RU

Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu SƏMƏD VƏKİLOV YAZIR

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Daha bir yurd həsrətli ziyalımız dünyadan köçdü. Bu gün haqqında söhbət açacağımız ziyalımız Qərbi Azərbaycanın Ağbaba elinin Kiçik Təpəköy kəndində dünyaya göz açmış Şiviloğulları nəslinin dəyərli övladı İsgəndər İsmayıl oğludur. Onun mənsub olduğu Şiviloğulları nəsli Qarapapaq türk boyunun bir qoludur.

Kimdir Şiviloğulları?

Bu nəsli 16-cı əsrdə Qanuni Sultan Süleyman dönəmində Bahadır bəyin başçılığı ilə Qarabağdan Qazağa, oradan Borçalıya, Ahıskaya, nəhayət, Anadoluya köç ediblər.

Hərbi keçmişə malik olan Şiviloğulları Çıldır bölgəsində məskunlaşaraq ərazinin rus və ermənilərə qarşı müdafiəsinə mühüm töhvələr vermişlər.

Zamanla Ağrı, Muş, Vakfıkebir, Sivas, Ərzurum, Reyhanlı bölgələrinə dağılaraq Ağrıda Şiviloğulları Bahadır, Bağatır və Baltaçı soyadlarını, Çıldırda isə Koca soyadını daşıyıblar.

Türkiyədə hərbi sahədən başqa millət vəkili və bələdiyyə başqanı kimi mühüm postlar da tutublar. Belə ki, Qəhrəman bəyin oğlu Mehmet Rüstəm Bahadır Qars millət vəkili və bir müddət Qars bələdiyyə başqanı vəzifələrində çalışıb.

İsgəndər İsmayıl oğlu isə Şiviloğullarının Qərbi Azərbaycanın Ağbaba mahalında yaşayan nümayəndələrindəndir. Şiviloğullarının ata-baba ocağı olan Kiçik Təpəköy kəndi Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində yerləşsə də sonrada Ermənistan (Qərbi Azərbaycan) sərhədləri daxilində qalmışdır.

Toponim Azərbaycan dilində “kiçik dağ, dağ” mənasında işlənən təpə sözü ilə müasir türk dilində “kənd” mənasında işlənən “köy” sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Böyük” fərqləndirici əlamət bildirir. Sonralar Böyük Təpəköylə yaxınlığındakı Kiçik Təpəköy kəndləri birləşdirilmiş və Təpəkənd adlandırılmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Berdaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Ağbaba elinin dəyərli övladı İsgəndər İsmayıloğlu bütün həyatını xalqın maariflənməsinə həsr etmiş bir ziyalıdır. O, 12 yanvar 1938-ci ildə Ağbaba elinin Kiçik Təpəköy kəndində anadan olmuşdur. Atası İsmayıl Mikayıl oğlu 1941-ci ilin payızında İkinci Dünya müharibəsinə yola düşmüş 28.09.1942-ci ildə Şimali-Qafqazda gedən döyüşlərdə həlak olmuşdur. Onu da qeyd edək ki, İsmayıl Mikayıl oğlunun özündən başqa 3 qardaşıda II Dünya müharibəsinin qurbanı olmuşlar. İsmayıl kişinin tək yadigarı olan İsgəndər müəllim anası Qızlarbəyi xanım və ata nənəsi Güləbatın xanımın himayəsində böyümüşdür. O, Kiçikç Təpəköy kənd 7 illik məktəbini bitirəndən sonra Güllücə kənd orta məktəbində təhsilini davam etdirərək 1956-cı ildə orta təhsil başa vurmuşdur. 1957–1960-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1960–1968-ci illərdə kolxozda tabelçi və ilk partiya təşkilatının katibi vəzifəsində işləmişdir.

Müəllim olmaq arzusu ilə hazırlaşıb sənədlərini 1962-ci ildə ADPU-nun (keçmiş APİ) ibtidai təhsil fakültəsinin qiyabi şöbəsinə təqdim etmiş və qəbul olunmuşdur. 1966-cı ildə oranı bitirib, ali pedaqoji təhsil almışdır. Elə ali məktəbə qəbul olduğu ildən yeni istifadəyə verilmiş Kiçik Təpəköy kənd orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamış və 1988-ci ilədək orada çalışmışdır. İsgəndər müəllim rayonun adlı-sanlı ibtidai sinif müəllimlərindən olmuşdur. Anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq 1988-ci ildə RXMŞ tərəfindən fəxri fərmanla təltif edilmişdir. Valideynlər və şagirdlər arasında dərin nüfuzu vardı. Onun vaxtı ilə dərs dediyi şagirdlərin bir çoxu təhsillərini davam etdirib savadlı və bacarıqlı mütəxəssislər oldular. Onların arasında özlərini elmə həsr edən şəxslər və digər peşə sahibləri də var.

1988-ci ildə məlum hadisələrlə bağlı olaraq onun ailəsi də Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmış və o, pedaqoji fəaliyyətini 81, 22 saylı tam orta məktəblərdə davam etdirmişdir. 2013-cü ildən təqaüdə çıxmışdır. O, 8 mart 2026-cı ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

İsgəndər müəllim respublikanın hörmətli hüquqşünaslarından olan Əziz Hüseynovun qızı Savad xanımla ailə həyatı qurub. Onların bu nikahdan 8 övladı dünyaya gəlib. Övladlarının hamısı ali təhsillidir. Oğlanları Alxas mühəndis, Sabir bank işçisi qızları Rəsmiyə şairədir (iki şeir kitabı çap olunub). İsgəndər müəllimin oğlu Zakir İsmayılov vaxtıilə Amasiyada dövlət orqanlarında çalışmış, Azərbaycanda kitabxanaçılıq işini dərindən bilən azsaylı mütəxəssilərdəndir. Müxtəlif istiqamətlərdə bir sıra elmi məqalələrin müəllifi və dövlət qulluğunun baş müşaviridir.

İsgəndər müəllimin kiçik oğlu Mənsur İsmayılov Türk dünyasının tanınmış riyaziyatçılarındandır.O, uzun illərdi Türkiyənin Qəbzə Universitetinin professor kimi çalışır.

2002-ci ilin noyabr ayından Qəbzə Texniki Universidetinin dəvəti ilə burada çıalışmağa başlamışıdir. 2013-cü ildən professor elmi tituli almlşdır. 2017-ci ildən indiyədək həmin universitetdə riyaziyyat bölümünün başqanıdır.

Elmi fəaliyyəti dövründə əsasən xarici - ingilisdilli elmi jurnallarda məqalələri dərc edilməkdədir. 150-dən artıq elmi məqalənin və 3 kitabın müəllifidir. Mütəmadi olaraq elmi konfranslarda (Moskva, Sankt-Peterburq, Kiyev, Almatı, Tibilisi, Strasburq, Brüssel) iştirak edir və elmi məruzələrlə çıxış edir.

Şiviloğulları ocağının dəyərli övladı İsgəndər müəllimə həsr edilmiş bu yazı onun həyat hekayəsinin az bir hissəsini əhatə etməklə parlaq ruhuna kiçik bir töhvədir. Ruhun şad olsun İsgəndər müəllim!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
icma.az

3Источники