməsi və biznes aktivliyinin artması kimi qiymətləndirilə bilər.

Nəticə etibarilə, mövcud göstəricilər büdcə intizamının və maliyyə idarəçiliyinin qənaətbəxş səviyyədə olduğunu göstərir. Ekspert əlavə edib ki, bu müsbət dinamikanın davamlı olması üçün gəlir strukturunun sağlamlaşdırılması, qeyri-neft sektorunun payının artırılması və xərclərin səmərəlilik meyarları əsasında yönəldilməsi vacibdir.

Zəhra Ağayeva

Избранный
23
qht.az

1Источники