RU

Prezidentin Tbilisi mesajı: Qafqazda yeni strateji düzən

“Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Bakı–Tbilisi münasibətlərinin mahiyyət etibarilə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Bu səfər diplomatik protokol çərçivəsini aşaraq, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda iki ölkənin ortaq strateji gündəliyinin dərinləşməsi kimi qiymətləndirilməlidir”.

 Bunu Azreform.info -a açıqlamasında deputat Asif Əsgərov deyib.

Deputat bildirib ki, Azərbaycan–Gürcüstan münasibətlərinin gücü ilk növbədə tarixi-siyasi etimada söykənir: “Əsrlərlə formalaşmış dostluq və qardaşlıq ənənəsi bu gün müasir dövlətlərarası tərəfdaşlıq modelinə çevrilib. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını prinsipial şəkildə dəstəkləyir. Bu siyasi sinxronluq regionda hüquqi legitimlik və sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. 

Səfərin ən diqqətçəkən nəticələrindən biri iqtisadi göstəricilərin artan dinamikası oldu. Ötən il ticarət dövriyyəsinin 800 milyon dolları ötməsi və 2026-cı ilin ilk rübündə artım tempinin qorunması göstərir ki, yaxın perspektivdə 1 milyard dollarlıq iqtisadi həcm real hədəfə çevrilib. 
Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə yatırması isə əlaqələrin sadəcə ticarət yox, uzunmüddətli strateji investisiya əməkdaşlığı xarakteri daşıdığını sübut edir. Bu kapital axını nəqliyyat, logistika, enerji, bank və xidmət sektorlarında Gürcüstanın iqtisadi dayanıqlığını gücləndirən əsas sütunlardan biridir.

Daha önəmli məqam isə gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin gündəmə gəlməsidir. Bu, Bakı–Tbilisi xəttinin regional çərçivədən çıxaraq daha geniş Avrasiya iqtisadi məkanında ortaq oyunçuya çevrilməsi deməkdir”.

Yeni geosiyasi reallıq və regional model
O əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranır: “Münaqişə sonrası dövrdə regionun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi üçün Azərbaycan və Gürcüstanın ortaq təşəbbüsləri həlledici rol oynayır. 
Bu mənada Bakı–Tbilisi münasibətləri artıq yalnız iki dövlət arasındakı əməkdaşlıq deyil, qonşu ölkələr üçün də nümunəvi regional modeldir. Burada əsas üstünlük qarşılıqlı etimad, praqmatik siyasət və ortaq iqtisadi maraqların uzlaşdırılmasıdır.

Enerji və Orta Dəhliz: strateji onurğa sütunu
Azərbaycan və Gürcüstan əməkdaşlığının əsas dayaqlarından biri enerji və nəqliyyat bağlantılarıdır. Artıq Bakı–Tbilisi–Ceyhan boru kəməri xətti artıq 20 ildir uğurla fəaliyyət göstərir, Cənub Qaz  Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Orta Dəhliz isə Çin–Mərkəzi Asiya–Cənubi Qafqaz–Avropa xəttində əsas logistika arteriyasına çevrilib. Bu layihələr Gürcüstanı tranzit qovşağı, Azərbaycanı isə etibarlı enerji və bağlantı mərkəzi kimi möhkəmləndirir.
Strateji tərəfdaşlığın dayanıqlığı yalnız enerji və siyasətlə ölçülmür. Təhsil, mədəniyyət, gənclər mübadiləsi və humanitar proqramlar xalqlar arasında uzunmüddətli sosial etimadı gücləndirir. Bu xətt münasibətlərin gələcək nəsillər üçün də dayanıqlı qalmasını təmin edir.
Prezident İlham Əliyevin Gürcüstana son səfəri göstərdi ki, Bakı–Tbilisi münasibətləri artıq klassik diplomatik əlaqələr çərçivəsini aşaraq Cənubi Qafqazın sabitlik, enerji təhlükəsizliyi və regional inteqrasiyasının əsas modeli statusunu qazanıb.

Bu strateji xəttin gücü ondadır ki, burada siyasət, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlıq vahid sistem kimi işləyir. Qarşıdakı dövrdə məhz bu model regionda uzunmüddətli sülhün və rifahın əsas təminatçılarından biri olacaq”.

Mürtəza

Избранный
9
3
azreform.info

4Источники