RU

Bu şəxslərə kredit verilmir SƏBƏB

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bankdan imtina alanların son sığınacağı BOKT-lar olsa da, bu, hər kəs üçün "yaşıl işıq" demək deyil. Son günlər BOKT-dan kredit götürənlərin bank qapısından əliboş qayıtması halları maliyyə sektorunda əsas müzakirə mövzusuna çevrilib. Bir çoxları bunu qanuni qadağa hesab etsə də, əslində məsələnin kökündə bankların daxili sirləri və risk analizləri dayanır.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, bank olmayan kredit təşkilatlarının (BOKT) əsas müştəri seqmentini adətən banklardan imtina almış şəxslər təşkil edir. "Bankların kreditdən imtina qərarı isə onların daxili kredit və risk siyasəti əsasında formalaşır. Bu zaman müştərinin Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan məlumatları, gecikmələri, kredit tarixçəsi, digər banklar üzrə borc öhdəlikləri, həmçinin ödəniş davranışı və maliyyə intizamı nəzərə alınır. Bu meyarlara əsasən müştəriyə ya kredit verilir, ya da imtina olunur. Bəzi hallarda isə müştərinin ödəmə qabiliyyətini yoxlamaq məqsədilə ona daha kiçik məbləğdə “sınaq krediti” təqdim edilə bilər".Ekspert bildirib ki, BOKT-lar isə əsasən banklardan imtina almış müştərilərə yönəlir, lakin onların kredit şərtləri banklarla müqayisədə daha sərt olur. "Bunun əsas səbəbi bu təşkilatların vəsaiti daha baha mənbələrdən cəlb etməsidir. Banklar vəsaiti Mərkəzi Bankdan, beynəlxalq təşkilatlardan və investisiya fondlarından daha aşağı faizlə əldə edə bildiyi halda, BOKT-lar bu imkanlara daha məhdud çıxışa malikdir və nəticədə kreditləri daha yüksək faizlə təqdim edirlər. Eyni zamanda, BOKT-dan kredit götürmək bankdan avtomatik imtina almaq demək deyil. Banklar üçün əsas meyar müştərinin ödəniş davranışıdır. Yəni fərqi yoxdur, şəxs krediti bankdan, BOKT-dan və ya lombarddan götürüb, əgər bu məlumat MKR-də qeydiyyata düşübsə, əsas diqqət onun öhdəliklərini necə yerinə yetirməsinə yönəlir. Müştərinin kredit tarixçəsi, gecikmələrinin olub-olmaması və ümumi skorinq göstəriciləri kredit qərarına birbaşa təsir edir".Onun sözlərinə görə, bundan əlavə, kreditin verilməsinə təsir edən amillərdən biri də müştərinin iş yeridir. "Əgər şəxs kiçik, bazarda az tanınan və ya qeyri-sabit təşkilatda çalışırsa, bu, risk faktoru kimi qiymətləndirilə bilər və kreditdən imtinaya səbəb ola bilər. Böyük dövlət və ya iri özəl müəssisələrdə çalışan şəxslər isə adətən daha etibarlı hesab olunur və onların kredit alma şansı daha yüksək olur. Banklar bu baxımdan müxtəlif seqmentasiyalar tətbiq edir və müştərinin işlədiyi quruma, iş stajına və gəlir sabitliyinə görə fərqli məbləğlərdə kreditlər təklif edir. Bəzi hallarda isə daha kiçik məbləğlərlə başlanılır və müştəri müsbət tarixçə formalaşdırdıqdan sonra daha iri kreditlərə çıxış əldə edir. Ümumilikdə, qanunvericilikdə kreditin verilməsi və ya verilməməsi ilə bağlı birbaşa məhdudiyyətlər mövcud deyil. Bu məsələ əsasən bankların daxili risk, kredit və satış siyasəti ilə tənzimlənir. Əgər risklər qənaətbəxş hesab olunursa, kreditin verilməsi məqsədəuyğun sayılır, əks halda isə imtina qərarı qəbul edilir. Yəni kreditlə bağlı məhdudiyyətlər daha çox bankdaxili meyarlara əsaslanır".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
demokrat.az

1Источники