RU

Belçika kraliçasının tacını ələ keçirən sovet naziri - general Serovu baronessa Park ifşa edib

Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Nikita Xruşov qarşısında dayanan və müharibədə iştirak edən general İvan Aleksandroviç Serovu vəzifəsinə baxmayaraq təhqir edib. Xruşov üzünü ona tutaraq qəzəblə qışqırıb və yumruğunu masaya çırpıb: “Tac haradadır, Serov? Arvadının başındadır?!”

Dövlət təhlükəsizlik komissarı bu ifadələr qarşısında susub. İnkar etmək isə faydasız olub; Şvernikin “Serovun cinayətkar fəaliyyətinin faktları haqqında” adlı qeydi Xruşovun masasının üstündə olub və Belçika səfirliyi artıq kraliçanın diademini kimin saxladığını bilib. Bu səhnəni yazan tarixçi Gennadi Sokolov iddia edib ki, məhz bu söhbətdən sonra dövlət təhlükəsizlik xidmətinin qüdrətli rəhbəri həyatında ilk dəfə uduzduğunu anlayıb. Amma Belçika kraliçasının Moskva yaxınlığında torpağa basdırılan brilyantlı tacının Rusiyaya gətirilməsinin tarixçəsi 13 əvvəl məğlub edilmiş Almaniyadan başlanır.

39cdb6b2-1d8f-4d48-ae02-309d70156198.jpeg

1945-ci ilin may ayında təhlükəsizlik generalı İvan Serov özünü Almaniyanın ağası kimi hiss edib. O, “NKVD”-nin nümayəndəsi olaraq, Göbbelsin keçmiş malikanəsində məskunlaşıb və “əməliyyat fəaliyyətinə” başlayıb. Stalin ona nasist liderlərini, Reyxsbankla yanaşı, Fürerbunkeri də ələ keçirmək tapşırığını verib. Reyxsbankın xəzinələrində pul kisələri aşkar edilib və general onları ehtiyatla yoxa çıxarıb. Səksən milyon marka puldan yetmiş yeddi milyonu "əməliyyat ehtiyaclarına" xərclənib və general heç kimə bu ehtiyacların nə olduğunu izah etməyib.

Onun tabeliyində olan Xrenkov daha sonra istintaq zamanı ifadəsində bildirib: “Serov başqalarının mallarına acgöz bir adam olaraq Polşada qiymətli əşyaların və əmlakın mənimsənilməsi ilə məşğul olmağa başlamışdı”. General hələ Lodzda olarkən malikanələrdən Moskvaya bir vaqon “qənimət” göndərib və onun həyat yoldaşı Vera İvanovna həmin qatar vaqonunu gömrüksüz keçid haqqında sənədlə müşayiət edib.

ec8f61d7-b614-4412-a63e-b15eb81dc9f4.jpeg

Babelsberqdə admiral Roderin malikanəsindən Serov mərmər buxarının çıxarılmasını və Moskvadakı mənzilinə quraşdırılmasını əmr edib. Polşa və Almaniyada ona “Qorxunc İvan” ləqəbi verilib. Serovun macəralarını araşdıran daxili işlər naziri Dudorov qeyd edib ki, “Potsdam və Berlindəki alman aristokratlarının malikanələrindən götürülmüş çox sayda mebel, bahalı süfrə qabları, büllur, rəsm əsərləri, xalçalar, baron ailəsinin gümüş qabları, qobelenlər və bir çox digər bahalı antik əşyalar” Almaniyadan aparılıb. Bütün bu malların daşınması üçün 51 qatar lazım olub.

Lakin bütün bu xəzlər və kristallar arasında unikal zərgərlik incisi yer alıb. Mərkəzində təxminən altı karat ağırlığında böyük bir daş olan, burulğanlar və çiçək motivləri ilə örtülmüş platin diadem Belçika kraliçası Elizabatə məxsus olub. Kraliça onu I dünya müharibəsindən əvvəl fransız Kartye evindən sifariş edib və o vaxtdan sonra həmin tac Avropa kral ailəsinin ən incə zərgərlik əşyalarından biri hesab olunub. Hitler 1940-cı ildə Belçikanı işğal etdikdə, tac yoxa çıxıb: ya Göring, ya da onun əlaltılarından biri tərəfindən götürülüb.

3c8b4c51-803e-4c13-a4fa-f0d42fa915f0.jpeg

Beş il sonra tac Stalinin əmri ilə Berlinin zirzəmilərini sökən bir adamın əlinə keçib. Serov gizlicə “Monomax papağı” adlanan brilyant tacı oğurlayıb, özünə götürüb və onu Moskva yaxınlığındakı Arxangelsk kəndindəki bağ evinin yaxınlığında torpağa basdırıb. Almaniyanın şərqində dislokasiya edən işğalçı sovet qoşunlarının hərbi şurasının üzvü, iqtisadi məsələlərə cavabdeh olan general-leytenant Konstantin Telegin yağmalamaya qarşı olub. “Hərbi şuranın icazəsi olmadan Almaniyadan heç nə çıxarıla bilməz”, - deyə o, Serova müraciət edib. Serov qulaq asıb, başını tərpədib və öz bildiyini edib. Dudorovun yazdığı kimi, “Serov 1945-ci ilin noyabrında Almaniyadan Beriyaya məktub göndərib, bundan sonra general Telegin dərhal həbs olunaraq düşərgəyə salınıb”.

c52b72d9-ea90-416d-b326-bffab9ebf84f.jpeg

Brüsseldə isə itən tacı unutmayıblar. Xarakterli qadın olan Belçika kraliçası Elizabet (Qərb jurnalistləri onu sosialist ölkələrinə səfərlərinə və Moskva ilə dostluğuna görə “Qırmızı kraliça” adlandırıblar) ailə cəvahirindən ayrılmaq niyyətində olmayıb. Axtarışlar nəticəsiz olsa da, kömək gözlənilməyən yerdən gəlib. Moskvadakı Britaniya səfirliyində ikinci katib kimi qeydiyyata alınan, lakin əslində MI6-da işləyən (qəzetlər sonradan onu "ətəkli Ceyms Bond" adlandırıblar) Dafna Park hiylə işlədib. O, telefonu götürüb, Belçika səfirliyinə zəng edib və ucadan tanıdığı bir diplomata itmiş tacın bu yaxınlarda general Serovun həyat yoldaşının başında görüldüyünü bildirib.

Sonradan baronessa olan Park həmin vaxt telefonda danışılan hər sözün Lubyankada qeydə alındığını çox yaxşı bilib. Xruşov məlumatı aldıqdan sonra qəzəblənib. 1958-ci ilin yazında Belçika kraliçası Elizabet “Beynəlxalq Çaykovski müsabiqə”sinin fəxri qonağı kimi Moskvaya uçub (onu Voroşilov şəxsən dəvət edibmiş). Tarixçi Sokolovun sözlərinə görə, məhz o zaman tac Belçika tərəfinə təhvil verilib və hər iki tərəf bu barədə susmağa razı olub.

df2d743a-54a6-4cba-af0d-2f203de30c63.jpeg

Serov üçün briliant tac hekayəsi uzun və qarşısıalınmaz bir enişin başlanğıcı olub. General öncə vəzifəsini, sonra rütbə və medallarını itirib. İvan Aleksandroviç ömrünün qalan 25 ilini sükut içində, unudulmuş halda yaşayıb. 1990-cı ilin yayı onun son yayı olub, 85 yaşına cəmi iki ay qalmış Serov dünyadan köçüb. O, heç vaxt bəraət qazanmayıb, partiya üzvlük vəsiqəsini, “Qızıl ulduz” medalını geri ala bilməyib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Избранный
24
musavat.com

1Источники